“Azərbaycan və Ermənistan liderlərinin mümkün görüşündə 10 noyabr və 11 yanvar anlaşmaları müzakirə ediləcək”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq Ermənistan-Azərbaycan gərginliyindəki son hadisələrə diqqət çəkib:
“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ məsələsini “minalı sahə” adlandırıb və ora yaxınlaşmağın Ermənistan üçün fəlakətə yol açacağını deyib. Nəhayət Paşinyan reallığı anladı və qəbul etdi. Həqiqətən də erməni baş nazir ikitərəfli əlaqələrin normallaşması üzrə aparılacaq danışıqlar prosesində Qarabağ sahəsinə girərsə, “mina”ya düşəcək. Çünki Qarabağ münaqişəsi artıq öz həllini tapıb. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə dilə gətirilib.
Prezident İlham Əliyev Suqovuşan və Talış kəndinə səfərində Ermənistana bir daha öz mesajlarını çatdırdı. Bu mesajlardan anlaşılan budur ki, Minsk qrupu bundan sonra yalnız iki dövlətin liderinin görüşünü təşkil edərək, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə çalışmalıdır. Minsk qrupu bağlı qapılar arxasında Qarabağ danışıqlarına cəhd etsə, Azərbaycan bundan çəkinməlidir. Çünki Minsk qrupu bundan istifadə edərək, “status” məsələsini gündəmdə saxlamağa cəhd edəcək”.
Məhəmməd Əsədullazadənin fikirincə, Azərbaycan və Ermənistan liderlərinin mümkün görüşündə 10 noyabr və 11 yanvar anlaşmaları müzakirə ediləcək:
“Belə bir görüşün baş tutması ikitərəfli təmaslarda normallaşmaya və nəqliyyat əlaqələrinin bərpasına gətirib çıxara bilər. Qazaxın işğalda olan 7, Naxçıvanın isə bir kəndinin azad edilməsi yönündə irəliləyişlərə səbəb olacaq. Artıq yerdə qalan məsələlərin həlli istiqamətində Ermənistan və Azərbaycandan müsbət siqnallar verilir.
Təsadüfi deyil ki, prezident Suqovuşanda verdiyi mesajlarda Nikol Paşinyan haqqında mənfi ifadəyə yer vermədi. Dövlət başçısı çıxışında Ermənistanın revanşist eks-prezidentlərinin sərsəmləmələrinə kəskin reaksiya verdi. Ümumiyyətlə, bu mesajlar Ermənistanda Azərbaycana qarşı qisas çağırışları edənlərə ünvanlanmışdı, təkcə onlara yox.
Hesab edirəm ki, Prezident İlham Əliyev və Nikol Paşinyan arasındakı görüş Rusiyanın vasitəçilyi ilə yox, birbaşa qarşılıqlı razılaşma ilə baş tutacaq. Əgər Paşinyan bu görüşə mina xəritələrini gətirəcəksə, bunlar reallığı əks etdirməlidir. Əks halda bununla özünü çətin vəziyyətə salacaq”.