Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kasıb dövlətliyə niyə ölüm arzulayır?


İnsan ölümü faciəli, son dərəcə kədərli hadisə olsa da ona verilən reaksiyalar bəzən fərqli olur. Vaxtı ilə yüksək vəzifə tutmuş müəyyən qədər var-dövlətli, imkanı olan adamların ölümü bəzi hallarda fərqli reaksiyalara səbəb olur. Az sayda olsa, bu hadisəyə və ölümə sevinənlər, digər imkanlı şəxslərin də eyni aqibəti yaşamasını arzulayanlar var. 

Buna səbəb nədir? Kasıblar niyə varlıların ölümünü arzulayır?

Psixoloq Gülnar Orucova Yenisabah.az-a açıqlamasında deyib ki, bunu hər bir kasıb təbəqədə olan insana aid etmək olmaz:

“Bu o demək deyil ki, varlılar və ya vəzifə sahibləri dünyasını dəyişəndə hər hansı bir kasıb təbəqənin üzvləri sevinir. Ötən əsrə nəzər yetirsək xalqımızın Zeynalabdin Tağıyevin ölümünü necə faciə ilə qarşıladığını görə bilərik. Şərəfi, ləyaqəti, mənəviyyatı olan bir insan Zeynalabdin Tağıyevin ölümünə sevinə bilməz. Həqiqətən də bu şəxs Azərbaycan üçün dəyərli bir insan olub.

Amma bu gün insan vəzifəyə gələndə tamamən dəyişir. Psixologiyada var ki, vəzifəyə gələn şəxs müəyən mənada dəyişir. Yəni əvvəlki ətrafı ilə daha yaxın münasibətdə olmaya bilər. Lakin xarakter olaraq insan həmin insandır. Vəzifəsindən sui-istifadə edəndə, kasıb təbəqəni əzməyə, alçaltmağa çalışanda insanlar onun ölümünü arzulayır və onun ölüm halı gerçəkləşəndə sevinməyə başlayır. Düzdür, heç bir halda insanın ölümü üçün sevinmək doğru hal deyil”.

Psixoloqun sözlərinə görə, insanlar yaxınlarının onları görməməzliyə vurmasını qəbul edə bilmirlər:

“Bu dünyadan o dünyaya aparacağımız yeganə var-dövlət əməllərimizdir. İnsan hər iki dünyada əməllərinə görə tanınır və mükafatlandırılır. Əgər bu dünyada pis əməl ediriksə, kasıbı əzib, vəzifədən sui-istifadə ediriksə, bizə dəstək olan insanları incitməyə çalışırıqsa, bu düzgün deyil. Bu halda qürurlu insanlar bunu qəbul edə bilmirlər. Bu qürur onun əvvəlki vəziyyəti ilə indikini müqayisə edir. Deyir ki, bu kim idi ki, vəzifəyə gələndən sonra bizi tanımadı... 

O insana kin, nifrət duyğusu yarandısa, ölümünü, əlbəttə, istəyəcəklər. Çünki bu hiss ancaq pislik arzulayır. Bu gün vəzifəli şəxslərin insanlara münasibəti pisdirsə, yaşadığı həyat insanları aqressivləşdirirsə və ya fərqli münasibət sərgiləyirsə, həmin şəxsin ölümünü kasıb təbəqə arzulayacaq”.

G.Orucova qeyd edib ki, nə olursa-olsun kreslonun əbədi olmadığını anlamalıyıq:

“Həmişə bir şeyi düşünməliyik, kim oluruqsa-olaq, harada oluruqsa-olaq, kreslo əbədi deyil. İnsan həmişə dönüb keçmişinə baxmalıdır. Keçmişinə baxanda irəliyə daha uğurla addımlayır. İrəliyə çatanda da zirvənin dəyərini bilir. Bəzən görürük ki, seçilənə qədər nə vədlər verirlər. Amma seçildikdən sonra sanki bu insanı tanımırlar.

Düşünürəm ki, heç kəsin ölümünə sevimək, pis nəyisə arzulamaq olmaz. Heç vaxt özüvə rəva bilmədiyini başqalarına görməməlisən. Çünki insan nəyi düşünüb, arzulayırsa, onun özünə geri dönüş edir. Nələrsə olsa belə çalışmalıyıq ki, arzularımızı, xəyallarımızı, yaşadıqlarımızı, duyğularımızı idarə edə bilək. Başqası haqqından danışdığımız bir şey özümüzə geri dönəcək. Ağzımızdan çıxan sözlərə diqqət etməliyik. Çünki bunların hamısı enerji şəklində bizə geri dönür. Ona görə yaxşı düşünün ki, hər şey yaxşı olsun”.  

Nəzrin Vahid





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10