Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təkbaşına Stalini devirmək istəyən “inqilabçı” – Naxayev Trotskinin qisasını ala bilməyib


Məzuniyyətini Moskvadan kənarda keçirəndə Stalinə gündəlik olaraq baş verən hadisələr və cari məslələrlə bağlı paytaxtdan yazılı məlumatlar təqdim edilib. Sovet lideri 1934-cü ilin avqust ayında Soçidə istirahət edəndə də hər gün Moskvadan məlumatlar alıb. Soçidəki iqamətgaha yazılı məlumatlardan biri də Siyasi Büronun üzvü, Mərkəzi Komitənin katibi Lazar Kaqanoviçdən daxil olub. Səkkiz bəndlik məktubun beşinci bəndi Stalini ciddi narahat edib:

“Bu gün “Osoaviaxim”in artilleriya divizionunda xoşagəlməz hadisə baş verib. Hadisə ilə bağlı ətraflı məlumatı sizə ayrıca göndərmişəm. Diqqətinizə çatdırıram ki, hadisənin araşdırılması üçün Henrix Yaqodaya (xalq daxili işlər komissarı) xüsusi tapşırıq verilib. Əsas aydınlaşdırmaq istədiyimiz odur ki, hadisəni törədən təkdir, yoxsa arxasında kimlərsə dayanır? Araşdırmaların nəticələri haqqında sizə əlavə məlumat göndərəcəyəm”.
Maraqlıdır, anlaşılmaz yazılan bu məktubda söhbət hansı hadisədən gedib və taleyi “NKVD”-yə həvalə olunan bu hadisəni kim törədib?
oi.jpg (32 KB)
Hadisənin əsas müəllifi Artyom Naxayev olub. Onun haqqındakı materialların əsas hissəsi bu günə qədər də “məxfi” qrifli qovluqlarda saxlandığından barəsində çox da geniş məlumat yoxdur. Məlum olan odur ki, 1900-cü ildə anadan olan Naxayev Leninqraddakı artilleriya məktəbində təhsil alıb. Yeniyetməlik yaşlarından bolşevik hərəkatına qoşulub, Kommunist Partiyasının üzvü olub və orduda xidmət edib. Artyom Naxayev 1927-ci ildə partiya biletini ataraq Zinovyev, Kamenev, Trotski və digərlərinə qarşı edilən ədalətsizliklərə öz etirazını bildirib. Bu hadisədən sonra onu ordudan tərxis ediblər.
Xidmətdən azad olunduqdan sonra yüksək maaşını itirən Naxayev heç bir yerdə işə düzələ bilməyib və maddi sıxıntılar içərisində yaşayıb. Nəhayət, 1933-cü ildə o, çətinliklə özünə iş tapıb. Naxayevə “Osoaviaxim”də divizion qərargahının rəisi vəzifəsi verilib. Qeyd edək ki, 1927-ci ildə yaradılan “Osoaviaxim” siyasi-ictimai sovet müdafiə cəmiyyəti kimi fəaliyyət göstərib. 1947-ci ildən cəmiyyət OADKYC (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti – rusca DOSAAF) adı ilə fəaliyyətini davam etdirib. Cəmiyyətin əsas funksiyalarından biri hərbi çağırışçıların və səfərbərliyə düşənlərin orduya hazırlıq işi olub. Məhz Naxayev də gələcəyin hərbçilərinə təlimlər keçib.
1504867.jpg (88 KB)
5 avqust 1934-cü ildə Naxayev 200-ə yaxın çağırışa və səfərbərliyə düşən şəxsi Moskvadakı motoatcı diviziyaya təlim toplantısına aparıb. Elə həmin gün Naxayev təlim toplantısına gələnləri diviziyanın meydançasına düzüb və onların qarşısında çıxış edib:
“Biz 1917-ci ildə inqilab etdik. Zavodları, fabrikləri, torpaq sahələrini fəhlə və kəndlilərə vermək üçün son damla qanımızadək mübarizə apardıq. İstədiyimizə nail olduq. Bəs sonrası nə oldu? Hanı fəhlələrə verilən zavodlar? Hanı kəndlilərə ayrılan torpaq sahələri? Bütün əldə etdiklərimiz bir qrup adamın əlindədir. İnqilab dövründə verilən vədlərin heç biri yerinə yetirilmədi. Bu tarixi haqsızlıq və ədalətsizlikdir.Yaşasın yeni inqilab, yaşasın yeni hökumət!!!”
Çıxışından sonra Naxayev təlim toplantısına yığışanlara diviziyanın silah otaqlarına basqın edilməsi, silahlarını götürüb Kremlə doğru irəliləməsinə dair göstəriş verib. Ancaq diviziyanın qaravul xidməti buna imkan verməyib. Naxayev isə elə yerindəcə həbs edilib.
s.jpg (174 KB)
Bu hadisə Stalinə olduqca mənfi təsir göstərib və o, elə həmin gün Soçidən Kaqanoviçə tapşırıq verib ki, məsələ son dərəcə ciddi araşdırılmalıdır. Sovet lideri xüsusilə vurğulayıb ki, Artyom Naxayevin arxasında böyük bir casus şəbəkəsi dayanır.
İstintaq zamanı Naxayev onun arxasında heç bir xarici qüvvənin dayanmadığını söyləyib. Bu haqda Stalinə məruzə edəndə, o, qəzəbini boğa bilməyib: “Casuslar hökmən ələ keçirilməlidir, onların arxasında ya Almaniyanın, ya da Yaponiyanın xüsusi xidmət orqanları dayanır”.
Nəhayət, davamlı işgəncələrdən sonra Naxayev bir nəfərin adını çəkib. Bu həm “Osoaviaxim”də işləyən, həm də Moskva Bədən Tərbiyəsi İnstitutunda sektor müdiri vəzifəsini tutan Leonid Bıkov olub. Bıkov çar Rusiyasında general rütbəsində xidmət edib, İ dünya müharibəsində əsir düşüb, əsirlikdən sonra Rusiyaya qayıdan Bıkov qırmızı orduda xidmət edib. Onun vaxtilə xarici ölkələrin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olub. Elə bu səbəbdən də Stalin elə düşünüb ki, bu hadisənin arxasında casus şəbəkəsi durur.
1-56-768x551.jpg (91 KB)
Əslində Artyom Naxayev özünə kumir seçdiyi Trotskinin qisasını almaq məqsədilə bu addımı atıb. Yəqin ki, o, özü də yaxşı anlayıb ki, maksimum iki yüz nəfərlə Stalinə qarşı inqilab etmək mümkün deyil. Sadəcə, qisas hissi o qədər güclü olub ki, yeni inqilab, yeni hökumət xəyallarını Naxayev bu bəsit üsulla gerçəkləşdirmək istəyib.
Artyom Naxayevin istintaqı cəmisi 14 gün çəkib. Materiallar məhkəməyə təqdim edilib. Məhkəmnin hökmü ilə Stalini devirib yeni hökumət yaratmaq istəyən Naxayev ən ağır cəzaya, güllələnmə cəzasına məhkum edilib. Naxayevin istintaqda verdiyi ifadəyə görə isə Leonid Bıkov nəzarət altına götürülərək həbsxanaya göndərilib. 1937-ci ildə onu da güllələyiblər.
Bu hadisədən sonra “Osoaviaxim”də Stalinin göstərişi ilə ciddi kadr islahatları aparılıb.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10