“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə rayonun Şahağacı kəndində səhərəyaxın qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşova gecə vaxtı evdən xəbərsiz çıxıb. Həyat yoldaşı 1945-ci il təvəllüdlü Sədaqət Ağahəsən oğlu Dadaşov oyananda yoldaşının evdə olmadığını görüb, onu axtarmağa başlayıb. Deməsinə görə evdə stolun üstündə “Məni dəniz qırağında axtarın”yazılmış sözlər olan kağız görüb. Evləri dənizə yaxın olduğundan qohumlarla birlikdə onu axtarıblar. Ayaqqabılarının tapıldığı ərazidə V.Dadaşovanın cansız bədəni tapılaraq sudan çıxarılıb. Ailə üzvlərinin deməsinə görə mərhum uzun illər əsəb xəstəliyindən müalicə alıb.
Meyid müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Rayon prokurorluğunda araşdırmalara başlanıb.