Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirusa Qarşı Mübarizə Fondu hara yoxa çıxıb?


2020-ci il martın 24-də yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı – covid19fund.gov.az-a daxil olmaq mümkün deyil. 

Xatırladaq ki, Fond Prezident İlham Əliyevin həmin ilin 19 mart tarixli Fərmanına əsasən yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. 

Saytda hüquqi və fiziki şəxslərin Fonda köçürdüyü ianələr, Fondun məqsədləri və vəsaitindən istifadə istiqamətləri haqqında məlumat verilirdi. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək saytın idarəetməsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilib.

Baş nazir Əli Əsədovun sərəncamı ilə Fondun vəsaitlərinin xərclənməsinə nəzarət üçün yeddi nəfərdən ibarət Nəzarət Şurası yaradılıb. Şuraya Azərbaycan İqtisadçılar İttifaqının sədri, deputat Ziyad Səmədzadə, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Olimpiya çempionu, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Zemfira Meftahəddinova, Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri Aydın İsayev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini Rasim İsmayılov daxildirlər.

Ötən il mayın 5-də İctimai Nəzarət Şurasının ilk iclası keçirilib, Fondun fəaliyyəti, toplanmış maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsi zamanı şəffaflıq və hesabatlılıq məsələləri müzakirə olunub. İclasda qeyd olunub ki, 4 may 2020-ci il tarixinə Fonda edilən ianələrin ümumi məbləği 113 milyon manat, 157 min ABŞ dolları, 87,5 min avro və 150 min rubl təşkil edirib. Sonrakı aylarda bu vəsaitin həcmi 120 milyona qədər artıb. İanələrin toplanması bəzən narazılıqlara da səbəb olub. Əsasən büdcə təşkilatlarında çalışanlar mediaya əməkhaqlarının bir hissəsinin özlərinin razılığı olmadan Fonda köçürülməsinə etiraz ediblər.  

Xatırladaq ki, Prezident və Birinci-vitse prezidentdən bir illik maaşlarını Fonda ianə etdiklərini bəyan ediblər. 

Qeyd edək ki, Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində 3.5 milyard manat vəsait ayrıldığı elan olunub. Bu məbləğ əhalinin sağlamlığının qorunması, sahibkarlıq və biznesin dəstəklənməsi, işini itirən vətəndaşlara, işsizlərə müavinət formasında ödənilib. Bundan başqa, xarici ölkələrdən peyvənd, dava-dərman, müasir tibbi avadanlıqların alınması, habelə 11 modul xəstəxananın tikintisi həyata keçirilib. 

Əldə etdiyimiz məlumata görə, peyvənd alınması üçün çəkilən xərclərin bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanmış ianələr hesabına ödənilib. Amma bu barədə ictimaiyyətə hər hansı informasiya verilməyib. Ümumiyyətlə, Fonda Nəzarət Şurası üzvlərinin toplaşıb müzakirələr apardıqları barədə hər hansı məlumat yoxdur.     

İqtisadçı Qubad İbadoğlu da İctimai Şuranın hesabat verməməsini tənqid edir. “Ümumiyyətlə, bilən varmı, Fondun vəsaiti yerindədirmi? Əgər xərclənməyibsə, onda Fond, onun İctimai Şurası nə üçün yaradılıb? Suallar çoxdur. Amma cavabları heç harda tapmaq olmur. Bu hökumətin bütün işləri belədir, hər şey imitasiyadır, görüntü, şou üçündür. Heç olmazsa, Fonda pul köçürənlər hesabat tələb etsinlər ki, onların ianələri hara, necə və nə qədər xərclənib. Başqa cür korrupsiyanın qarşısı alınmayacaq, yaxşı idarəetmənin birinci komponenti şəffaflıq və hesabatlılıqdır”,-deyə iqtisadçı vurğulayıb.

Nazirlər Kabinetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Məmmədov “Pressklub.az”a bildirib ki, Fondun saytının hansı səbəblərdən açılmadığını araşdırdıqdan sonra məlumat verəcək. 

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev isə bu barədə sualları Nazirlər Kabinetinə ünvanlamağı tövsiyyə etdi. O, bunun səbəbini Fondun Nazirlər Kabinetinin qərarı ilə yaradıldığını, nazirlikdən cəmi 1 nəfərin təmsil olunması ilə əlaqələndirib.  

Fondun Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli zəngləri cavabsız qoyub. 

Qurumun başqa bir üzvü, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın cavabı isə belə olub: “Mən telefonla müsahibə vermirəm. Nə saytlara, nə də radio və televiziyalara. Ümumiyyətlə, bunu mədəniyyətsizlik (? – red.) hesab edirəm. Ona görə də ancaq üzbəüz açıqlama verə bilərəm”.



Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a bildirib ki, “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydası”nın 2.4.-cü bəndində Fondun fəaliyyət müddəti 2021-ci il dekabrın 31-dək nəzərdə tutulub və bu müddət Prezident tərəfindən uzadıla bilər: “Baş Nazirin sərəncamı ilə Fonda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb. Ötən il bu Fondun vəsaitləri ilə bağlı ictimaiyyətə bir neçə dəfə məlumat verilsə də, bu il Fonda daxil olan vəsaitlər və xərclər barədə məlumatlar açıqlanmayıb. Fondun İctimai Nəzarət Şurasının fəaliyyəti isə ümumiyyətlə, müşahidə olunmur. Üstəlik, Baş Nazirin həmin Sərəncamına görə, Fondun vəsaitlərinə dair bütün məlumatların yerləşdirilməli olduğu rəsmi internet səhifəsi işləmir. Bütün bunlar o anlama gəlir ki, Fondun vəsatləri və bu vəsaitlərin xərclənməsi ilə bağlı ictimai məlumatlandırma və şəffaflıq yoxdur”. 

Hüquqşünas əlavə edib ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, qanuni öhdəliklərin icrası və vətəndaşların mütəmadi məlumatlandırılması prinsipləri pozulur: “Qəribə burasıdır ki, qanunvercilik vətəndaşların öz öhdəliklərini yerinə yetirməmələrinə görə konkret məsuliyyət növləri müəyyən etdiyi halda, dövlət orqanlarının qanuni öhdəliklərinin yerinə yetirilməməsinə görə ya məsuliyyət müəyyən etmir, ya da bu cür məsuliyyətlər mücərrəd xarakter daşıyır. Hesab edirəm ki, bütün normativ hüquqi aktların icrası hamı üçün eyni olmalı və bütün dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Əks halda, insanların bu cür qurumlara inamı və etimadı azalır, insanlar bu cür Fondlara ianələr etməkdə maraqlı olmurlar”.

Turqut





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10