Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "Mədəniyyət kəndlərdə" layihəsi çərçivəsindəki növbəti tədbir bu dəfə dağlar qoynunda yerləşən, qədim tarixə malik Yardımlı rayonunun Çayüzü kəndində təşkil edilib. Oktyabrın 8-də keçirilən tədbirdə mədəniyyət işçiləri, yerli rəsmi şəxslər, ziyalılar, media mənsubları və ictimaiyyət nümayəndələri iştirak edib.
Mədəniyyət tədbirində Yardımlının tarixi, mədəni ənənələri, tanınmış ziyalıları, yaradıcı insanları, habelə Çayüzü kəndinin təsərrüfatı, təhsil göstəriciləri, qədim folkloru barədə məlumat verilib.
Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbirə toplaşan mədəniyyət işçiləri və rayon ictimaiyyətini səmimi salamlayaraq tədbirin həyata keçirilməsində rol alan məsul mədəniyyət işçiləri və rayon rəsmilərinə minnətdarlıq edib. Rəis sonra layihənin məqsədləri və tədbirlərə dair gələcək planlardan danışıb. O, əlavə olaraq mədəniyyətin yerlərdə təbliği və kənd icmalarının tədbirlərə cəlb olunmasının əhəmiyyətini izah edib, həmçinin istedadlı gəncləri tədbirlərdə fəal iştiraka dəvət edib.
Çıxış edən digər natiqlər "Mədəniyyət kəndlərdə" təşəbbüsünü yüksək qiymətləndirib, bu məzmunda tədbirlərin yerlərdə mədəniyyətin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə edib, təşkilatçılara gələcək tədbirlərdə uğur arzulayıblar.
Sonra mədəniyyət müəssisələrinin qədim məişət əşyaları, müxtəlif xalq sənətkarlığı nümunələri, maraqlı rəsm və əl işlərindən qurulmuş sərgilərinə baxış keçirilib. Bununla bərabər, Çayüzü kənd folklor klubunun üzvlərinin ifasında şəhidlik məqamının ucalığını və vətən eşqini ifadə edən bayatılar deyilib, həzin musiqilər səsləndirilib. Məktəbli könüllülər isə hərbi-vətənpərvərlik mövzusunda şeir kompozisiyaları ifa ediblər.
[hide][/hide]Tədbirin sonunda mədəniyyət tədbirlərində fəal iştirak edən könüllülərə İdarənin "Təşəkkürnamə"si təqdim edilib.
Məlumat üçün qeyd edək ki, kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, həmçinin istedadlı gənclərin aşkar olunması və yaradıcı imkanlarının reallaşdırılmasına müvafiq dəstəyin göstərilməsini hədəfləyən layihəyə sentyabr ayında başlanılıb.