Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalinin sevimli traktorçusu – Onu evində eyş-işrət məclisləri təşkil etməkdə suçlayıblar


Onun adı qəzetlərdən düşməyib, mərkəzi qəzetlər birinci səhifələrində Praskofya (Paşa) Angelinanın şəkillərinə və haqqındakı yazılara səxavətlə yer ayırıb. Bütün SSRİ-də məşhur olan bu qadın çox qısa bir müddətdə iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adı alıb, üç dəfə “Lenin” ordeninə layiq görülüb, bundan başqa, o Stalin mükafatı, dövlət mükafatları, çoxsaylı orden və medallarla da təltif olunub. Paşa Angelinanın adı həm də Stalinlə birgə çəkilməklə məşhurlaşıb...

1912-ci ildə Donetskin Starabeşevo qəsəbəsində anadan olan Paşa Angelina 16 yaşında traktorçu kursunu bitirərək SSRİ-də ilk qadın traktorçulardan biri olub və o, ölkədə ilk qadın traktorçular briqadasını yaradıb. Qısa müddət ərzində əmək göstəricilərində bir-birinin ardınca rekordlara imza atan Angelina Moskvanın diqqətindən yayınmayıb. O, müntəzəm olaraq Kremlə dəvət olunub, qurultaylarda, rəsmi və qeyri-rəsmi ziyafətlərdə fəxri qonaq kimi iştirak edib.

