"Quranın işığı mənim dünyaya baxışım oldu..."
Türkiyənin Burdur şəhərindən olan, görmə qabiliyyətini itirmiş 67 yaşlı qadın Quranın hafizi olub. Xədicə Can qocalmasına baxmayaraq Müqəddəs Yazıları əzbər öyrənə bilib.
Cenub.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Burdur müftisi Ənvər Türkmən imtahandan uğurla keçən müsəlman qadına hafizlik vəsiqəsini təqdim edib. Müftinin sözlərinə görə, Xədicə Can böyük zəhmətlə 13 ildə təhsilini başa vurub.
Can xəstəlikdən sonra erkən uşaqlıqda görmə qabiliyyətini itirib. O, gənc yaşlarında radio və televiziyada Müqəddəs Kitabın oxunduğunu eşidəndə Quranı öyrənmək arzusunda olub.
“2002-ci ildə hafizlik təhsili alanda mənim 47 yaşım var idi. Təhsil aldığım müddətdə anamı, atamı və qardaşımı itirdim. Qardaşım onların ölüm xəbərini mənə verməyib ki, dərs prosesim yarımçıq qalmasın. Ona görə də valideynlərimin dəfnində belə, iştirak edə bilmədim. Zəif görmə məni heç vaxt məyus etməyib. Quran sevgisi mənə bütün maneələri dəf etməkdə kömək oldu. Quranın işığı mənim dünyaya baxışım oldu”, – deyə müsəlman qadın deyir.