
Buna baxmayaraq, cəmiyyətdə çox adam müğənnilərin həyatına, yaşayış tərzinə qibtə etsə də ulduzların çoxu övladlarının bu sahəni seçməsini istəmir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Yusif Mustafayev hər sahədə olduğu kimi müğənniliyin də çətin tərəfləri olduğunu etiraf edib:
“Bu dünyada asan iş yoxdur. Bütün sahələrdə müəyyən çətinlik, ağır məqamlar var. Adam gərək naşı olmasın. Amma mən sənətimi sevirəm, bizim sənətimiz çox gözəl sənətdir. Xalq olmasa mən nə edərdim? Hazırda Sabirabadda bir şəhidimizin anım günündə iştirak edirəm, gələn kimi əksər insanlar gəlib mənimlə görüşür, kef-əhvalımı soruşurlar. Bu nəyin sayəsindədir? Təbii ki, sevdiyim sənətimin. Mən sadə insan idim, Cəliləbadda kasıb bir ailədə dünyaya gəlmişdim. Məhz sevdiyim sənətimə görə gəlib bu yerlərə çıxmışam, bütün Azərbaycanda tanınıram, hər yerdə hörmətimi saxlayırlar”.
Sənətçi övladlarının səsi olduğunu, bu sahədə olmağı istəyəcəkləri təqdirdə onlara qətiyyən əngəl olmayacağını qeyd edib:
“Bütün bu hörmət sənətim sayəsindədir. Bu insanların sənətə, sənətçiyə verdiyi dəyərdir. Ona görə göydə Allahıma, yerdə sənətimə borcluyam və heç vaxt bu sahənin çətinliklərindən gileylənmərəm. Mənim balalarımın da yaxşı səsləri var, əgər onlar müğənni olmaq istəsəydilər, əngəl olmazdım. Əksinə, dəstək olardım. İnsanın çörəyinə, qazancına “şıllaq” atmağı düzgün deyil. Mənim sənətimdən narazılığım yoxdur, şükür Allaha, dolana bilirəm və razıyam”.
Əsmətxanım