Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir anda 736 faşisti məhv edən “satqın” – Stalin odessalı Çexoviçi Kremldə qəbul edib


O, nə vaxtsa qəhrəman olacağını heç xəyallarında belə canlandırmayıb. Uşaqlıq dövründə, məktəb illərində Konstantin Çexoviç uşaqların məhəllə davalarına da qatılmayıb, kitaba, təhsilə daha çox maraq göstərib, gələcəkdə mühəndis olmaq arzusu ilə yaşayıb. Amma müharibə onun həyatını tam fərqli bir istiqamətə yönəldib.
Konstantin Çexoviç 1918-ci ildə Odessada anadan olub. Orta təhsilini başa vurduqdan sonra Odessa Sənaye İnstitutunda ali təhsil alıb. 1939-cu ildə hərbi xidmətə çağrılıb.

Çexoviçin xidmət etdiyi 10-cu motoatıcı diviziya qərbi Belarusiyada yerləşib, daha sonra isə hərbi hissə Litvada dislokasiya olunub. Sovet-alman müharibəsi başlananda diviziya Pskov istiqamətində gedən hərbi əməliyyatlara cəlb olunub. Çexoviç üç ay davam edən döyüşlərdən sonra beş nəfərlik kəşfiyyat qrupu ilə almanların mühasirəsinə düşüb. Qrupda yeganə sağ qalan Çexoviç olub. Onu işğal olunmuş Pskov vilayətinin Porxov şəhərindəki əsir düşərgəsinə aparıblar.
jf-pmK3X8MU.jpg (50 KB)
Çexoviç düşərgədə çox qalmayıb. Bölgü və yerləşdirmə zamanı o, hamamın kiçik pəncərəsindən çıxaraq qaçmağa nail olub. Ətraf ərazilər tam işğal oldunğundan Çexoviç təhlükəsizliyini təmin etmək üçün Porxovdan kənara çıxmayıb.

Çexoviçin ali təhsilli olması, az-çox alman dilində bilməsi şəhərdəki alman komendaturasının zabitlərinin diqqətindən yayınmayıb. Əsir düşərgəsində isə qeydiyyata düşmədiyindən onun qaçması haqqında heç kimdə şübhə yaranmayıb. Komendaturada Çexoviçdən həm tərcüməçi, həm də ayrı-ayrı işlərin görülməsində istifadə edilib. Yerli sakinlər Çexoviçə satqın kimi baxıblar. Almanlar ona şəhərdə mənzil ayırıblar, ərzaq və geyimlə təmin ediblər, hətta daimi iş də veriblər. Çexoviç şəhərin mərkəzi kinoteatrında işləyib, kinoteatr bütünlükdə onun ixtiyarında olub. Almanların etibarını qazanan Çexoviç özü üçün rahat şərait yarada bilib, yerli sakinlərdən olan Yevdakiya Vasilyeva ilə ailə qurub. O, eyni zamanda saat təmiri ilə də məşğul olub və bu, ailənin büdcəsinə əlavə gəlir gətirib.
1-3-768x501.jpg (87 KB)
Bu rahat şəraitdə Çexoviç gələcək planlarını gerçəkləşdirmək üçün arada şəhərdən kənara çıxmalı olub. O, Leninqrad partizanları ilə əlaqəyə girərək Porxovda diversiya tərətmək üçün onlardan partlayıcı maddələr əldə edib. Bu işə Çexoviç aylarla vaxt sərf edib. Gizli meşə yolları ilə onlarla kiloqram trotilin şəhərin mərkəzində yerləşən kinoteatr binasına daşınmasında ona kinoteatrda işləyən 15 yaşlı xadimə qız kömək edib. Partlayıcı maddələr kinoteatr binasına daşındıqdan sonra Çexoviç onları sütunlar olan yerlərə yerləşdirib. Texniki təhsili olması bu işdə ona kömək edib.
13 yanvar 1943-cü ildə “Kinoteatr” əməliyyatı tam hazır olub. Çexoviç bir gün əvvəldən yenicə doğulmuş oğlunu və həyat yoldaşını şəhərdən çıxarıb. Həmin gün alman zabitlərinə Almaniyannın incəsənət ustalarından bəhs edən filmin nümayişi nəzərdə tutulub. Zalda bir yer də olsun boş qalmayıb. Film başladıqdan 15-dəqiqə sonra konoteatrın 3 mərtəbəli binası yerlə-yeksan olub. Partlayış nəticəsində 736 alman məhv olub. Onların arasında iki general, 50-dən artıq zabit olub.
270px-Константин_Александрович_Чехович.jpeg (58 KB)
Partlayışdan dərhal sonra ərazidə olan alman qoşunları bütün şəhəri ayağa qaldırıb. Sorğu-suallar nəticəsiz qalıb. Bir neçə gündən sonra dağıntılar arasında partlayışın əsas nöqtəsi olan yerdən qol saatı tapılıb. Almanlar şəhər sakinləri arasında saatın sahibini axtarmağa başlayıblar. Nəhayət, saatın sahibi tapılıb. O bildirib ki, saat həqiqətən də ona məxsusdur, amma bir həftə əvvəl onu təmir etmək üçün Çexoviçə verib. Beləliklə, diversiyanın “müəllifi” müəyyənləşib. Amma onu tapmaq mümkün olmayıb. Kinoteatr partlayan zaman Çexoviş velosipedlə Porxovu tərk edib.
Bir neçə saniyə ərzində 736 nəfəri məhv etmək sovet-alman müharibəsi dövründə qurbanların sayına görə rekord göstəricilərdən biri olub. Porxov diversiyası Dövlət Müdafiə Komitəsində müzakirə olunub, İosif Stalin Çexoviçi Kremlə dəvət edib.
Yeni il öncəsi Stalin Çexoviçi Moskvada qəbul edib, “İgidliyə görə” medalını ona şəxsən özü təqdim edib. Sonra Stalin iş masasının siyirtməsindən bir qutu çıxararaq Çexoviçə uzadıb:
2229164135.jpg (57 KB)
- Bu qutudakı saatdır. Elə düşünmə ki, onu sənə təmir etmək üçün verirəm. Yox, bu mənim sənə şəxsi hədiyyəmdir. Vlasikin də ( şəxsi mühafizəsinin rəisini nəzərdə tutub) sənə bir hədiyyəsi var. Yəqin ki, Porxovdan çıxanda körpənizin beşiyini götürməyə imkan tapmamasınız. Vlasik belə məsələlərdə diqqətli adamdır. O, sizin oğlunuz üçün beşik alıb.

Müharibədən sonra Çexoviç Odessaya qayıdıb. Şəhərin İliç rayonunun İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləyib. Ona Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı bir neçə dəfə təqidimat yazılsa da, məsələ müsbət həllini tapmayıb. Poxrovda isə partladılmış kinoteatr binasının yerindəki tikilinin üzərinə Çexoviçin xatirə lövhəsi vurulub.

Konstantin Çexoviç 1997-ci ildə vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10