Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Brejnevin Tacikistan səfəri – fəhlələrin xahişi və baş katibin 1 milyon rubl hədiyyəsi


18 illik hakimiyyəti illərində Leonid Brejnevin bölgələrə səfəri az qala toy-bayramı xatırladıb. Qırmızı xalçalar, yolboyu əllərində gül-çiçək, şüarlar, portretlər qaldıran qırmızı qalstuklu pionerlər, yerli fəal kommunistlərin tərif dolu “xoş gəldin” çıxışları əlamətdar bayramlarla bağlı keçirilən tədbirlərdən heç də geri qalmayıb. Adətən baş katib ölkədaxili səfərlərində olduğu yerlərdə planlaşdırılmamış görüşlər də keçirib, mağazalara, mədəniyyət evlərinə, zavod və fabriklərə də baş çəkib və belə görüşlərdə maraqlı məqamlar az olmayıb.

1970-ci ildə Brejnevin Tacikistana səfəri haqqında müttəfiq respublikanın rəhbərləri yalnız üç gün əvvəl məlumat alıblar. Avqustun 27-də Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Cabbar Rəsulava məlumat verilib ki, Brejnev sentyabrın 1-də Tacikistana səfər edəcək. Qeyd edək ki, Cabbar Rəsulov Brejnevlə yaxın münasibətləri ilə fərqlənən birinci katiblərdən olub. O, 1961-ci ildən ömrünün sonuna, 1982-ci ilə qədər respublikaya rəhbərlik edib.

Ali qonağın gəlişinə Tacikistanda ciddi hazırlıq işləri başlanıb. Baş katibin səfər proqramında əsas tədbir Nurek şəhərindəki su elektrik stansiyasının tikintisində gedən işlərlə tanış olmaq olub. Bir gün əvvəldən Cabbar Rəsulov Nurekdə olub, su elektrik stansiyasının tikintisində işləyənlərlə görüş keçirib, onları təlimatlandırıb, baş katibə artıq-əskik sualların verilməməsinə göstəriş verib.

Beləliklə, Brejnevin sentyabrın 1-də başlanan səfəri rəsmi müşavirə ilə start götürüb. Sonra baş katib Tacikistan paytaxtında bir neçə müəssisəni gəzib, yol boyu bir neçə mağazaya da baş çəkib. Daha sonra rəsmilərin avtomobil karvanı Düşənbədən 70 kilometr aralıda yerləşən Nurekə istiqamət alıb. Həmin dövrdə yenicə şəhər statusu almış Nurekin  əhalisi 10 min nəfərdən də az olub. Əhalinin əsas hissəsi isə stansiyanın tikintisində işləmək üçün SSRİ-nin ayrı-ayrı bölgələrindən gələn şəxslər olub.

Brejnev tikinti işləri ilə yaxından maraqlanıb. Əvvəlcə baş katib ərazidəki qərargahda şəhər rəhbərliyi, tikintiyə cavabdeh olan mütəxəssislərlə görüş keçirib. Hava mülayim olduğundan Brejnev ərazini də gəzib. Daşlı-çınqıllı yollarla fəhlələrin işlədiyi sonuncu nöqtələrə də gedib.  Baş katib işçilərin əməyini yüksək qiymətləndirib, relyefi mürəkkəb olan bir ərazidə işlərin sürətlə getməsi onun ürəyincə olub. Fəhlələr Brejnevin əhvalının yüksək olmasından istifadə edərək onunla dialoqa giriblər. Brejnev onların məişət şəraiti ilə maraqlanıb. Elə bu məqamda inşaatçılar mənzil və məişət şəraitinin sıfır dərəcəsində olması ilə bağlı gileylərini baş katibə çatdırıblar. Fəhlələrlə dialoqdan sonra Brejnevin Cabar Rəsulovla dialoqu başlayıb:
  • Cabbar Rəsuloviç, siz bu stansiyasının ölkəmiz üçün nə qədər vacib olduğunu yəqin ki, bilirsiniz.
Xoşagəlməz vəziyyətə düşən birinci katib cavab verib:
  • Əlbəttə bilirəm, Leonid İliç.
  • Bəs onda nəyə görə bu stansiyanı tikənlər üçün lazımi şərait yaratmırsınız. Özünüz şahidi oldunuz ki, onların kifayət qədər problemləri var.
  • Yoldaş Brejnev, büdcəmiz buna imkan vermir. Bu haqda bir neçə dəfə Nazirlər Sovetinə yazılı müraciət də etmişik.
  • Fəhlələrin mənzil şəraitini yaxşılaşdırmaq, onlara evlər tikmək üçün nə qədər vəsait lazımdır?
  • Biz bunu bir neçə dəfə hesablamışıq. Hətta yaşayış binalarının tikintisi üçün əraziyə mütəxəssislər də dəvət etmişik. Təxmini hesablamalara görə 1 milyon rubl vəsaitlə bu problemi aradan qaldıra bilərik.
Kiçik bir sükutdan sonra Brejnev üzünü fəhlələrə tutub:
  • Mən sizə 1 milyon rubl hədiyyə edirəm. Çox yaxın zamanlarda siz rahat mənzillərdə yaşayacaqsınız.
Baş katib sözünün üstündə durub. Moskvaya qayıdan kimi, o, Nazirlər Sovetinin sədri Aleksey Kosıginə Nurekdə yaşayış binalarının tikilməsi üçün vəsait ayırmağı tapşırıb.

Bununla da, qısa zamanda Nurek şəhəri öz simasını dəyişib. Şəhərə axın daha da artıb. Su elektrik stansiyası ilə yanaşı Nurekdə beton zavodu, geyim fabriki və digər istehsal müəssisələri də tikilib istifadəyə verilib.
Brejnevin Tacikistan səfərindən sonra Kremlə Nurek şəhərindən minlərlə təşəkkür məktubu daxil olub. Hətta bu şəhərin adını dəyişib Brejnev adlandırmaq təklifləri də irəli sürülüb. Amma nədənsə şöhrət hərisi olan baş katib bu dəfə təvazökarlıq nümayiş etdirərək ad məsələsindən imtina edib.

Qeyd edək ki, Nurek Su Elektrik Stansiyasının birinci bloku 1972-ci ildə, sonuncu bloku isə 1978-ci ildə istismara verilib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10