
S.Əliyeva məhkəmə iclasından sonra virtualaz.org-a açıqlamasında deyib ki, uzun illər ərzində Azərbaycanda və Ukraynada şikayət etmədiyi qurum, döymədiyi qapı qalmayıb.
“Bir nəfər də demədi ki, bu işi Rövşən Əkbərov törətməyib. Hamı oğlumu öldürənin Rövşən olduğunu deyib. Hadisə vaxtı balamın yanında olan dostu Məzahir yoldaşıma zəng vuranda telefona mən cavab vermişdim. Dedi, ana, Elçini Rövşən Əkbərov öldürdü, mənim də ağzımdan vurdu, xəstəxanada tikiş qoydular. Məzahir dedi, qorxuram, ola bilər məni də öldürsün. İstəyirəm biləsiniz ki, düşməniniz kimdir”,- dərdli ana danışıb.
Mərhumun anası oğlunun qətlində ittiham olunan generala ağır cəza verilməsini istəyir: “Oğlum öldürülən gün gəlib dedilər ki, Elçini Rövşən Əkbərov öldürüb. Nazim İbrahimov düz danışır. Tutaq bu qədər adamın biri yalan dedi, ikisi yalan dedi, hamısı yalan deməz axı. Dəfələrlə mətbuat konfransı keçirmişəm, mətbuata bununla bağlı geniş məlumat vermişik. Oğlumun dostu Səməd Novruzov balamın cənazəsini gətirmək üçün Kiyevə getmişdi. Oradan zəng vurub dedi ki, hamı səfirliyin həyətinə yığışıb, hadisəni Rövşən Əkbərov törədib”.
S.Əliyeva əlavə edib ki, hər yerə şikayət edib, əlaqədar qurumlarda rəhbər işçilərin qəbulunda olub. Hamısı ona deyib ki, ana, bu qan yerdə qalmaz: “Əgər ortada namus məsələsi olsaydı, oğlumun qanını ona bağışlayardım. Başqa heç nəyə görə bağışlamaram. Bir ana kimi xahiş edirəm. Balamı öldürənə layiqli cəza versinlər. 20 ildir çöllərdəyik, oğlumun qatilinə də 20 il - günə gün, ilə il cəza istəyirəm”.
İnarə Rafiqqızı
virtualaz.org