Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ziya Məmmədovla bağlı beynəlxalq məhkəmə başladı


İsveçin paytaxtında Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovla onun müavini olmuş Arif Əsgərovu həbsə aparacaq məhkəmə işi başlayıb.

Hazırda məhkəmədə təqsirləndirilən şəxs 1 nəfərdir - Kanadanın “Bombardier” şirkətinin törəmə şirkətinin (“Bombardier Sweden”) keçmiş vitse-prezidenti Tomas Bimer. Amma prosesin gedişində təqsirləndirilən şəxslərin sayı arta bilər, cinayət işi üzrə məhkəmə araşdırmalarına Tomas Bimerə rüşvət vermiş azərbaycanlı məmurlar da cəlb oluna bilərlər.

2003-cü ildə “Bombardier” şirkəti ilə Azərbaycanın o zamankı Nəqliyyat Nazirliyi arasında Bakı-Böyük Kəsik dəmir yol xəttinin yenidən qurulması layihəsi çərçivəsində siqnal avadanlıqlarının təchizatını nəzərdə tutan müqavilə imzalanıb. Tomas Bimer həmin müqavilə çərçivəsində “bəzi azərbaycanlı məmurlara” “otkat” verməkdə ittiham olunur. Tomas Bimerə qarşı rəsmi ittiham bu ilin iyun ayında irəli sürülüb.

Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov başçılıq edirdi, o vaxt nazirliyin tərkibində olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri isə nazir müavini qismində Arif Əsgərov idi. “Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, ”Bombardier" şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub", - prokuror Staffan Edlund ittiham irəli sürülərkən jurnalistlərə demişdi.

Bildirilir ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkəti təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. “Otkat”ın ötürülməsi üçün aralıq şirkət olaraq Rusiya Dəmir Yollarının keçmiş tərəfdaşı Vladimir Yakuninin təsis etdiyi “Multiserv Overseas Ltd.” adlı offşor şirkətdən istifadə olunub. İndi Kanadanın “The Glob and Mail” qəzetinin müxbirinin Stokholmdan hazırladığı məqalədə deyilir ki, İsveç prokurorları “Bombardier” şirkətinin Kanada baş ofisinin rəhbərlərinin bu sövdələşmədən əvvəl müqavilənin kimlərlə imzalandığını yoxlamışdılar. Yəni onların korrupsiya sövdələşməsindən xəbərləri var idi. Prokuror Staffan Edlund bildirib ki, iş üzrə əldə edilmiş sübutlar “Bombardier” şirkətinin Monrealdakı baş ofisinin rəhbərlərinin həmin “Multiserv Overseas Ltd.” ilə kommersiya tərəfdaşlığına razılıq verdiyi qənaətinə gəlməyə əsas verir. Qəzet yazır ki, “Multiserv Overseas Ltd.” “Bombardier” şirkətinə Azərbaycanda 340 milyon dollarlıq kontraktı udmaq üçün istifadə edilən qurama şirkət idi. Bu şirkət həmçinin “Bombardier”in Rusiya, Monqolustan, Qazaxıstan və Türkmənistandakı layihələrində də iştirak edib. “Bombardier” lə “Multiserv Overseas Ltd.” arasında tərəfdaşlıq müqaviləsi Moskvada Rusiya Dəmir Yollarının o zamankı rəhbəri Vladimir Yakuninlə “Bombardier” şirkətinin direktorlar şurasının sədri Pyer Boduan arasında imzalanmışdı. “Bu, çox nəhəng sövdələşmə idi və Stokholm üçün həddən artıq böyük görünürdü. Bu iş korporativ səviyyədə görülüb”, - prokuror deyib. “Bombardier” isə indiyədək Azərbaycanla bağlı layihədə hər hansı korrupsiya sövdələşməsində iştirakını inkar edirdi.

Tomas Bimerə qarşı irəli sürülmüş ittihamda göstərilib ki, həmin korrupsiya sövdələşməsi əsasında 46 ədəd “Ebilock-950" siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan ”Multiserv Overseas" adlı şirkətə köçürülüb. 

Daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb. Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın “otkat” əldə ediblər. Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar.

Xatırladaq ki, ümumi dəyəri 350 milyon dollar olan həmin müqavilədən qiymətlərin kəskin şişirdilməsi və aralıq offşor şirkətlərdən istifadə olunması yolu ilə azərbaycanlı məmurlara 100 milyon dollar “otkat” ötürüldüyü bir neçə il əvvəl üzə çıxmışdı. Bu korrupsiya faktı böyük qalmaqala səbəb olub, “Bombardier” Kanada şirkətinin rəhbəri istefa verib. Və Dünya Bankı bu şirkətin iştirak etdiyi layihələrə kredit ayrılmasını dayandırıb.

“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]