Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kiçik Venesiya, “buz” kafesi, hardan gəldiyi bilinməyən tutuquşular – Bakıda istirahət üçün 10 fərqli məkan


Bakıda istirahət edə biləcəyiniz 10 məkanın siyahısını və onlar haqda məlumatı təqdim edirik.
Mərkəzi park

Köhnə Sovetski ərazisində salınmış bu park piknik həvəskarları üçün ideal məkandır. Bir çox parkdan fərqli olaraq Mərkəzi Parkın ot örtüyü mərmər döşəmələri üstələyir. Parkın yuxarı hissəsindən Bakı şəhərinin mənzərəsini də seyr etmək mümkündür.


Nəbatat bağı
Bu bağda istirahət etmək, dostlarla vaxt keçirməklə yanaşı, bol-bol təmiz hava qəbul edəcəksiniz. Nəbatat bağında müxtəlif növ yerli və xarici bitkilər əkilib. Belə rəngarəng məkanda keçirəcəyiniz vaxtın sizə xoş təəssürat bağışlayacağından əmin ola bilərsiniz.

Dədə Qorqud parkı
“Gənclik” metrostansiyası yaxınlığında, Bakı Zooparkı ilə yanaşı yerləşən Dədə Qorqud parkında da gözəl zaman keçirəcəksiniz. İstirahətinizə rəng qatacaq süni göl, təbii göllərdən heç də geridə qalmır. Hətta bu göldə kiçik qayıqlarla su gəzintisi də edə bilərsiniz.

Mərdəkan Dendrarisi
Bir əsr yaşı olan park sovet rejimi qurulmazdan əvvəl, 1890-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub. Parkın tonlarla torpağı Lənkərandan gətirilib. Olduqca zəngin floraya sahib parkda piknik etmək üçün gözəl təbiət, təmiz hava və ən əsası icazə var.

Gənclik parkı
Xətai rayonunda yerləşən parkda ziyarətçilər üçün xüsusi piknik məntəqələri salınıb. Parkda “Ürəklər” adlı kompozisiya yaradılıb, həmçinin bağlı və açıq futbol meydançaları inşa olunub. Qarşınıza qaçış üçün cığırlar və velosiped yolları da çıxacaq. Özünüzü şəhərin gərginliyindən təcrid etmək istəyirsinizsə, bu avropasayağı məkan sizin köməyinizə çatacaq.

Bakı Bulvarı
Dənizin sahili, cürbəcür atraksionlar, ticarət mərkəzi, velosiped yolları, idmansevərlər üçün quraşdırılmış məşq avadanlıqları, Venesiyanı xatırladan kiçik şəhərcik və daha nələr, nələr. Dincəlmək üçün başqa nə lazımdır ki? Dənizkənarı Milli Park Bakı sakinləri və şəhərin qonaqlarının dincəlməsinə xidmət etmək üçün hər cür imkana malikdir. Parkın yaşıllıq zolağı xeyli genişdir. Burada palmalar, baobablar, kaktuslar və başqa gül növləri də əkilib. Şübhəsiz, Bulvar Bakı sakinlərinin və şəhərin qonaqlarının əvəzolunmaz məkanlarından biridir.

Zabitlər parkı
Əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Bəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub. Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi “buz” kafesi də var.

Sahil bağı
Sovet dövründə salınan bu park əvvəllər “26 Bakı komissarı meydanı” kimi tanınırdı. Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu park tarixi tikililərlə əhatə olunub.

Böyükşor bulvarı
Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir.

Filarmoniya bağı
Filarmoniya bağı bakılıların və paytaxtın qonaqlarının sevimli istirahət yerlərindən biridir. Maraqlıdır ki, burada ağacların çətirində bir çox illərdir Azərbaycan faunasına xas olmayan, haradan gəldiyi bilinməyən tutuquşular məskən salıb. Parkda Dövlət Filarmoniyası, gəzintidən sonra istirahət edə biləcəyiniz çoxsaylı köşk, kafe və restoranlar yerləşir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10