Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qatarda həbs etmək istədilər, qayınatası onu “fahişə” adlandırdı, ərinin Stalinlə dostluğuna etiraz etdi – “Onu bağışlamaq olarmı” filminin anası


Bu gün gürcü aktrisa, Xalq artisti Veriko Ancaparidzenin doğum günüdür. Aktrisa haqqında maraqlı faktları təqdim edirik.

Veriko İvlivanovna Ancaparidze 1900-cu il (bəzi mənbələrdə 1897-ci il) oktyabr ayının 6-da Gürcüstanın qərbində yerləşən Kutaisi şəhərində doğulub. Veriko hüquqşünas ailəsində doğulsa da, ailəsi yaradıcı mühitlə sıx əlaqədə olub. Daxil olduğu gimnaziyanı yüksək qiymətlərlə bitirən Veriko tezliklə aktrisa olmaq qərarına gəlir. Bu fikirlə də o, 1916-cı ildə ailəsini tərk edərək Moskvaya gedir. O, çox çətinliklə aktyor Sergey Aydarovun yaratdığı teatr dram studiyasına daxil olur. Lakin, burda cəmi bir il oxuya bilən on altı yaşlı qızcığazın gələcək arzularını Rusiyada baş qaldırmış inqilab yarımçıq qoyur. O, tezliklə Gürcüstana qayıtmaq məcburiyyətində qalır. Tiflisə gələn Veriko tez bir zamanda “Antuan” teatr studiyasında fəaliyyətə başlayır.

Aktrisa gənclik illərində
Bir müddət sonra Veriko şair, publisist, siyasətçi Şalva Amirecibi ilə ilk ailə həyatı qurur. Bu evliliyin ömrü isə çox qısa olur.
***
Daha sonra o, həyat yoldaşı olacaq rejissor Mixail Çiaureli ilə tanış olur. Aktrisa ailə qurmaq üçün öz ailəsini və uşağını tərk edən Mixail Çiaureli Veriko haqqında xatirələrində yazırdı. “Veriko güman etdiyiniz qədər də gözəl olmayıb. Amma o, çox şarmlı qadın olduğundan kişi pərəstişkarları da həddindən artıq çox idi. Onun üçün ağlını itirənlər vardı”.

"Berlinin süqutu" filmindən kadr
Mixailin atası göyərti satan, sadə gürcü kişisi idi. O, oğlunun Veriko ilə evlənməsini ona heç cür bağışlamır. Veriko haqqında isə “mən o, fahişəni heç bir zaman görmək istəmirəm” deyir. Mixail Verikonu bir neçə aylıq kurs keçmək üçün özü ilə birlikdə Almaniyaya aparır. Geri dönərkən o, valideynlərinə hədiyyə alıb Verikoya verib atasının yanına göndərir. Və qətiyyətlə bildirir ki, əgər atası Verikonu görüb, az da olsa tanısa onu bağışlayıb barışacaq.
***
Qarşısında gənc bir qadının dayandığını görən Mixailin atası Edişer təəccüblənsə də, gələnin onun oğlunun arvadı Veriko olduğunu bilir. Mixailin ata və anası ilə çox mehribanlıqla tanış olub gətirdiyi hədiyyələri onlara bağışlayan Veriko onların xoşuna gəlir. Mixailin atası Veriko ilə tanış olandan bir neçə dəqiqə sonra deyir “Mən indi Mişanı başa düşürəm. Sənin kimi xoşxasiyyət və gözəl qadını sevməmək mümkün deyil”.

Bütün Gürcüstanın patriarxı İlya II və akrtisa Veriko Ancaparidze
Bir müddət sonra Verikonun fəaliyyət göstərdiyi teatrda parçalanma başlayır və teatr dağılır. Belə olan halda Veriko Batumi teatrını seçmək məcburiyyətində qalır.
***
1928-ci ildə aktrisa gürcü teatrının əsaslarını qoyan Konstantin Marcanişvili ilə tanış olur. O, aktrisadakı fitri istedadı və səhnə cazibəsini görür. Tezliklə Veriko “Hamlet” tamaşasında Ofeliya rolunu ifa edir. Ardınca gələn uğurlu rollarla özünü sınayan aktrisanın adı bu günə qədər də Marcanişvili teatrı ilə birgə çəkilir. Çünki, uzun illər həmin teatrda bir-birindən maraqlı rollar ifa edən aktrisa 1957-ci ildə həmin teatrda özünü rejissor kimi sınamaqla yanaşı 1960-cı ildə həmin teatrın bədii rəhbəri də olmuşdur.

Soldan: Xalq artistləri Alisa Freyndlix, Ariadna Şenqeleya və Veriko Ancaparidze
Teatrda uzun müddətli fəaliyyəti zamanı o, “Dezdemona” 1932, “Kameliyalı qadın” 1940, “Cavara və qaraçı” 1945, “Kleopatra” 1951, “Medeya” 1962, “Ana” 1965 kimi tamaşalarda baş rollar ifa edərək bir-birindən yaddaqalan obrazlar yaratmışdır.
***
Hər gün tamaşadan pərəstişkarlarının alqışları ilə qucağında gül dəstəsi evə dönən aktrisanı evdə uşaqları və onu hamıya qısqanan əri gözləyir. Aktrisa hər dəfə böyük gül dəstəsi və bahalı hədiyyələrlə evə dönəndə Mixail onu dəlicəsinə qısqanar və aralarında bitməyən mübahisələr başlanır. Veriko güllərin və hədiyyələr pərəstişkarları tərəfindən verildiyini dəfələrlə dilə gətirsə də Mixailin içindəki qısqanclıq alovu sönmək bilmir.

