Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müəllimlər günündə sizə bir müəllim təqdim edim - onun nə “Voroşilov” ordeni, nə göz deşən fəxri adları, nə də bir çoxlarının öyündüyü 40-45 illik stajı var


Bəs təqdim edəcəyimiz müəllimin –Vüsal Novruzovun özəlliyi nədir?  

33 yaşı var. Gəncə Dövlət Universitetinin Kimya ixtisası üzrə ali təhsil alıb. Hər il qatıldığı MİQ imtahanlarında maksimum bala yaxın nəticələr göstərib. Builki nəticəsi də uğurludur – ölkə üzrə 1300 nəfər kimyaçı arasında 60 mümkün baldan 57 bal yığaraq, pespublikada  2-ci olub. Bu il onun repititorluğu ilə ali məktəbə sənəd verən 43 məzundan 40-ı tələbə adını qazanıb. 3 şagirdi isə kimyadan maksimum 30 sualın hamısını düzgün cavablandırıb.


Vüsal Novruzov 1988- cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Gəncə Dövlət Universitetini bitirdikdən sonra təyinatla Cəlilabadın ən ucqar ərazilərindən olan Alaşar kəndinə müəllim göndərilib. Cəmi 50-60 evi, elə bu qədər də şagirdi olan kənd Vüsala balaca görünüb. MİQ müsabiqəsində iştirak edərək 35 mümkün baldan 33 bal yığaraq (2014 –də cəmi 35 sual olurdu) Masallı rayon Kosakül kənd  tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirib. Sonuncu, hazırki iş yeri isə Ərkivan qəsəbə 4 saylı tam orta (Həsnəküçə məhəlləsi) məktəbidir.

Vüsal Novruzov orta boyludur,  çox da cüssəli birisi deyil. Sadə davranışılı, olduqca təvazökar, iddiasız, əsas hobbiləri mütaliə, musiqi və  film izləmək olan gənclərimizdən birri.

Bugün yaxşı müəllim kimdir? Orden-medalı olanmı, çoxillik iş stajı olanmı? Dəqiq kriteriyanı tapmaq çətindir.

Vüsal Novruzov Müəllimlərin İşə Qəbul müsabiqəsində iştirak etdiyi 4 imtahanda hər dəfə 95-97 faiz bal toplayıb.

Əvvəllər sualların maksimum  həddi 35 olanda 33 sualı dəqiq cavablandırıb. Bu il isə 1300 nəfər kimyaçı arasında 60 sualdan 57-ni cavablandıraraq ölkə üzrə 2-ci, bölgəmiz üzrə 1-ci olmuşdur.

Bir çox müəllimlər kimi Vüsal Novruzov da repititorluqla məşğuldur. Vüsal müəllim təkcə yaşadığı məkanda  kimya fənnini tədris etməklə kifayətlənmir. Ölkənin müxtəlif bölgələrindən – Bakı, İsmayıllı, Beyləqan, Tovuz və başqa rayonlardan olan abituriyent, eləcə də müsabiqəyə hazırlaşan müəllimlərə də kimya fənninin incəliklərini online dərslər vasitəsilə öyrədir. Vüsal müəllim bildirir ki, əgər sürətli internetim olsaydı digər yerlərdən daha çox tələbələrim olar.

Bugün onun yanına hazırlığa gələnlər sırasında ərkivanlılar çox olsa da, rayonun  Qəriblər, Qızlavar,  Çayqıraq, Musaküçə  və digər kəndlərdən də gələnlər az deyil.

Vüsal Novruzov kimya dərsləri  youtube kanalında onun 3 mindən çox abunəçisi vardır.

Onu da xatırladaq ki, bu il onun hazırladığı şagirdlərdən 3 nəfəri 30 sualın hamısını, 4 nəfəri 29-nu, 2 nəfəri 28-ni,  digər  şagirdlərinin əksəriyyəti  isə 22 sualdan çoxunu  düzgün cavablandırıb.

Onun şagirdləri arasında ölkənin nüfuzlu ali təhsil ocaqlarında təhsil alan həkimlər, müəllimlər və mühəndislər və digər peşə sahibləri vardır. Vüsal müəllim bildirir ki, fəxr edirəm  ölkənin gələcəyi üçün savadlı kadrların hazırlanmasında az da olsa əməyim vardır.

Vüsal müəllimin arzuları, özündən şikayəti, gileyləri.

Heyf ki, vaxt azlığından yaşadığım ərazinin ictimai işlərində fəal iştirak edə bilmirəm. Hədəfim ölkə üzrə kimyaçı müəllimlər sırasında 1-ci olmaq olsa da,  hələ ki, ancaq bu zirvənin 1 addımlığına kimi gəlirəm.

İstərdim ki, məktəblərimizdə işlək kimya laboratoriyaları olsun. Təəssüf ki, əksər məktəblərdə laboratoriya otaqları yoxdur, olanlarda da avadanlıqlar və reaktivlər yoxdur.

Redaksiyada: Görəsən digər məktəblərimizdə hansı fənnlər üzrə müəllimlərin nəticəsi necədir? Tanıdıqlarınızı yazın, biz də işıqlandıraq.

Sonda bütün dəyərli müəllimlərimizi, müəllim adını həmişə uca tutan pedaqoqlarımızı 5 oktyabr müəllimlər günü münasibətilə təbrik edirik.


Fidan Abbaslı.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10