Maraqlı tədbirlərin çox yerdə xatirəyə çevrildiyi günlərimizdə Masallı Regional Turizm Kolleci daha bir maraqlı tədbirə imza atdı.
Belə ki, noyabrın 24-də Kollecdə özünəməxsus yaradıcılığı olan publisist-şair Əli Nəcəfxanlı ilə görüş keçirilib.
Məlumat üçün bildirək ki, Əli müəllimin həm də bu günlərdə 60 yaşı tamam olur. Bu 60 yaşa isə o elə-belə gəlməyib. 20 ildən artıq tele-jurnalist kimi çalışıb, hazırda isə “Xalq qəzeti”nin cənub bölgəsi üzrə müxbiridir. Qısası, ömrünün yarıdan çoxu cənub bölgəsi ilə bağlıdır.
5 şeir kitabının müəllifi, bir neçə ədəbi mükafatın sahibi olsa da, o, ən böyük uğuru kimi cənub bölgəsində qazandığı dostları sayır.
Kollecdəki tədbir formasına görə ənənəvi olsa da, yəni rəhbərin çıxışı, təbriklər, şeirlər və sair, məzmunca olduqca maraqlı idi. İstər kollecin direktoru Vidadi Nəzərov, müəllimi Kəmalə Ağayeva, istər Əli müəllimin şair və jurnalist dostlar Rəsul Rzayev, Nurməmməd Ağayev, Zahir Əmənov tədbirdə şair haqqında o qədər səmimi və ürəkyanğısı ilə danışdılar ki, nəinki “səbəbkar”ı, ümumilikdə poeziyanı tədbir iştirakçılarına daha ürəkdən sevdirə bildilər.
Cəmaləddin Ağayevin kollec tələbələrinin iştirakı ilə Əli Nəcəfxanlının şeirlərindən ibarət hazırladığı kompazisiyası isə tədbirə bir şirinlik, xoş ab-hava gətirdi.
Sonda isə Əli Nəcəfxanlı tədbir iştirakçılarına yeni, həm də heç vaxt köhnəlməyən “köhnə” şeirlərini oxudu, bir qrup tələbəyə sonuncu “Söz yerə düşməsin” şeirlər kitabını bağışladı.
Biz də redaksiyamız adından Əli müəllimin 60 yaşını təbrik edir, sonda onun şeirlərindən bir neçəsini sizə təqdim edirik.
Uçurum
Məndən düşüb sınmısan,
Parçan calağa gəlməz,
Üzün sığala yatmaz,
Telin darağa gəlməz.
Bir tonqalda yanardıq,
İndi güləkdə külsən.
Xatirə dəftərimdə
Düzülmüş quru gülsən.
Tellər elə qırılıb
Düzəlməz min düyünlə,
Günahmış yola çıxmaq
Sənintək ərköyünlə.
Ha zəng elə, ha vurnux,
O eşq bir də yaşanmaz.
Rabitə naziridə də
Məni sənə qoşammaz.
Sanma ki, üz-üzəyik,
Dayanmışam tuşunda.
Arada uçurum var,
Hərəmiz - bir başında.
O qıza
O mənim şəklimi qaralayan qız
Demək istəyir ki, istəmir məni.
Səmtinə çevrilmiş, adımı tutmur,
Öldürür eləcə sitəmi məni.
Onsuz da əzəldən qaragünlüyəm,
Bir də bu şəklimin qaralanmağı...
Ağlıma gəlir ki, şərəfdi, sandı
Onun gül əliylə yaralanmağım.
Qıza nə deyiblər- nə deməyiblər,
Yenə dil yetirmək olmur dilinə.
Dəli-cinli vaxtı bəxtim gətirib,
Özüm düşməmişəm onun əlinə.
Şəklimin abrını elə alıb ki,
Məni nəzərindan silibdir guya.
Qanıma susayıb sorğu-sualsız
Gizli bir sirrimi bilibdi güya.
Gözümün rəngini qatıb şəklimə
Gözü hər dəqiqə üstümdə olsun.
Şəkil nəmənədi, canımı verərəm,
O qız təki mənim qəsdimdə olsun.
Qəribçilikdi
Sayəndə ölümü alımışam satın
Sayəndə ürəyim çilik-çilikdi.
Mənim həyatımla sənin həyatın
Qovuşa bilməyib, qəribçilikidi.
Gözümə baxmısan gözümdə şimşək,
Qırılıb qalmışam qırılmış simtək.
Sənə bənd olalı... bir arzu-istək
Üzümə gülməyib, qəribçilikdi.
Sevda get-gəlində mən də varmışam,
Ümüdə yol ölçüb dərdə varmışam.
Ömrümə ikinci ad axtarmışam,
Ağlıma gəlməyib – qəribçilikdi.