Dinşünas Elşad Mirinin "İslamda yoxdur" kitabının idxalına izacə verilməməsi narazılıq yaradıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov təmsil etdiyi qurumun bu qərarını müəllifin sözügedən kitabda seyidləri təhqir etməsi ilə əlaqələndirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Elşad Miri kitab qadağan etməklə Dini Komitənin ölkənin imicini korladığını bildirib:
“Seyidlərlə bağlı yazdığım həmin hissəni oxusanız özünüz qərar verəcəksiniz ki, orada seyidlər təhqir olunub, ya yox. Ümumiyyətlə, Dini Komitənin nizamnaməsində seyidlərin kimlər olduğu haqqında, onların necə müəyyənləşdirildiyi haqda, təhqir olunub-olunmayacağı haqda nələrsə varmı? Yaxud həmin nizamnamədə Azərbaycanda nə qədər seyid olduğu haqda statistika varmı? Həmin kitab Türkiyədə də çap olundu, həm türk, həm də Azərbaycan dillərində çap olunub. Türkiyədəki seyidlər Azərbaycandakılardan azdırmı? Bəs onlar niyə ayağa qalxmadılar, etiraz etmədilər? Azərbaycandakı seyidlər daha radikaldırmı, yoxsa bu insanlar onlardan qorxurlar, yaxud işin içində başqa bir məsələ var?! Avropa məhkəməsi ilə kommunikasiyanın başlayacağı ərəfədə niyə bunu gündəmə gətirirlər, niyə qorxuya düşüblər? Çünki özləri də bilirlər ki, səhvlər ediblər və bu səhvlərə görə də sabah ölkə başçısına cavab verməlidirlər. Qarabağ zəfəri əldə etdiyimiz vaxtda onlar Azərbaycanın imicini niyə korlamaq istəyirlər? Onlar Azərbaycanı kitab qadağan edən ölkə kimi gündəmə gətirmək istəyirlər”.
İlahiyyatçının sözlərinə görə, Qurani-Kərimdə də İblislə Adəm müqayisə edilir:
“Niyə bir məmurun yanlışlığına, öz məzhəbinə, verdiyi yanlış qərarlara görə öz vətənini sevən bir ilahiyyatçı ilə mübahisə edirlər? Anlamıram. Allah özü Quranda İblislə Adəmi müqayisə edir. Yəni Allah onları müqayisə edirsə, sizin - Adəmin nəslindən gələn insanlar olaraq bunun mübahisəsini aparmaqda məqsədiniz nədir? Siz Allahlıq iddiasındasınız? Bu nə təfəkkürdür?”
Əsmətxanım