Soldan: aktrisanın bacısı oğlu Georgi Daneliya, qızı Sofiko Çiaureli, Veriko Ancaparidze və həyat yoldaşı Mixail Çiaureli
Verikonun kinoya gəlişi iyirminci illərə təsadüf edir. Onun kinoda ilk böyük işi həyat yoldaşı Mixailin rejissorluğu ilə 1929-cu ildə çəkilmiş “Saba” filmi olur. Aktrisa həmin filmdə Maro adlı müasir gürcü qadını obrazını yaradır.
***
Müxtəlif illərdə xeyli filmə çəkilən aktrisa nədənsə kino aktrisası olmaq arzusunda olmayıb. O, özü kino haqqında bunları deyirdi: “Əlbəttə kinonu da yaradıcılığın bir qolu hesab edərək kinonu sevirəm. Lakin, filmə çəkilməyi sevmirəm. Mənə belə gəlir ki, əsl teatr aktrisasının kinoda həqiqi nəsə yaratması çox çətinliklə başa gələn məsələdi. Necə deyərlər aktrisa bunun üçün bütün gücünü səfərbər etməyi bacarmalıdı”.

Aktrisa sınaq çəkilişində
Lakin, buna baxmayaraq aktrisa kinoda otuzdan çox filmə çəkilmişdir ki, bunların bir çoxu da ərinin rejissorluğu ilə baş tutmuşdur. “Kadjana” 1941, “Georgiy Saakadzi” 1942, “Keto və Kote” 1948, “Berlinin süqutu” 1949 kimi filmlərə çəkilir.
Mixail Çiaurelinin rejissorluğu ilə çəkilmiş “Berlinin süqutu” filmində Veriko ana rolunu canlandırır. Film II Dünya müharibəsindən və Stalinin həyatından bəhs edirdi.
***
Onu da qeyd edək ki, Veriko ərinin Stalinə qarşı olan simpatiyasını bəyənmirdi. Onların dostlarının və həmkarlarının bir çoxu Stalin repressiyasına məruz qalıb həbs olunduqları zaman Veriko da belə bir təhlükəylə üz-üzə qalır. Qatarla Kutaisiyə qastrol səfəri edən aktrisa elə qatardaca həbs olunmaq təhlükəsi yaşadığı zaman onu ərinin adı və onun Stalinlə olan əlaqəsi xilas edir.

Aktrisa qızı Sofiko Çiaureli ilə
Aktrisanın şəxsi həyatı və taleyi uğurlu olub. O, çox gənc yaşında ailə həyatı qurub və dörd uşaq sahibi olub. Üç oğlan və bir qız. Onun özünün də etiraf etdiyi kimi ailəsi və övladları hər zaman onun sənətinə olan məhəbbətindən dolayı dəstək olub qayğı göstəriblər.
***
Azərbaycanlı tamaşaçıyla Veriko Ancaparidze ilk dəfə 1932-ci ildə gürcü rejissoru Nikolay Şengelayanın rejissorluğu ilə çəkilmiş “26 komissar” filmində fəhlə arvadı rolu vasitəsi ilə tanış olmuşdur. 1959-cu ildə isə Rza Təhmasibin dəvəti ilə aktrisa “Onu bağışlamaq olarmı?” filmindəki ana obrazını yaradır. Bu rol aktrisanı azərbaycanlı tamaşaçılara daha da sevdirir.

Aktrisa ömrünün son illərində
Böyük gürcü aktrisası 1987-ci il yanvarın 30-da dünyasını dəyişir. Onun ölümü ilə bütün gürcü xalqı dərin kədərə bürünür. Aktrisanın tabutu teatrdan qəbiristanlığa qədər olan on iki kilometrlik yolu əllər üzərində aparılır. Tbilisinin küçələrinə düzülmüş pərəstişkarlar aktrisanın tabutunu gül-çiçəklə bəzəyirlər. Hər yüz metrdən bir isə aktrisanın özünün səs yazısı olan mətnlər səsləndirilir.
***
Verikonun kinoda son işi Nana Canilidzenin 1985-ci ildə çəkmiş olduğu “Ailə” filmi olur.
***
Aktrisanın qızı Sofiko Çiaureli də sonralar anası kimi aktrisa olub. O, uzun müddət Rusiyada Böyük teatrın səhnəsində maraqlı rollar ifa edib. Həmçinin xeyli filmlərə də çəkilmişdir. Sofiko 2008-ci ildə yetmiş yaşında dünyasını dəyişib. Aktrisa müsahibələrində anası ilə heç bir yaradıcılıq işi olmamasına dərindən təəssüfləndiyini dilə gətirib.

Kulis az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10