Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gəl, bizim dağlara gedək, ay müəllim!||--||



Təhsil Nazirliyi ucqar dağ kəndlərindəki orta məktəblərin kadr təminatı ilə bağlı tədbirlər planı hazırlayıb. Pedaqoji ixtisaslar üzrə ali təhsil diplomu olan və ucqar kəndlərdə işləmək istəyənlərə yüksək əmək haqqı, torpaq sahəsi və ipoteka kreditləri vəd olunur.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, plana əsasən, dövlət sifarişi əsasında ucqar dağ kəndlərindəki məktəblərdə çalışacaq müəllimlərə yaşadıqları yerdən məktəbə gedib-gəlmək üçün nəqliyyat xərcləri də ödəniləcək. Yaşayış şəraitini təmin etmək üçün isə onlar işləyəcəyi müəssisədə əməkhaqqının 2 misli miqdarında birdəfəlik yardım alacaq. Bundan başqa, həmin pedaqoji kadrlar kitab, dəftər və digər tədris ləvazimatları ilə də təmin ediləcək.

Nazirlikdə deyirlər ki, ucqar kəndlərə işləməyə gedən müəllimlərlə müqavilələr imzalanacaq. Müqavilənin şərtlərinə görə, gənc mütəxəssislər kənddə ən azı 3 il pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar. Bu müddət ərzində təkcə kommunal xərcləri ödəmək üçün onlara əmək haqqından əlavə 40 manat nəzərdə tutulub. Əgər dövlət sifarişi ilə ucqar kəndlərə göndərilən pedaqoji işçilərin iş yerləri rayon mərkəzindən 22 kilometr aralıda yerləşərsə, onun maaşı daha 70 manat artırılacaq. Mütəxəssislər 3 ildən sonra həmin kənddə qalıb işləmək istəsələr, güzəştlərə bir az da əlavələr ediləcək.

Dövlət sifarişi əsasında ucqar kəndlərin məktəblərində işləməyin daha bir üstünlüyü var. Belə ki, onlar təyinatlarını müsabiqədənkənar ala biləcəklər. Dağ kəndlərində boş müəllim yerləri barədə məlumatlar və şərtlər yaxın günlərdə Təhsil Nazirliyinin saytında yerləşdiriləcək. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10