Şəhidlərimiz haqqında Təbrizdə kitab nəşr olunub
Yazıçı -jurnalist Nurəddin Ədiloğlunun bu günlərdə Təbriz şəhərində “Behişt zəvvarları” adlı kitabı işıq üzü görüb. Bu barədə müəllifə Zəncan Universitetinin professoru, Tehranda nəşr olunan “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru Hüseyn Şərqi DƏRƏCƏK - SOYTÜRK xəbər verib. Təbriz şəhərinin “Aydın” nəşriyyatında işıq üzü görən yeni kitabına müəllifin Azərbaycanın qəhrəman övladlarının həyat hekayəsindən bəhs edən məqalələr toplusu daxil edilib.
Kitabı əski Azərbaycan əlifbasına Solmaz xanım Vəlipur və Elmira Zəncani çeviriblər. Xatırladaq ki, “Behişt zəvvarları” müəllifin ölkəmizdən kənarda nəşr olunan sayca dördüncü kitabıdır. Ankarada, Tehranda və Təbriz şəhərlərində nəşr olunan bu kitabların hər birində yazıçının bədii əsərləri ilə yanaşı, Azərbaycan xalqının Qarabağ uğrunda haqq savaşından bəhs edən sənədli yazıları daxil edilib. “Behişt zəvvarları” publisistik kitabında isə Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olmuş ağcabədili Etibar İsmayılov, 2016 -cı ildə Aprel və 2020-ci ildə Tövuz döyüşlərinin iştirakçısı, “Akula” ləqəbli kəşfiyyatçısı, Masallının Ərkivan qəsəbəsindən olan şəhid mayor Anar Novruzov, 44 günlük Vətən müharibəsinin şəhidləri - naxçıvanlı baş leytenant Fuad Əlizadə, lənkəranlı məşhədi Orxan Dadaşlı və canlarını Vətən uğrunda fəda edən digər şəhidlərimizin döyüş yolu və qəhrəmanlığı ilə tanış olacaqlar.