Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xruşova əks gedən və respublika rəhbəri postundan sovxoz direktorluğuna endirilən adam – Ulcabayevin qisası


1986-cı ildə, 25 ildən sonra onu xaric olunduğu Kommunist Partiyasına bərpa edəndə, Tursun Ulcabayev partiya biletini əlinə götürməkdən imtina edib. Tacikstanın sabiq birinci katibi özünü və yaşadığı illəri lənətləyərək insanlığa hörmət qoyulmayan sovet rejimində işlədiyi üçün acı təəssüfünü bildirib.

1916-cı ildə Səmərqənddə anadan olan Tursun Ulcabayev orta təhsil aldıqdan sonra Xocənd şəhərində pedaqoji texnikumda oxuyub. Bir neçə il ibtidai sinif müəllimi işlədikdən sonra o, fəaliyyətini komsomol orqanlarında davam etdirib. Vəzifə pillələrində sürətlə irəliləyən Tursun Ulcabayev sovet-alman müharibəsi illərində Tacikstan komsomulunda yüksək postlar tutub və 1943-cü ildə o, Tacikstan komsomol komitəsinin birinci katibi vəzidəsinə təyinat alıb.

1950-ci ildə Daşkənd Ali Partiya Məktəbinin bitirdikdən sonra onu Stalinabad (Düşənbə) vilayət partiya komitəsinə katib göndəriblər. Daha sonra o, Tacikstan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
230956.jpg (53 KB)
Stalinin vəfatından sonra Xruşovun kadr islahatlarında Tursun Ulcabayev diqqətdən kənarda qalmayıb. O, əvvəlcə Tacikstanda KP MK-nın katibi, daha sonra isə Tacikstan Nazirlər Sovetinin sədri vəzifəsinə irəli çəkilib.
Bu ərəfədə Tursun Ulcabayevlə Xruşov arasında sıx əlaqələr yaranıb. Hətta yaxın zamanlarda Ulcabayevin Moskavada, Kremldə yüksək vəzifələrdən birinə təyinatı da istisna edilməyib.
1956-cı ilin yanvar-fevral aylarında Ulcabayev bir neçə dəfə Kremlə dəvət olunub. Nəhayət, Xruşov etibar etdiyi, özünə yaxın saydığı Ulcabayev haqqında son qərarını verib. Beləliklə, Tursun Ulcabayev 24 may 1956-cı ildə Tacikstanın birinci katibi kürsüsünə sahib olub.

Ulcabayevin fəaliyyətində Xruşovla yaxınlıq hər sahədə özünü göstərib. Mərkəzi Koitənin plenumlarında, müşavirələrdə Xruşov Ulcabayevin xidmətlərini yüksək qiymətləndirib. Sovet lideri ABŞ-a səfərində nümayədə heyətinə Ulcabayevin də salınması barədə şəxsən özü göstəriş verib.
imagegndezhh90n-h.jpg (103 KB)
Amma bu dostluq münasibətlərinin ömrü uzun çəkməyib. SSRİ dövründə adətən müttəfiq respublikaların, diyar və vilayət partiya komitələrinin ikinci katibləri Mərkəzi Komitənin xüsusi nomenklaturası olaraq milliyyətcə ruslardan təyin olunub. Sözsüz ki, Tacikstan da bu qeyri-rəsmi partiya ənənəsindən kənarda qalmayıb.
1960-cı ilin sonlarında Xruşovun təşəbbüsü ilə İvan Koval Tacikstana ikinci katib vəzifəsinə təyinat alıb. Bu haqda Ulcabayevə məlumat veriləndə o, hələ Moskvada olan Kovala zəng vurub. “Sizi Tacikstanda heç kim gözləmir” deyən birinci katib Kovalın respublikada işləməyəcəyini söyləyib. Daha sonra Xruşovla telefon əlaqəsi yaradan Ulcabayev baş katibə məsləhət verməkdən də çəkinməyib. O, Xruşova bildirib ki, əgər ikinci katibin milliyyətcə rus olması vacibdirsə, Tacikstanda doğulan, böyüyən, bu respublikanın daxilinə yaxşı bələd olan milliyyətcə rus Pyotr Obnosov ikinci katib təyin olunsun.
Yəqin ki, həmin dövrdə Xruşovun iradəsinə zidd getməyə, baş katibin təyin etdiyi kadrı qəbul etməməyə heç bir dövlət məmuru cürət etməzdi. Ancaq Ulcabayev bu cürəti özündə tapıb.
6542.jpg (121 KB)
Maraqlı məqam odur ki, Xruşov Kovalın Tacikstana təyinatında Ulcabayvə özünəməxsus çılğın xarakteri ilə dirəşməyib və Koval haqqında əmr dəyişdirilərək, onu Mərkəzi Komitə aparatında işə qəbul ediblər. Xruşovun Ulcabaylevlə bağlı planları isə daha sərt olub.
Bu hadisədən sonra Kremldən Tacikstana təzyiqlər başlanıb. Müttəfiq respublikanın bütün sahələri üzrə yoxlamalar keçirilib. Sonda Tursun Ulcabayevin məsələsi Mərkəzi Komitənin 1961-ci il aprel plenumunda gündəliyə çıxarılıb. Birinci katib Mərkəzi Komitəyə göndərdiyi hesabatlarda saxta rəqəmlərə yol verməkdə ittiham olunub. Plenumda o, tutduğu bütün vəzigfələrdən azad edilib, o cümlədən Kommunist Partiyası sıralardan xaric olunub.

Bir neçə ay işsiz qaldıqdan sonra Ulcabayev Tacikstanın Moskva rayonunun ucqar sovxozlarından birinə direktor göndərilib. Qısa müddətdə həmin sovxoz öz göstəriciləri ilə ön sıralara çıxıb. Daha sonra Ulcabayev Kuybışev rayonunda “Partiyanın 20-ci qurultayı” adına sovxozda direktor işləyib. Bu vəzifədə də o, əldə etdiyi nailiyyətlərlə fərqlənib. Həmin ərəfələrdə Koval Tacikstana ikinci katib vəzifəsinə göndərilib. O, bütün vasitələrdən istifadə edərək Ulcabayevin fəaliyyətinə əngəl törətməyə çalışıb.
Uldzabaev.jpg (63 KB)
Sabiq birinci katibə münasibəti yaxşı olanlar vəzifələrindən uzaqlaşdırılıb. Ulcabayev Moskva rayonuna təyyarə ilə uçanda, hörmət mənasında onu aeroportda rayonun birinci katibi Məhməddulla Xolov qarşılayanda, elə səhərisi gün Kovalın tapşırığı ilə o, vəzifəsindən kənarlaşdırılıb.
1986-cı ildə Ulcabayevin 1961-ci ildə “itirdikləri” – təltifləri, partiyaya üzvlüyü bərpa edilib. İki ildən sonra, 1988-ci ildə Tursun Ulcabayev 72 yaşında Düşənbədə vəfat edib.

Tacikstan müstəqillik qazandıqdan sonra Tursun Ulcabayevin xidmətlərinə yüksək qiymət verilib, onun birinci katib olduğu dövrdə respublikadakı quruculuq işləri taciklər tərəfindən dəyərləndirilib. Tacikstan prezidenti Emoməli Rəhmonun 9 sentyabr 1997-ci il tarixli 118 nömrəli fərmanı ilə Hurek su-elektrik stansiyasına Tursun Ulcabayevin adı verilib. Həmçinin Tacikstanda sabiq birinci katibin adını daşıyan təhsil ocaqları və küçələr də var.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10