Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranla barışdıqmı?


Əliyev - Rəisi görüşünə sözardı 

İqtsadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammitində Azərbaycan və İran dövlət başçıları İlham Əliyev və İbrahim Rəisi arasında görüş olub. Görüşdən sonra İlham Əliyevə yaxınlaşan iranlı jurnalistlər ona suallar ünvanlayıblar. İ.Əliyev görüşün dost-qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsininin göstəricisi olduğunu və tarixi sənədlərin imzalanığını deyib. Bunun ardınca İran xarici işlər naziri Hüseyn Əmir Abdollahian mətbuata bildirib ki, iki ölkə rəhbərinin iradəsi münasibətləri inkişaf etdirmək yönündədir. 

Göründüyü kimi, hər iki tərəfin dilindən səslənən ifadələr yeni mərhələnin başladığını deməyə əsas verir. Ancaq bu “yeni mərhələ” hansı siyasi bünövrə üzərində qurulacaq? “İran-Azərbaycan münasibətlərinin inkişafı” nə deməkdir? İranın bölgə ilə bağlı siyasəti nədir və Azərbaycan bu siyasəti qəbul edirmi?  

Nəyi ayırd etməli? 

İran-Azərbaycan münasibətlərinin protokol hissəsindən kənarda, bir də, faktiki tərəfi var. Buraya İranın Azərbaycana “ixrac etdiyi” təşkilatlanmış dini təmayül, Ermənistanla rəsmi yaxınlığından yaranan gərginlik, Azərbaycanın müstəqil, güclü və demokratik ölkə kimi gəlişməsinin Tehranın maraqlarına vura biləcəyi zərbələr, Güney Azərbaycanda yaşayan on milyonlarla azərbaycanlı-türkün İranın Azərbaycan siyasətinə təsirləri və s. daxildir. Üstəlik, Azərbaycanın İsrail dövləti ilə siyasi, mədəni və hərbi əlaqələrinin möhkəm olması… İran da, Azərbaycan da bu tarazlığı daim düşünür. Azərbaycan iqtidarı və müxalifəti, İranın dini və dünyəvi sistemi bu məsələlərdə permanent hesablamalar aparır, dəyişənlər nisbətini nəzarətdə saxlayırlar. İranın Azərbaycan daxilində özünə çox ciddi ideoloji bağlılığı olan zümrə yaratdığı faktdır. Ancaq 44 günlük Vətən müharibəsinin gedişində və ondan sonra İranın davranışları, habelə, İsrailin Azərbaycana hərbi-texnoloji və siyasi dəstək verməsi İranı burada xeyli zəiflətdi. 

Fəqət, bir məsələ açıq qaldı: İran və Azərbaycan arasındakı sərhəd qalmaqalı necə yekunlaşdı? Söhbət rəsmi “qardaşlıq” bəyanatlarından getmir təbii ki. İran Azərbaycanın İsraillə əməkdaşlığını tam həzm etdimi? Yaxud da, Azərbaycanın İsraildə mədəniyyət təmsilçiliyi açmasına bu qədər qəzəblənən Tehranın orada səfirliyimizin açılmasına reaksiya verməyəcəyi gözlənilirmi? İran Azərbaycanın bölgədə müttəfiqlik etdiyi ölkələrlə münasibətlərini təftiş etməkdən əl çəkəcəkmi? Türkiyənin Azərbaycanla yaxın əlaqələrini həzm etməyən İran rejimi Azərbaycanın Qərblə iqtisadi, gələcəkdə isə siyasi əlaqələrinin möhkəmlənməsini necə qarşılayacaq? Bu suallar cavabını almadan biz İranla əldə olunan razılaşmanı sadəcə, “soyuq müharibədə formal atəşkəs” adlandıra bilərik. Çünki İran indiki mərhələdə sözünü keçirə bilmədiyi reallığı ilə daimi barışa bilməz. Bu, Tehran rejiminin mahiyyətinə uyğun davranış tərzi deyil. 

Şübhəsiz ki, İran daha ciddi hazırlıqlar üçün “time out” götürüb. Rəsmi Bakı bu yaxınlaşma bəyanatlarından sonra hansı addımı atacaq? Xameneinin Azərbaycandakı faktiki nümayəndəsi Ocaqnejadı ölkəyə buraxacaqmı? İranın burada daha həlledici zərbə üçün güc toplamasına imkan verəcəkmi? Bunu artıq zamanla görəcəyik. Vaxt bizə göstərəcək ki, “mədəni əlaqələrin inkişafı” nə demək imiş. 

Seymur Həzi, pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10