Bu hadisə bütün oğru məmurlara, rüşvətxorlara dərs olmalıdır
İtalyan, fransız və ya amerikasayağı soyğunçuluq haqqında bədii filmlər və cizgi filmləri var. Ukraynasayağı soyğunçuluq haqqında isə hələ bir film və ya cizgi filmi yoxdur. Baxmayaraq ki, bunun üçün artıq uyğun bir süjet də var. Etiraf edirəm ki, əvvəlcə oxuduqlarımın bir növ uydurma, müəllifin təxəyyülünün məhsulu olduğunu düşünürdüm. Amma yox, əslində belə bir hadisə real həyatda baş verib.
Beləliklə, 2010-cu ildən 2014-cü ilə qədər Ukrayna Dövlət Memarlıq və Tikinti Müfəttişliyinin (202 -ci ilin sentyabrında ləğv edilmiş) rəhbəri olan Aleksandr Rıbak adlı bir şəxs var. Əslən Donetskdəndir. Atası Vladimir Rıbak 2012-2014-cü illərdə Ali Radanın sədri olub. Yəni bu ailə Ukraynada qanunsuz zənginləşdirmə üçün bütün imkanları ilə məşhurdur.
Beləliklə, Aleksandr Rıbak və həyat yoldaşı İrina Fridental onlardan 2 milyon dollar oğurlandığını elan etdilər. Onların sözlərinə görə, bu pulu 2014-cü ildə “Şərəf” inqilabından sonra evin tavanında gizlədiblərmiş.
Regionlar Partiyasının nümayəndələrinin və ona yaxın insanların evlərini sataraq, sözün əsl mənasında, ölkədən maşınlarla pul çıxarmalarını yaxşı xatırlayıram. Ancaq Rıbak və həyat yoldaşı da daxil olmaqla bir çox məmur pulun çoxunu çıxara bilmədi.
Bir məhkəmə müxbiri məhkəmə materiallarına istinadən xəbər verir ki, cütlüyün 55 milyon qrivna məbləğində iddia qaldırdığı müvafiq işə Kiyevin Obuxovski Məhkəməsi baxır. Və hadisənin əyləncəli hissəsi buradan sonra başlayır. Demək olar ki, hazır komediya filmidir. Özünüz qiymət verin.
Rıbakın sözlərinə görə, 2014-cü ildə “Ukrqasbank” hesabından daşınmaz əmlak satışından əldə etdiyi 1,5 milyon dollar pulu çıxarıb, bir hissəsini xərcləyib və qalanını - 900 min dolları hamam ilə istirahət otağı arasındakı tavanda gizlətmək qərarına gəlib. Bunun üçün guya ki, tavandakı qüsuru düzəltmək istədiyini söyləyərək, evə usta çağırıb. İşçilərin naharı zamanı Rıbak 900 min dolları zibil torbalarında tavanda gizlətdiyini söyləyib. Digər 1,1 milyon dolları isə zibil paketlərində Donetskdən olan iş adamı Mixail Fridentalın qızı İrina Fridental orada gizlədib.
Nahardan sonra işçilər tavanı alçıpan ilə tikib və boyayıblar. Sonra, 2014-cü ilin iyul ayında Rıbak və ailəsi tətilə çıxıb və evi bütün binadakı evlərin açarlarına sahib olan ev idarəçisinə - komendanta buraxıb. Rıbak qayıdanda komendant ona, guya içkiyə qurşandığını və işdən çıxdığını deyib. İşdən çıxan və həmişə pulsuzluqdan şikayət edən adam sonra Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə dincəlməyə başlayır, rəsmi olaraq heç bir yerdə işləməsə də yeni “Volkswagen” alır.
2016-cı ilin oktyabr ayında Rıbak saxlanc yerindən pulu çıxarmağa qərar verdi və yenidən fəhlə çağırdı. Tavanı sındırdılar, amma pul orada yox idi. Rıbak tərəfindən çağırılan mütəxəssislər tavanın tamamilə söküldüyünü və sonradan yenidən yığıldığını təyin etdilər. 2018-ci ilin noyabr ayında dindirilən ev gözətçisinin sözlərinə görə, komendant evi açıb və ondan kiminsə gəlib-gəlmədiyini güdməsini istəyib. Komendant deyib ki, ona kömək etsin və heç kim onun pul oğurladığını görməsin. Daha sonra olanları sirr kimi saxlamaq üçün mühafizəçiyə 0,5 milyon dollar ödəyib.
Mühafizəçi binada işləməyə davam edib. Bir maşın, Obuxovda bir mənzil, Gürcüstanda torpaq və qohumları üçün hədiyyələr alıb. Qalan 235 min dolları qarajının çuxurunda və anasının evinin çardağında saxlayıb. Sonradan bu pulu müstəntiqlərə təhvil verib.
Hazırda keçmiş mühafizəçi və komendant saxlanılıb. Amma Rıbak bu məsələdə təkcə pulunu itirməyib. Məhkəmə Rıbakın vergi orqanlarında 2010-2014-cü illər üçün bəyannaməsi ilə tanış olmaq tələbi verib. Vəkilin sözlərinə görə, Rıbakın mülkiyyətinə və ya həyat yoldaşının iddia etdiyi məbləğə dair bir dənə də olsun sübut təqdim edilməyib.
Beləliklə, keçmiş yüksək vəzifəli məmur nəinki soyuldu, indi də izahat və bu cür pula haradan malik olduğunu sübut etməyi tələb edirlər. Komediya deyilmi?
Hər halda, baş verənlər əsasən keçmiş və indiki yüksək rütbəli məmurun taleyi bizim yerli korrupsionerlərə də dərs olmalıdır. Məlum olur ki, oğurluq etmək kifayət deyil. Oğurlananı gizlətməyi də bacarmalısan ki, sonra heç kim tapa bilməsin. Bəli, bütün bunları ev ustalaraına həvalə edərək, evdə milyonlar gizlədə bilməzsiniz. Rıbakın nümunəsi buna sübutdur...
Müəllif: Əkbər Həsənov