Bu gün - oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. 2020-ci ilin oktyabrın 17-də Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu xalqa növbəti müraciətində elan edib.
Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib.
Füzuli şəhərinin azad edilməsi əməliyyatlarının təfərrüatları məlum deyil, amma bu bəllidir ki, şəhərin azad edilməsi Hadrutun və Xocavəndin bir sıra kəndlərinin azad edilməsindən sonra mümkün olmuşdu. Belə ki, Füzuli üzərinə birbaşa hücum şəhərin ətrafındakı hakim yüksəkliklərin düşmənin nəzarətində olması səbəbindən müharibənin ilk günlərində məqsədəuyğun deyildi. Bu, çoxsaylı itkilərə səbəb olacaqdı. Bu baxımdan Azərbaycan ordusu Hadrutu və Xocaəndin bir sıra kəndlərini azad edərək Füzuli şəhərini cinahlardan keçib irəlilədi, nəticədə şəhərə aparan əsas yolu nəzarət altına aldı və beləliklə də Füzulidə mövqe tutmuş düşmən qüvvələri yarımühasirə vəziyyətinə düşdü. Nəhayət şəhərə həlledici hücum başladı və düşmən Füzulidə çoxsaylı hərbi texnika, silah-sursat ataraq qaçdı.
Füzuli şəhəri digər yaşayış məntəqələri kimi tamamilə dağıdılıb və yerlə bir edilib, Azərbaycan ordusu şəhəri azad edəndə orada bayraq sancmağa salamat bina tapmaq mümkün olmamışdı, nəticədə Azərbaycan bayrağı düşmənin hərbi hissə kimi istifadə etdiyi binanın üstünə sancılmışdı.
virtualaz.org