Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlıda "FINDIQ MAXİNASİYASI"


Azərbaycanda qeyri neft sektorunun, xüsusilə də kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətində mühüm tədbirlərin görülməsi ölkə rəhbərinin qarşıya qoyduğu ən mühüm strateji fəaliyyət planıdır. Son illər bu yöndə müşahidə olunan sərəncam və qərarlar, bütün ölkəni əhatə edən hərəkətlənmələr və zəhmətsevərlik nümunələri ümidvericidir. Lakin, bir sıra rayonlarda müxtəlif təyinatlı torpaq sahələrinin əkilib-becərilməsi, torpaq sahələrinin və dövlət tərəfindən fermer təsərrüfatlarının inkişafına ayrılan subsidiyaların bölüşdürülməsi və xərclənməsi o qədər də şəffaf aparılmır.
"Demokratik.Az" saytı xatırladır ki, Aqrar Subsidiya Şurası cari il üzrə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2021-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakılar istisna olmaqla 2020-ci illə eyni saxlanılıb.

Fermerlərdən gələn təkliflər nəzərə alınaraq fındıq bitkisi üzrə dövlət dəstəyi Ağdaş, Tovuz, Tərtər, Şamaxı, Yardımlı rayonlarında salınan fındıq bağlarına da şamil ediləcək. Ötən il fındıq bitkisi üzrə əkin subsidiyası yalnız Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Şabran, Şəki rayonlarında salınan bağlara şamil edilirdisə, göründüyü kimi, bu il daha da stimullaşdırılıb.

Qarğıdalı, günəbaxan, soya, darı, yem üçün sorqo, kartof bitkiləri üzrə yay ayları (1 iyun-31 avqust) ərzində aparılacaq təkrar əkinlərə 60 manat/ha əkin subsidiyası,

6 növ meyvə bitkisi üzrə yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası ayrılıb.

Qeyd olunan birdəfəlik subsidiya 2021-ci ildə salınacaq limon bağlarına 11000 manat/ha, portağal, naringi bağlarına 9000 manat/ha, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınacaq nar bağlarına 5000 manat/ha, zeytun bağlarına 4900 manat/ha, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarına 4400 manat/ha təşkil edib.

İntensiv və yarıintensiv gərzəkli və digər meyvə bağları üzrə əkin subsidiya məbləği eyniləşdirilərək bağın salındığı ilk 4 il ərzində 700 manat/ha, digər illər üzrə 240 manat/ha olaraq ödəmələr həyata keçirilib.

Buğda bitkisi üzrə əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə 2020-ci ildə olduğu kimi 200 manat əkin subsidiyası verilib. Əkin sahələrinin 20 hektardan çox olan hissələrinə əkin subsidiyası məbləği isə 160 manat müəyyən edilib. Yonca bitkisi üzrə əkin subsidiya məbləği 2020-ci ildən fərqli olaraq 50 manat müəyyən olunub.

Aqrar Subsidiya Şurasının qərarına əsasən məhsul subsidiyası üzrə əmsallar, toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) 2020-ci ildə olduğu kimi saxlanılıb, toxum kvotası və tinglər üzrə illik kvota isə təsdiqlənib.

Demokratik.Az-a verilən məlumata görə, təkcə Yardımlı rayonu üzrə 100 hektarlarla dağlıq və dağətəyi ərazilərdə fındıq tinglərinin əkilməsi barədə formal sənədləşmələr həyata keçirilib. Bununla da rayondakı fındıq əkininə bir milyon manatdan artıq subsidiya ayrılıb. Lakin, konkret harada fındıq sahələri salındığına, hansı işlər görüldüyünə dair hesabata hələlik rast gəlinmir. Sakinlər yazıldığı miqyasda fındıq bağının mövcudluğuna inanmadıqlarını qeyd edirlər.

Eləcə də, rayon icra hakimiyyətinin kənd icra nümayəndələrinə zorla tütün əkdirdiyi, bu məqsədlə formal rəsmiləşdirilmələr aparıldığı iddia edilir. Əksər kəndlərdə insanların adına əkilən topraq sahələrindən yararlananlar əsl sahibləri deyil. Ucqar rayonun tamamilə büdcə asılılığında qaldığı, hesabatların xeyli şişirdildiyi deyilir.

O da bildirilir ki, əslində Yardımlıda əkinə heç bir münbit şərait yaradılmır. İcra başçısı Ayaz Əsgərovun kabinet məmuru olduğu, kəndlərin dərdlərindən xəbərsiz olduğu, iqtisadi-sosial inkişaf deyiləndə yalnız subsidiya ilə maraqlandığı deyilir.

Yardımlı İHB-nin saytında yer alan məlumatlardan da məlum olur ki, icra başçısının müavinlərinin qəbul etdikləri kollegial qərarlar da pozulur, verilən iqtisadi-sosial təhlillər və proqnozlardan irəli gələn öhdəliklər çox zaman yerinə yetirilmir.

Açıq məlumatlar üzrə araşdırma zamanı Yardımlı rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərarın icrasına və ilin yekun nəticəsinə dair heç bir ətraflı məlumata rast gəlinmir...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10