Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

500 məhbusu güllələyən türmə rəisi – axırda Qaranin özü də türməyə düşüb və çıxmayıb


Sovet dövrünün ən qəddar simalarından biri, 1936-1938-ci illərdə “NKVD”-yə rəhbərlik edən Nikolay Yejov iki illik cəllad fəaliyyətinə görə öz soyadına uyğun “yejovşina” dövrü yaratdığı halda, onun tabeliyində olan polkovnik Stepan Qaranin öz “dövrünü” cəmisi 9 aya yaradıb. Onun Maqadandakı islah-əmək düşərgəsində rəis olduğu 9 ay məhz “qaraninşina” dövrü adlandırılıb.

1898-ci ildə Belarusiyada kəndli ailəsində anadan olan Stepan Qaranin oktybr inqilabından sonra qırmızı orduda xidmət edib, vətəndaş müharibəsinin iştirakçısı olub.
1920-ci ildə polşalı hərbçilər tərəfindən əsir götürülən Qaranin bir ildən sonra əsirlikdən qaçıb.
11-1.jpeg (88 KB)
Əsirlikdən qayıtdıqdan sonra o, sərhədçilər məktəbində ali təhsil alıb. Xidmətini SSRİ-nin ayrı-ayrı sərhəd bölgələrində keçirən Qaranin1937-ci ilin yanvar ayında Belarusiyada 15-ci sərhəd dəstəsinin rəisi vəzifəsinə təyin olunub, polkovnik rütbəsi daşıyıb. Həmin ilin dekabrın 1-də isə ona Maqadana, islah-əmək düşərgəsinin rəisi vəzifəsinə göndəriblər.
Polkovnik Qaraninin bu vəzifəyə rəis təyinatı düşərgədə çox şeyləri dəyişib. Ona qədər düşərgədə vəziyyət son dərəcə ağır olduğu halda, onun gəlişindən sonra dözülməz həddə çatıb.
Polkovnikin düşərgənin inzibati binasından əraziyə hər çıxışı bir neçə nəfərin ölümü ilə nəticələnib. Əksər vaxtlarda sərxoş olan rəis hətta xarici görnüşü xoşuna gəlməyən məhbusları da sorğu-sualsız güllələyib.
15.jpg (159 KB)
Hər səhər məhbusların sıra baxışında Stepan Qaranini iki nəfər müşayiət edib. Məqsəd heç də düşərgə rəisinin mühafizəsi ilə bağlı olmayıb. Polkovnik sıranın qarşısından asta addımlarla keçib. Məhbuslardan kimsə hansısa məsələ ilə bağlı ona müraciət edəndə, yaxud sual verəndə Qaranin ona tapançadan açdığı atəşlə cavab verib. Onu müşayiət edənlər isə rəisin silahının güllə darağını doldurmaqla məşğul olublar.
Hər gün məhbusların iş ərazisinə gələn polkovnik Qaranin bəzən arabada daş daşıyan məhbusları saxlayıb, arabadakı daşları yerə boşaltmağı və saymağı göstəriş verib. Əgər rəqəm onun xoşuna gəlməyibsə, həmin məhbus yerindəcə güllələnib.
1-69.jpg (110 KB)
Rejim qaydalarını pozanların, işdə “plan”ı yerinə yetirməyənlərin, xəstəlik ucbatından işə çıxa bilməyənlərin siyahısı gündəlik olaraq Qaraninə təqdim edilib. Polkovnik onlar üçün ayrıca bir barak inşa etdirib. Axşam saatlarında, şam yeməyindən sonra həmin məhbusların edamı başlayıb. Güllələmə prosesində şəxsən iştirak edən polkovnik öldürmək zövqündən doymayanda düşərgənin həyətində dar ağacı quraşdırmağı göstəriş verib. Bu səhnə bütün məhbuslara nümayiş etdirilib.
Düşərgənin ərazisində təmizlik işləri aparmaq üçün hər gün 10-12 nəfərlik məhbus briqadası bu iş üçün ayrılıb və hər gün Qaranin təmizlik işlərini özü yoxlayıb. Bəzən isə çəkdiyi siqaret kötüyünü əraziyə ataraq briqadanın işini qənaətbəxş hesab etməyib. Qaraninin “qeyri-qənaətbəxş”i isə briqadada işləyən məhbusların hamısının güllələnməsi sayılıb.
1-12.jpg (182 KB)
Qaraninin cəlladlıq fəaliyyəti uzun sürməyib. O, 1938-ci ilin avqust ayında həbs edilib. 9 ay ərzində düşərgənin rəisi vəzifəsində işlədiyi dövrdə Qaranin təkcə özü 500 nəfərə yaxın məhbus güllələyib. Bunu həbs olunduqdan sonra istintaqa özü də etiraf edib. Amma onu heç də adam güllələdiyinə, cəlladlığına görə həbs etməyiblər. Polkovnik antisovet fəaliyyətdə ittiham olunub. Məlum olub ki, hələ 1920-ci illərin əvvələrində Polşada əsir olarkən o, Polşa kəşfiyyatı ilə sövdələşib, onlarla əməkdaşlıq etməyə razılıq verib. Son nəticə olaraq onun Polşada həbs düşərgəsindən qaçmasına şərait yaradıblar və o, sonrakı illər casusluqla məşğul olub.
İki ilə yaxın davam edən istintaqda Qaranin antisovet fəaliyyətini boynuna almayıb, casusluq faktını etiraf etməyib. Suxanov həbsxanasında ona elə dəhşətli işgəncələr veriblər ki, o, öz verdiyi işgəncələri olduqca yüngül cəza kimi dəyərləndirib. Məhkəmə casusluq fəaliyyətini sübuta yetirə bilmədiyindən rəsmi ittihamnamədə Qaraninin rəisi olduğu düşərgədə antisanitar vəziyyətin acınacaqlı olması və bu səbəbdən də çoxsaylı məhbuslarım ölümü göstərilib. Məhkəmənin hökmü ilə polkovnik 8 il müddətinə sürgünə göndərilib. 6 ildən sonra isə yenidən məhkəmə prosesi təyin edilərək cəza müddəti daha 5 il uzadılıb.
Гаранин.jpg (88 KB)
S.Qaranin cəzasını Peçorsk islah-əmək düşərgəsində çəkib. Bu düşgərdə olan məhbuslar çöldən onun haqqında ətraflı məlumat aldıqdan sonra polkovnikin günləri ağır keçib. Vəziyyət o həddə çatıb ki, Qaranin üçün ayrıca nəzarətçi ayrılıb və o, təkadamlıq kamerada saxlanılıb.
1950-ci ilin sentyabrın 27-də Stepan Qaranin düşərgədə ölüb. Onun ölüm səbəbi rəsmi olaraq ürək çatışmazlığı göstərilsə də, onun məhbuslar tərəfindən öldürüldüyü versiyası yayılıb. Beləliklə, islah əmək düşərgəsində məhbuslara divan tutan polkovnikə elə islah əmək düşərgəsində də divan tutublar.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10