Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlıda sahibkarı İNCİDƏN KİMDİR? - GİLEY


Yardımlı rayonunda yaşayan sahibkar Şəmsi Bədirov "Azərişıq ASC"-nin özbaşınalığı ilə üzləşib.
Bu barədə Demokratik.TV-yə videomaterial və vətəndaş şikayəti daxil olub.

Şəmsi Bədirov qurumun süründürməçiliyi və maddi maraqları ucbatından Yardımlı qəsəbəsində özünə məxsus ticarət obyektinə elektrik enerjisinin çəkilişinə nail ola bilmir. Dövlət qurumu vətəndaşın vəsaiti hesabına mağazasına 3 fazalı sayğac quraşdırsa da, süni və birokratik əngəllərlə sahibkarın 3 fazalı 10 klovoltluq elektrik enerjisinə qoşulmasına şərait yaratmaq istəmir. Buna səbəb kimi də sahibkara qurumdan bildirilir ki, mağaza ilə transformator arasında olan 200 metrlik məsafədə elektrik xəttinə qoşulma imkanları yoxdur. Yəni mağazanın sayğacı ilə transformatora olan məsafədə görülməli işlər, çəkiləcək kabel xətti abonentin şəxsi vəsaiti hesabna həyata keçirilməlidir.
Şikayətçinin bildirdiyinə görə, "Azərişıq" vətəndaşın qanunla qorunan mənafeyinə hörmətsizlik edərək bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq enerji təchizatı şəbəkəsinə qoşulmaq barədə Qaydanın tələblərini pozur. Həm də "Azərişıq" ASC-nin Asan xidmətlə iş mərkəzinin departamenti və qurumun hansısa "başbilənlər"i ona nağıllar danışır. Sahibkar hesab edir ki, sayğaca qədər olan məsafədə bütün qoşulma xərcləri Azərişığın abonentlərinə münasibətdə özünün görməli olduğu mühüm elektrik təchizatı öhdəliklərdir.
Videomaterialdan da aydın olur ki, qurum abonentin müraciəti əsasında ona sadəcə saygacla birlikdə 24 metr kabel xətti verməklə işini bitmiş hesab edib. Halbuki, obyektlə "Azərişıq" ASC-yə məxsus transfarmatorun arasında olan məsafədə hec bir kommunikasiyanın olmamasında günahı vətəndaş deyil, dövlət qurumu daşıyır. Vətəndaş heç bir halda sözügedən problemin həllinə fərd olaraq məcbur edilə bilməz. Sənədlər üzərində anoloji halların qarşısının alınmasına milyonların xərcləndiyini sənədləşdirənlərin bunu bilməməsi inandırıcı görünmür. Axı, sözügedən qurumun maddi-məsul vəzifə öhdəliklərini niyə sifarişçi öz üzərinə götürməlidir?
Hesab edirik ki, "Azərişıq" rəhbərliyi sahibkara qarşı əsassız tələbindən əl çəkməli, qurumun özünün üzərinə düşən vəzifə öhdəliklərini təcili yerinə yetirməlidir. Dövlət qurumu öz nöqsanını təcili aradan qaldırıb qanunlara sayğılı davranmalı, vətəndaş müraciətinə məmnunluğu təmin etməlidir.

Təəssüf hissilə onu da biz bildirək ki, anoloji problemlərdə tərəf kimi "ASAN" Xidmət Mərkəzlərinin də adı hallanır. Hansı ki, prezident cənab İlham Əliyev bu qurumu ölkədə şəffaflığın təmin edilməsi, vətəndaşlarımızın harın və rüşvətxor məmurlar tərəfindən incidilməməsi üçün yaradıb.
"Azərişıq"ın timsalında isə, qurumların bir çoxunun nümayəndələrinin "ASAN" xidmətin binasında əyləşib insanları naümid buraxmaları, onlara qarşı qanunsuz tələblər irəli sürmələri, rəsmi korrupsiya əməlinə yol açan hərəkətlərə rəvac vermələri sonuç olaraq "ASAN"-ı da urvatdan salır, asan işləri də çətinləşdirir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10