Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Brejnevin məşhur kosmonavta təklifi – Belyayev nazir olmağa can atmayıb


1965-ci ilin yanvar günlərinin birində təlim məşqlərində olarkən ilk kosmonavtlar dəstəsinin üzvü Pavel Belyayevə axşam saat 17-də Kremldə olması haqqında məlumat verilib. Kosmonavt hansı məsələ ilə bağlı Kremlə dəvət olunmasını dəstə rəhbərliyindən maraqlansa da, heç bir dolğun cavab almayıb, yalnız o bildirilib ki, Leonid Brejnev onu tək qəbul edəcək.

Təyin olunmuş vaxtda Belyayev Kremldə olub, xüsusi yoxlanış məntəqəsindən keçdikdən sonra onu baş katibin kabinetinə aparıblar. Kabinetdə kosmonavtı Brejnev və Andropov qarşılayıb. Kosmonavtı mehribanlıqla salamladıqdan sonra Brejnev onun problemləri ilə maraqlanıb, mənzil-məişət şəraitinin hansı vəziyyətdə olduğunu soruşub. Heç vaxt şikayətlənməyi xoşlamayan Belyayev hər şeyin qaydasında olduğunu söyləyib. Sonra Brejnev mətləbə keçib:

- Pavel İvanoviç, məndə sizin haqqınızda bütün məlumatlar var. Təhsiliniz, müharibədə iştirakınız, bir kommunist kimi fəaliyyətiniz bizdə sizin haqqınızda yüksək təəssüratlar yaradıb. Siz həm də yaxşı ailə başçısısınız, iki qız övladı tərbiyə edirsiniz. Məni maraqlandıran məsələ də elə həmin uşaqlarla bağlıdır.
content_Абрамочкин_Ю.В._Негатив_чб_Беляев_П.И._1965.png (301 KB)
Baş katibin bu cür girişi kosmonavtı çaş-baş salıb, düşünüb ki, 16 və 10 yaşlarında olan qızları ilə bağlı Brejnevi hansı məsələ maraqlandıra bilər. Brejnev isə fikrini davam etdirib:
- Qızlarınızın ilk dəfə ayaq açması, yerə ayaq basmasını xatırlayırsınızmı?
- Əlbəttə xatırlayıram. Bu insan həyatında ən unudulmaz hadisələrdən biridir.
- Yəqin ki, onlar ilk dəfə yeriyəndə kimsə kmək edib.
- Bəli, mən, anası və nənəsi.
RIAN_16366.HR-pic4_zoom-1500x1500-99991.jpg (134 KB)
- Bu dəfə ana və nənə olmayacaq. Siz artıq yaxşı bilirsiniz ki, hansı missiyanı həyata keçirəcəksiniz. SSRİ-dən olan kosmonavt ilk olaraq açıq kosmosa çıxacaq. Həmin kosmonavt da sizin komandiri olduğunuz “Vosxod-2” gəmisi ilə sizinlə birgə orbitə qalxacaq. Onun açıq kosmosa çıxmasının bütün texniki tərəflərinə siz cavabdeh olacaqsınız. Necə ki, qızlarınızın əlindən tutub yeriməyə kömək etmisiniz, cavabdehlik daşımısınız. Fərq yalnız ondadır ki, qızlarınızın ayağı yerə dəyib, kosmonavt isə açıq kosmosda hərəkət edəcək. Bu həm də ən qısa müddətdə Aya eniş etmək üçün bir təcrübədir.
Bunlar məzmunca eyni məsələdir. Və siz eyni diqqəti, eyni həssaslığı göydə də etməlisiniz ki, yerdə olduğu kimi, göydə də yıxılan olmasın. Bir məsələni də xüsusilə diqqətdə saxlayın. Sizin qarşınıza qoyulan vəzifə təkcə texniki, kosmik sahədə olan vəzifə deyil. Bu həm də beynəlxalq müstəvidə siyasi bir hadisə sayılacaq. Biz inanırıq ki, siz bu missiyanın öhdəsindən layiqincə gələcəksiniz, xüsusilə ABŞ-a sübut edəcəksiniz ki, sovet kosmonavtlarını üstələmək mümkün deyil.
20-25 dəqiqəlik görüşdə Andropov da kosmonavta öz tövsiyələrini verib, uğurlar arzulayıb. Sonda
content_БЕЛЯЕВ_1.png (531 KB)
Brejnev kosmonavta bildirib ki, Siyasi Büronun onun haqqında başqa fikirləri də var.
Belyayev sonralar “başqa fikirlər”in nədən ibarət olduğunu bilib. Brejnev onu nazir vəzifəsinə təyin etməyi planlaşdırıb.
Beləliklə, 18 mart 1965-ci ildə Belyayevin komandiri olduğu “Vosxod-2” gəmisi kosmosa uçub. Onunla birlikdə olan Aleksey Leonov dünyada ilk dəfə açıq kosmosa çıxıb və orbitdə olduğu 1 sutka 2 saat 2 dəqiqənin 12 dəqiqə 9 saniyəsini açıq kosmosda keçirib. Pavel Belyayev onun açıq kosmosda qalmasının texniki və təhlükəsizlik tərəflərini yüksək peşəkarlıqla təmin edib.
Belyayev qarşıda onu əsas iki məsələ gözlədiyini yaxşı anlayıb. Aya eniş etmək və nazir vəzifəsinə təyinat. Amma kosmonavta bu məsələlərin həllini görmək nəsib olmayıb. Belə ki, Pavel Belyayev 1970-ci ildə, 44 yaşında irinli peritonit xəstəliyindən vəfat edib.
kosmonavty-0.jpg (116 KB)
Əslində, Pavel Belyayev nazir kürsüsünə sahib olmağa can atmayıb. Hətta o, həmkarı German Titova da bu məsələ ilə bağlı fikrini bildirib:
“Mən təklif olunan vəzifədən imtina edəcəyəm. Kosmik gəmidəki kürsümü nazir kürsüsünə dəyişmək göylərə xəyanət etmək kimi bir şeydir...”
Qeyd edək ki, Pavel Belyayev 1925-ci ildə Voloqdada anadan olub. Lenin adına Avisiya Təyyariçilər Məktəbində, Moskvada Hərbi Hava Akademiyasında təhsil alıb. Sovet-yapon müharibəsində qırıcı təyyarəçi kimi iştirak edib, sonra 12-ci aviasiya divizyasında xidmətini davam etdirib.
1087313915_0_141_2059_1308_600x0_80_0_0_49af8d2e207fc77eb90852d52ea2b6bf.jpg (74 KB)
Pavel Belyayev 1960-cı ildə kosmonavtlar dəstəsinə qəbul olunub. O, dəstə üzvləri arasında ən yaşlı kosmonavt olub ki, həmkarları ona ad və ata adı ilə müraciət ediblər. Həmçinin Belyayev dəstə üzvləri arasında Kommunist Partiyasının üzv olan ilk kosmonavt olub.
1964-cü ildə hakimiyyətə gələn Brejnevin kosmonavtlar arasında Belyayevə daha çox simpatiyası olub və SSRİ-nin kosmik sahədə yeni uğurlar qazanmasında baş katib Belyayevə daha çox güvənib və inanıb. Ancaq onun yarımçıq qalmış ömrü Brejnevin etimadlarını doğrultmağa imkan verməyib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10