Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı icra hakimiyyətində səslənən Osmanlı Duası


… Üzərində şəhidin də adı, Azərbaycan və Türkiyə Bayraqları  olan Qurani Kərim  kitabının şəhid ailələrinə təqdim olunma mərasimindən qeydlər

Dünən, oktyabrın 22-də, Masallı Rayon İcra hakimiyyətində hüznlü bir tədbirin iştirakçısı olduq. İclas zalının  ön sırasında qara paltarlı onlarla anası, xanımı,  şəhid bacısıəyləşmişdi… Hamısı pərişan, dalğın, nisgilli… Sanki özləri ilə bura şəhid övladlarının ruhunu, yarımçıq qalmış arzularını, şikəst edilmiş acı talelərini da gətirmişdilər.

Tədbiri Masallı Rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov açdı.  O, çıxışında 1-ci Qarabağ savaşında özünün də yaşadığı dəhşətlərdən danışıdı. Hətta həmin vaxtlar şəhidlərin yük maşınlarında kütləvi şəkildə, 70-80 nəfərin birlikdə, kiminin qolsuz, kiminin ayaqsız gətirildiyini,  tabutun, kəfənin, qəbirqazanın… çatışmadığını da nisgillə xatırlatdı. Amma bütün hallarda şəhid ailələrini vüqarlı olmağa  çağırdı.

Onun tədbir iştirakçılarına verdiyi məlumata görə bu mərasim Türkiyədə fəaliyyət göstərən “Gəncliyə Yardım Fondunun” təşkilatçılığı ilə keçirilir. Tədbirin təşəbbüsçüsü isə millət vəkili Anar İsgəndərov olub.

Şahin Məmmədov giriş sözündən sonra 
Millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov çıxış etdilər. Onların da, necə deyərlər, gövrək notlar üzərində qurulmuş çıxışları əvvəlki cansıxıcı çıxışlardan fərqli olaraq daha gövrək və səmimi idi.

 Tədbirdə GYC-nin Türkiyə  təşkilatının təmsilçisi, qardaş ölkədən gəlmiş Zəka Şahinin çıxışı çoxlarını təsirləndirdi. Çox emosianal və pafosla danışan Zəka Şahin nitqinə şeirlə başladı. Həmçinin şəhid ömrü,  44 günlük savaşın gətirdiyi qürürdan danışmağı da unutmadı. Çıxışının sonunda etdiyi Osmanlı Duası tədbirdə çoxlarını duyğulandırdı.

Şəhid ailələrinin də çıxışları təsirli idi. Minnətdarlıq edən də oldu, hislərini şeirlə ifadə edən də, bir az gileylənən də.
Tədbirin sonunda icra başçısı Şahin Məmmədov təkrar çıxış edib Azərbaycan-İran münasibətlərindən söz açmaqla, Azərbaycana qarşı dost olmayan ölkələrin bizə qarşı düşmən münasibətini  kəskin tənqid etdi. Konkret nümunələr gətirdi.

Nəhayət, üzərində Azərbaycan və Türkiyənin Bayraları olan, yüksək zöfqlə, zərif naxışlarla işlənmiş, üzərində hər bir şəhidin qızılı hərflərlə adı həkk olunan Quran Kərim  2-ci Qarabağ savaşında həlak olan şəhidlərimizin ailə üzvlərinə təqdim olundu. Həmçinin məlumat verildi ki, 2 şəhid anası Ziba xanıma Qurani-Kərim səhhəti ilə bağlı tədbirə qatılmadığı üçün  ona Viləş kəndində, evində təqdim olunub.

Övladlarının adı həkk olunan  Quran-Kərimi əllərinə alan şəhid anaları onu öpüb gözləri üstə qoyur, bəziləri göz yaşlarını saxlaya bilmirdi.

İcra başçısı isə  hər bir şəhid anasına Qurani Kərim təqdim edəndə onların alnından öpürdü.
Şəhid ailərinə ərzaq yardımı da edildi.


Zahir Əmənov. Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10