Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məğlubiyyəti sinirməyən general modeil – Valter Model Hitlerin önu güllələməsini gözləməyib


Valter Model, yaxud da Vermaxt rəhbərliyinin “fürerin yanğınsöndürəni” adlandırdığı general-feldmarşal II dünya müharibəsi illərində təkcə uğurlu hərbi əməliyyatların müəllifi kimi yox, həm də dinc əhaliyə divan tutan cəllad kimi yadda qalıb...

Valter Model 1891-ci ildə Almaniyanın Hentin şəhərində anadan olub. Müəllim ailəsində böyüməsinə və valideynlərinin onun da gələcəkdə müəllim olmaq arzusuna baxmayaraq Model fərqli bir sahəyə üz tutub. O, orta təhsilini başa vurduqdan sonra hərbi məktəbdə təhsil alıb.

I dünya müharibəsinin iştirakçısı olan Model 1920-ci ildən hərbi xidmətini Almaniyanın hərbi nazirliyində davam etdirib, şəxsi heyətin hərbi hazırlıq şöbəsinə, daha sonra texniki şöbəyə rəhbərlik edib. 1938-ci ildə general rütbəsi alan Valter Model həmin il 4-cü ordu korpusuna qərargah rəisi vəzifəsinə təyin edilib. II dünya müharibəsi başlananda Adolf Hitlerin əmri ilə Modelin qərargah rəisi olduğu korpus Polşanın işğalında iştirak edib. General fürerdən ilk rəsmi təşəkkürünü Polşada keçirilən hərbi əməliyyatlara görə alıb.
236708_94_i_079.jpg (47 KB)
1940-cı ilin sonlarında Model 3-cü tank diviziyasının komandiri təyin edilib. Diviziya təlim poliqonunda iki ay xüsusi hazırlıq keçib və SSRİ-yə hücum üçün hazırlanıb.
Sovet-alman müharibəsi başlananda Valter Model Belarusiyada, Ukraynada, Smolenskdə uğurlu əməliyyatları ilə ad çıxarıb. Kiyev ətrafında gedən döyüşlərdə o, xüsusilə fərqlənərək cənub-qərb cəbhəsinin tabeliyində olan hərbi birləşmələri bütövlükdə sıradan çıxarıb, 800 nəfər zabit (o cümlədən ali və yüksək rütbəli zabitlər) əsir götürülüb. Məhz həmin döyüşlərdə Stalinin sevimli generalı, cənub-qərb cəbhəsinin komandanı Mixail Kirponos əsir düşməmək üçün özünü güllələyib.
scale_2400.jpg (80 KB)
Model 9-cu orduya komandan təyin edildikdən sonra Rjev (Tver vilayəti) istiqamətində hərbi əməliyyatlara başlayıb. “Rjev döyüşü” adı ilə tarixə düşən bu əməliyyatlar 13 aya qədər davam edib. Valter Model ən böyük hərbi uğurunu bu döyüşlərdə qazanıb. Hərbi əməliyyatlar zamanı SSRİ tərəfindən itkilərin sayı 1 milyon 200 min nəfəri (həlak olanlar, yaralananlar, əsir düşənlər, itkinlər) ötüb.
Alman qoşunları Rjev döyüşlərində uğur qazansalar da, bir il ərzində ərazini öz nəzarətlərində saxlasalar da, Stalinqrad döyüşlərindən sonra sovet qoşunları onları geri çəkilməyə məcbur edib.
03_model_guderian-9etyk7jsgocogkcg8o0c4kw4o-ejcuplo1l0oo0sk8c40s8osc4-th-fe80675291a8f79781c67aaf31ae8529.jpeg (91 KB)
Valter Model hərbi əməliyyatları təkcə döyüş meydanlarında keçirməyib. O, işğal olunmuş ərazilərdə, yaşayış məntəqələrinin mərkəzi məkanlarında dar ağacları qurdurub, minlərlə insanın gözü qarşısında müqavimət göstərən dinc sakinləri edam edib. Kəndlərdə yaşlı adamları, qadınları, uşaqları belə heyvanlar üçün nəzərdə tutulmuş taxta tikililərə salaraq yandırıb. Geri çəkilməyə məcbur olduqda isə Model taxıl zəmilərini, əkin sahələrini, mal-qaranı yandırmağı əmr edib.
Kommunistlərə qarşı patoloji nifrəti olan Valter Model işğal olunmuş ərazilərdə özü üçün komfortlu qərargahlar yaradıb və bu qərargahlarda hərbçi olmayan fəal kommunistlərə işgəncə verməkdən zövq alıb.
459957dcdfc781c4239e52493bac102d.jpg (61 KB)
Hitler üçün Valter Model güvənc, inam yeri olub. Ali dövlət təltiflərini fürer ona şəxsən təqdim edib.
1944-cü ildə Valter Model Vermaxtın “B” ordu qrupuna rəhbərlik edib və qərb istiqamətində alman qoşunlarının komandanı olub. Məğlubiyyətlə barışmayan general-feldmarşal bu vəzifədə də uğurlu hərbi əməliyyatlar keçirəcəyinə ümidlərini itirməyib. Amma sonluq heç də onun düşündüyü kimi olmayıb.
1945-ci ilin mart ayında ABŞ qoşunları Almaniyanın qərbində, Duysburq ətrafında hərbi əməliyyatlar keçirəndə Modelin tabeliyində olan hərbi birləşmələr mühasirəyə alınıb. Model cəmisi bir ay müqavimət göstərə bilib. Mühasirə həlqəsi daralanda o, bütün şəxsi heyəti buraxıb. Bu məlumat Hitlerə çatdırılanda fürer göstəriş verib: “Valter Model dərhal güllələnməlidir...”
08_bundesarchiv_bild_183-2005-1017-519__russland__generaloberst_model_vor_sluzk-edfe3379089de3e1501c4db766b3d84a.jpg (90 KB)
Model Hitlerin göstərişini icra etməyə imkan verməyib. O, yaxşı anlayıb ki, qarşıda onu nə gözləyir və onu da yaxşı dərk edib ki, Amerika onu SSRİ-yə təhvil verəcək. 21 aprel 1945-ci ildə general-feldmarşal özünü güllələyib.
Modelin yavəri sonralar həmin səhnəni belə xatırlayıb:
04_person_model2-f2886aec2599d232d3ddb300159b2055.jpg (90 KB)

“Almaniyanın məğlubiyyəti bir addımlıqda idi. Biz isə mühasirəyə alınmışdıq. Valter Model komandirləri qərargaha yığdı, göstəriş verdi ki, əsgərləri evlərinə buraxsınlar, özləri də dağılışsınlar. Bir neçə gündən sonra biz Vedau kəndinə tərəf getdik. Model maşını saxlatdırıb düşdü, bizdən bir az aralandı. Bir-neçə dəqiqədən sonra atəş səsi eşidildi. Atəş şəsi gələn tərəfə boylanmadan mən nə baş verdiyini bilirdim. Valter Model qürurlu insan idi. O, heç vaxt məğlubiyyəti ilə barışa bilməzdi...”

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10