Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şəhidlərimizin adı məktəblərə veriləcək, o cümlədən Masallıda 3 məktəb qəhrəman şəhidlərimizin adını daşıyacaq


“Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Artıq bu proses başlamışdır”.

Bunu Prezident İlham Əliyev bu gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident bildirib ki, ölkəmizin müxtəlif bölgələrində, o cümlədən bu bölgədə - Qarabağ-Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salınandan, məktəblər tikiləndən sonra bu da olacaq:

“Ancaq görüləsi işlər çoxdur. Sizin bir çoxunuz ilk dəfədir ki, Zəfərdən sonra Qubadlıya səfər edirsiniz və görürsünüz ki, düşmən hər tərəfi dağıdıb. Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi.
Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir.

Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.
 
Masallı Qəhrəmanlarının da adları əbədiləşdirilir

Masallının Qəhrəman statusu almış oğullarının adlarının əbədiləşdirilməsi ilə bağlı Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Sərəncam imzalamışdır.

Belə ki, Masallı şəhər “Dəfinə” məktəb-liseyinə Azərbaycan Respublikasının Milli Qəhrəmanı polis baş serjantı Hüseynov Elşad Eynulla oğlunun, Masallı şəhər 6 saylı tam orta məktəbinə Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Cəfərov Ramiz Sübhan oğlunun, Masallı şəhər 3 saylı tam orta məktəbinə Vətən Müharibəsi Qəhrəmanı gizir Əsgərli İntiqam Bayram oğlunun adının verilməsi məqsədəmüvafiq hesab edilmiş və bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət ünvanlanmışdır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10