Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Milyonlarla manatlıq yeyintidə ittiham olunan Vidadi Muradov azadlıqda


Səbəb kimi onun xəstəliyi göstərilir...

“Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri, 21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manatı vergidən yayındırmaq kimi əməllərdə ittiham olunan Vidadi Muradov həbsdən buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarıyla onun barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

“Pressklub.az”ın əldə etdiyi məlumata görə, Vidadi Muradovun səhhətindəki problemlər əsas gətirilərək o, ev dustaqlığına buraxılıb. 65 yaşlı V. Muradov onkoloji xəstəlikdən əziyyət çəkir. Onun işi sentyabrda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, bir neçə dəfə məhkəmə iclası da təyin olunmuşdu. Amma hər dəfə məhkəmə V. Muradov gətirilmədiyinə görə təxirə salınırdı. Onun sağlıq durumunun pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Bu ilin yanvarından həbsdə olan Vidadi Muradovun işi üzrə istintaq araşdırmaları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. Cinayət işinin materiallarında göstərilib ki, onun öz şirkəti “Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binası dövlət şirkəti olan “Azərxalça” ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürülüb. Həmçinin, “Azərxalça”nın pulu – xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait formal olaraq müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb, nağdlaşdırandan sonra geri qaytarıblar.

Bundan əlavə, “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.

Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İstintaq dövründə Vidadi Muradov və ailə üzvlərinin adlarına olan 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, eləcə də “Azər-İlmə” MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. İttihama əsasən, Vidadi Muradov bu əməlləri başqaları ilə əlbir törədib. Ona görə də onun işi məhkəməyə göndəriləndə ümumi cinayət işindən ayrılıb. Yeyintidə iştirakı olan digərlərinin müəyyənləşdirilib, məsuliyyətə cəlb olunması üçün cinayət işinin istintaqı davam edir.

Xatırladaq ki, Vidadi Muradov 2016-cı ilin martında “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. Onun oğlu Cavid Muradov Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin rəisidir.

Onu da əlavə edək ki, milyonlarla manatlıq yeyinti, rüşvət alma kimi əməllərdə təqsirləndirilərək həbs olunan, bir müddət sonra isə səhhətində problem səbəb göstərilərək azadlığa buraxılan yüksək vəzifəli şəxslərin sayı çoxdur. Onların arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri olmuş Vidadi Zeynalov, Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə, Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini Əfqan Nağıyev də var.

Gülər





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10