Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni terrorçuları Ağdərə-Kəlbəcər yolunda polis mayorunu necə qətlə yetirdi?..


“Dərd orasındadır ki, biz öz halal torpağımızda sakit yaşaya bilmirik...”
 
“İndiyə qədər bizim qabağımıza çəpər çəkən böyük-kiçik saymağımız, partiyaya, hökumətə olan inamımızdır...”  
 
“...Güllənin haradan atıldığını müəyyən etmək mümkün deyildi. Çünki yolun hər iki tərəfi sıldırım qayalıq , sıx meşəlik idi. Maşın karvanını müşayiət edən hərbçilər(sovet-rus hərbçiləri-S.L.) məsələnin nə yerdə olduğunu dərhal anladılar – erməni quldurları yolu kəsmişdi. Onlar bir göz qırpımında yerə atılıb cavab atəşi açdılar. Atışma saat yarım davam etdi. Nəticədə 3 nəfər – Kəlbəcər şəhər sakini Çimnaz İsmayılova(rəhmətlik Aşıq Şəmşirin qızı- S.L.), Zərdab rayon daxili işlər şöbəsinin rəisi(əksər mənbələrdə rəis müavini kimi göstərilir-S.L.), milis(indiki polis- S.L.) mayoru Şahlar Şükürov və hərbi qulluqçu Sergey Mezentsev həlak oldu, 24 nəfər yaralandı...”
 
Dünən – oktyabrın 13-də Suqovuşan-Ağdərə-Kəlbəcər yolunda Rusiya sülhməramlılarının müşayiəti ilə qeyri-hərbi yükləri daşıyan avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması haqqındakı xəbəri eşitdikdən sonra dərhal 1990-cı il iyulun 11-də təxminən elə eyni məkanda – hazırda inzibati-hüquqi cəhətdən Kəlbəcər rayonuna aid olan Qozlukörpü və Çərəkdar kəndləri arasında Otaqqaya adlanan yerdəki faciəli olay yadıma düşdü... 
 
Moderator.az-da təqdim etdiyimiz yuxarıdakı sətirlər də mərhum həmkarımız Ziyəddin Sultanovun illər öncə oxuduğum və yenidən arxivimdən tapdığım, 1990-cı ilin iyulunda “Kommunist” qəzetində dərc olunmuş “Qəfil güllə” adlı məqaləsindəndir...
 
Məqalədə daha sonra deyilənlər bizləri I Qarabağ müharibəsi dövründəki səhv, xəta və günahlarımızdan nəticə çıxarmağa və düşmənlərimizə qarşı daha ayıq-sayıq olmağa çağırır.
 
“Bu qanlı hadisə 1990-cı il iyul ayının 11-də Kəlbəcər rayonu ərazisində, Otaqqaya adlı yerdə baş vermişdi. Mirbəşirdən(indiki Tərtər -S.L.) Kəlbəcərə gedən karvanda 16 maşın vardı, onun 4-ü sərnişin avtobusu idi...
 
Erməni saqqallıları kütləvi qırğın üçün də hazırlıq görmüşdülər; yola beş yerdən mina basdırmışdılar. Lakin xoşbəxtlikdən bu cinayət planı baş tutmadı. Hərbi qulluqçu Sergey Mezentsev və sərnişin Çingiz Süleymanov güllə yağışı altında mərdlik və cəsarət göstərərək minaları zərərsizləşdirmişdilər...
 
Biz hadisə yerinə bir gün sonra getdik. Altı üstünə çevrilmiş torpaq, yaralı ağaclar dəhşətli döyüşdən, ölüm-dirim mübarizəsindən xəbər verirdi. Hadisə yerindən 3 ədəd radiostansiya, 5 qranat, 2,5 kiloqram partladıcı maddə, xeyli patron tapılmışdı...
 
Çimnaz İsmayılova Kəlbəcər Rayon Partiya Komitəsinin 1-ci katibinin həyat yoldaşı, üç uşaq anası idi. Həmin gün Bakıdan Kəlbəcərə gedirdi. Qızı, kürəkəni və onların hələ dil açmamış körpəsi ilə birlikdə... Sürücü kövrələ-kövrələ danışır, özünü saxlaya bilmir: 
-Güllə atılmamışdan əvvəl uşaq Çimnaz xalanın qucağında idi. Nə fikirləşdisə, uşağı dizinin üstünə qoydu. Namərd gülləsi elə bu an açıldı... 
 
...Əvəz Şükürov pəhləvan cüssəli adamdır... Qəlbi dəniz kimi təlatümlü olsa da, özünü şax tutmağa, yas yerinə gələn yaxın-uzaq qonaqları gümrahlıqla qarşılamağa çalışır. Şahlar kimi oğul itirmiş atanın iztirablarını hiss etmək çətin deyil... Lakin əvəz kişi dərdə təslim olmadı, üstəlik, bizə də təskinlik verdi:
 
-Namərd gülləsi Şahlara olmasa da, başqa bir kəlbəcərliyə dəyəcəkdi. Söhbət bunda deyil. Dərd orasındadır ki, biz öz halal torpağımızda sakit yaşaya bilmirik. Bizim camaatın dədə-babadan ermənilərdən zərrə qədər qorxusu olmayıb. Dəfələrlə demişəm, indi də deyirəm: mən 5-10 nəfər cavanla erməniləri bir gündə sivirib tökərəm o tərəfə... Bəs hökumət, bəs qayda-qanun? İndiyə qədər bizim qabağımıza çəpər çəkən böyük-kiçik saymağımız, partiyaya, hökumətə olan inamımızdır...”  
 
Zəruri şərh: 
 
30-32 il öncə - bəhs edilən illərdə alovlanmağa başlamış qondarma “Dağlıq Qarabağ münaqişəsi”nin odu son 44 günlük savaş nəticəsində, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına söndürülsə də, onun qoru, közü hələ də Laçın şəhərində, dəhlizdəki kəndlərdə Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə, Şuşanın, Kəlbəcərin, Ağdamın, Tərtərin hələ də Rusiya hərbi kontingentinin himayəsi ilə faktiki olaraq Ermənistanın nəzarətində qalan ərazilərində işıldayır... Və əgər bu gün həmin separatçı və işğalçıların, eləcə də Rusiya hərbiçilərinin torpaqlarımızdakı təxribatçı davranışlarına göz yumsaq, onları hansısa şəxsi, yaxud siyasi, konyuktur maraqlarımız xatirinə malalasaq, bir müddət sonra oxşar faciələr yenə də təkrarlana bilər...
 
Bu gün Rusiyanın bəslədiyi erməni terrorçuları daha bir əsgərimizi şəhid etdi... Allah rəhmət eləsin!.. 
 
Füzuli ərazisində qanunsuz erməni birləşmələrinin dronları ələ keçirildi... Düşmən nə qədər zəif olsa da, yatmır...
 
Bütün Qarabağ və Şərqi Zəngəzurdakı ərazilərimizdə dövlət yurisdiksiyamızı bərpa etməmiş qətiyyən eyforiyaya qapılmaq olmaz...
 
Sultan Laçın





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10