Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalinin oğurlanmış külqabısı – Kreml “qurdları” Moskvanın başçısına “əcəl təri” tökdürən zarafat ediblər


Siyasətlə məşğul olmaq həmişə gərginliklə maşayiət olunub. Xüsusilə, dövlət başçılarının, ciddi siyasi fiqurların fəaliyyətində gərginlik, siyasi yorğunluq daima özünü biruzə verib. Bu “narahatlığı” qismən də olsa aradan götürmək üçün siyasi xadimlər tutduqları vəzifə ranqından, xidməti məsuliyyətlərindən asılı olmayaraq arada iş prosesində zarafat etməkdən özlərini məhrum etməyiblər. Bu məsələdə kommunistlər də geri qalmayıblar. Bəzən hədlərini də keçiblər.

Stalinin nə qədər mürəkkəb, ziddiyyətli, amansız və sərt bir şəxsiyyət olduğunu nəzərə alsaq, sovet lideri ilə zarafat etməyin nə ilə nəticələnəyini də anlamaq çətin deyil. Amma bu təhlükəyə baxmayaraq, Stalini də hansısa bir zarafat olayına qatmağa cürət edən məmurlar tapılıb.
1802212.jpg (51 KB)
Belə hadisələrdən birini uzun illər SSRİ-nin xarici ölkələrdə səfiri olmuş, daha sonra SSRİ xarici işlər nazirinin müavini vəzifəsində işləmiş Vladimir Semyonov öz gündəliyində yazıb. Qeyd edək ki, diplomatın şəxsi gündəliyi 160 dəftərdən ibarət olub. Sonralar həmin gündəlik “Stalindən Qorbaçova qədər” adı ilə kitab şəklində nəşr olunub. Həmin hadisəni Vladimir Semyonova kəskin zarafata məruz qalmış, 1943-1949-cu illərdə Moskva şəhərinin başçısı işləyən Nikolay Firyubin özü nəql edib.
Firyubin xidməti işi ilə bağlı Stalinlə tez-tez görüşüb. Stalinin yanında keçirilən müşavirələrin birindən sonra o, hansısa müəssisənin açılışına gedib və həmin tədbirdən sonra evə qayıdıb. Səhərisi gün birinci katib iş yerinə gedəndə kabinetindəki yazı masasının üstündə külqabı görüb. O, dərhal bu külqabının Stalinə məxsus olduğunu anlayıb. Sözsüz ki, tez-tez sovet liderinin kabinetində olan Firyubin yanılmayıb. Birinci katib dərhal köməkçilərini, xidmətçiləri, digər xidmət personlda işləyənləri yanına çağırıb. Amma heç kimdən dəqiq bir məlumat ala bilməyib. Canına qorxu düşən birinci katib dərhal Stalinin köməkçisi Poskrebışevə zəng vurub:

- Yoldaş Poskrebışev, mən bilmirəm sizə necə izah edim. Amma and içirəm ki, mənim bu işdə əlim yoxdur.
Poskrebışev salamsız, girişsiz bu danışıqdan heç nə anlamayıb. Amma düşünüb ki, səhər tezdən birinci katibin zəng etməsi, belə həyəcanlı olması hansısa bir xoşagəlməz hadisə ilə bağlıdır və danışığa aydınlıq gətirməyə çalışıb:

- Mən sizi eşidirəm, nə hadisə baş verib?
Bu dəfə Firyubin birbaşa mətləbə keçib:
- Stalinin kabinetindən külqabı oğurlanıb?
- Külqabı???
- Bəli, külqabı.
- Bir dəqiqə dəstəyi asmayın –deyə Poskrebışev Stalinin kabinetinə keçib.
124539061_796877867549590_539735910691391796_n.jpg (123 KB)
Həqiqətən də, Stalinin gündəlik istifadə etdiyi külqabı iş masanın üstündə olmayıb.
Poskrebışev həyəcanla gözləyən Firyubindən soruşub:
- Külqabı sizdədir?
- Bəli, məndədir.
- Siz onu təcili göndərin. Nə qədər ki, Stalin gəlməyib, onu yerinə qoyaq.
Firyubin külqabını göndərdikdən sonra Poskrebışevə bir də zəng vurub, deyib ki, bu işlə ciddi məşğul olacaq, hətta məsələni Stalinə danışacağını da söyləyib. Poskrebışev isə ona məsləhət görüb ki, məsələni ağartmaq lazım deyil və dünənki müşavirədə kimlərin olduğunu və kimin yanında əyləşdiyini xatırlamağı məsləhət görüb.
Müşavirədə Firyubinin sağ tərəfində SSRİ-nin maşınqayırma komissarı (naziri) Pyotr Parşin, sol tərəfində isə nüvə layihəsinin rəhbərlərindən biri, nüvə layihəsi üzrə Beriyanın müavini Boris Vannikov əyləşib. Hər iki şəxs digər dövlət məmurlarından daha ciddi olmaları ilə fərqlənib.
scale_1200 (1).png (681 KB)
Sakitləşməyən Firyubin yanında əyləşənlər haqqında da Poskrebışevi məlumatlandırıb. Poskrebışev birinci katibə növbəti məsləhətini verib:

- Yoldaş Firyubin, əgər icazə versəydiniz, sizə bir məsləhət verərdim. Siz heç vaxt Vannikovun yanında əyləşməyin. Müşavirələrdə gözləyin, o öz yerini tutandan sonra, özünüzə ondan uzaq bir yerdə oturacaq seçin. Bir dəfə Vannikov Kurçatovu da belə vəziyyətə salmışdı.
- Bəs külqabını mənim kabinetimə kim qoyub?
- Siz SSRİ-də “NKVD” adlı bir qurumun fəaliyyətini və funksiyalarını unutmusunuz? Və yəqin onu da yaxşı bilirsiniz ki, Vannikov atom layihəsi üzrə həm də Beriyanın müavinidir.

Bu sual Firyubini daha da qorxuya salıb. Bunu hiss edən Poskrebışev onu sakitləşdirib:
- Bunlar hamısı bir zarafatdır. Narahat olmayın. Hər kəs öz vəzifə ranqına görə zarafat edir

Firyubin sakitləsə də, o, bir müddət Vannikova soyuq münasibət bəsləyib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10