1930-cu illərin ortalarından başlayaraq Paşa Angelinanın iş təcrübəsi bütün ölkədə təbliğ olunub. Onun səsləndirdiyi “Yüz min rəfiqə - traktorla iş başına” ifadəsi isə kolxoz və sovxozlarda qırmızı parçada şüar kimi divarlaradan asılıb.
197206_or (1).jpg (70 KB)
Çox keçmədən Paşa Angelina ən yüksək kürsülərdə görünüb, o, mötəbər partiya tədbirlərində Stalinlə yanaşı dayanıb. Traktorçu qadın azsaylı şəxslərdən biri olub ki, Stalin öz telefon nömrəsini onun qeyd kitabçasına yazaraq Paşa Angelinaya istədiyi vaxt ona zəng vurmaq səlahiyyətini verib. Bu cür yaxınlıq istər dövlət məmurları, istərsə də sıravi vətəndaşlar arasında söz-söhbətlərə səbəb olub, çoxları Angelinanı Stalinin məşuqəsi olduğunu düşünüblər.
Şöhrətin pik həddində olsa da, Paşa Angelinanın şəxsi həyatı uğurlu alınmayıb. Qardaşı İvan vəfat etdikdən sonra Angelina onun oğlunu övladlığa götürüb. Çünki qardaşının həyat yoldaşı öz oğluna sahib çıxmayıb.
f9931a520b5775b4903b62931fa094c2_cropped_666x488.jpg (104 KB)
Öhdəsində azyaşlı uşağın olması Angelinanın ailə qurmağına problem yaratsa da, nəhayət, ona elçi düşənlərdən biri həmin uşağı da qəbul etməyə razı olduğunu bildirib. Bu şəxs artıq rayon statusu almış Starabeşevonun ikinci katibi Sergey Çernışev olub. Evliliyin ilk illərində cütlüyün münasibətləri normal olsa da, sonralar zaman-zaman ailədə xoşagəlməz atmosfer yaranıb. Kifayət qədər nüfuza malik olan Çernışev yüksək vəzifə tutsa da, intellekti, savadı, iş bacarığı ilə fərqlənsə də, o, daha çox “Paşanın əri” kimi tanınıb. Bu təqdimat Çernışevi qıcıqlandırıb. Digər tərəfdən, bir ayağı əkin səhələrində, bir ayağı Moskvada olan Angelinanın adının Stalinlə hallanması ikinci katibdə hədsiz dərəcədə qısqanclıq hissi yaradıb.
Paşa Angelinanın SSRİ Ali Sovetinə deputat seçilməsi, tədbirlərdə rəyasət heyətində əyləşməsi, bir-birinin ardınca ən yüksək dövlət təltifləri alması Çernışevi bütövlükdə kölgədə saxlayıb.
37297-entry-18-1632725293.jpg (67 KB)
Sovet-alman müharibəsi başlananda Çernışev Starabeşevoda qalıb, səfərbərlik işlərində və partizan hərəkatında iştirak edib. Paşa Angelina isə öz texnikaları və briqadası ilə Qazaxıstana təxliyyə olunub. O, Qazaxstanda da yüksək göstəricilərə nail olub. Təxliyə dövründə cütlüyün iki övladı olub. O cümlədən Angelinanın qardaşı oğlu da ailədə böyüyüb.
1942-ci ildə Paşa Angelina növbəti Moskva səfərindən geri qayıdanda onun getdiyi qatar almanlar tərəfindən bombrdmana məruz qalıb. Qarşıda gedən üç vaqon tamamilə səradan çıxsa da, arxadakılara qismən az zərər dəyib. Həmin vaxt Angelina hamilə olub və elə o, aşan vaqonun içərisində də bir qız övladı dünyaya gətirib. Angelina həmin qızın adını Stalinin adına uyğun Stalina qoyub. Bu ailədə növbəti qalmaqala, ətrafdakı insanlar arasında isə növbəti söz-söhbətə səbəb olub. Yayılan şayələrə görə, Stalinanın atası Stalin olub. Artıq ikinci rolda özünü görmək istəməyən Çernışev Angelinadan ayrılmaq qərarına gəlib, bununla da onların nikahı rəsmi olaraq pozulub.
37297-entry-14-1632725293.jpg (57 KB)
Müharibədən sonra Paşa Angelina doğma yurduna qayıdıb. O, yenidən əvvəlki templə işini davam etdirib. Yerli partiya rəhbərliyi onun qarşısında heç bir söz deyə bilməyiblər. Stalinlə yaxınlığı Angelinaya qeyri-rəsmi səlahiyyətlər verib. Sözsüz ki, bu da rayon və vilayət rəhbərləri arasında bəzi məmurların xoşuna gəlməyib və onlar çalışıblar ki, qəhrəman traktorçunu hansısa bir vasitə ilə susdursunlar. Nəhayət, günlərin birində Angelinanın evinə bir neçə nəfərdən ibarət həkim briqadası təşrif buyurub. Onların gəlişini soruşanda Angelinaya cavab verilib ki, zöhrəvi xəstəliklərlə bağlı ailə üzvlərindən analiz götürülməlidir. “Niyə məhz bizdən” sualına isə cavab olaraq bildirilib ki, rayon partiya komitəsinə məktub daxil olub, həmin məktubda göstərilib ki, Angelinanın evində müntəzəm olaraq kef məclisləri qurulur, təsadüfi qadınlar bu evdə kişilərlə cinsi əlaqədə olurlar. Bu hadisə növbəti dəfə Angelina haqqında böyük söz-söhbət yaradıb. Bəziləri Angelinanın evinin fahişəxanaya çevrilməsini də dilə gətirib.
37297-entry-10-1632725293.jpg (88 KB)
Bu xoşagəlməz hadisə haqqında Angelina həmin dövrdə Ukraynanın birinci katibi olan Nikita Xruşova müraciət edib. Xruşov dərhal qəhrəman traktorçuya qarşı olan təzyiqlərin qarşısını alıb.
Stalinin vəfatından sonra Paşa Angelinanın ictimai fəallığı bir az azalsa da, əmək nailiyyətlərində gerilik olmayıb. 1957-ci ildə isə onun səhhətində ciddi problemlər aşkar olunub. Qaraciyər serrozundan əziyyət çəkən traktorçunun sağlamlığı ilə Moskvanın ən tanınmış həkimləri məşğul olublar. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
Paşa Angelina 1959-cu ildə, 46 yaşında vəfat edib. Ən ali mükafatlarla təltif olunan Angelinanı Moskvada, Novodeviçye qəbirstanlığında dəfn etmək istəsələr də, Xruşov Stalinin sevimlisinə bu məzarlıqda yer verməyib. “Əsl traktorçular şumladığı yerdə dəfn olunmalıdır” deyən Xruşov Angelinanın Starabeşevoda dəfn edilməsi barədə göstəriş verib.
42-3e960.jpg (134 KB)
Sonralar Paşa Angelinanın qızı anası haqqında yazdığı kitabda bəzi məqamlara aydınlıq gətirib:
“Mənim anam Stalinin məşuqəsi olmayıb. Sadəcə, onların bir-birlərinə qarşı xüsusi simpatiyaları olub.
Çox vaxt anama “yubka geyinən kişi” deyirdilər. Yəni anam gözəl qadın olmayıb. O, öz qadın görünüşü ilə nəinki Stalinin, heç adi bir kənd kişisinin də zövqünü oxşaya bilməzdi...”

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10