Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Eşqi Bağırovun Bakı Təhsil idarəsi ilə vakant yer BİZNESİ – Ölkə məktəblərinə UZANAN KORRUPSİYA


Yeni dərs ili, həm də ənənəvi əyani tədris başladı. Amma hələ mart ayından birinci sinfə qəbul üçün elektron qeydiyyat məsələsində elit məktəblərdə, gimnaziyalarda yerlərin doldurulduğu bildirilir.

Bu müstəvidə rast gəlinən şikayətlərdə qeyd olunur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyi direktorlarla əlbir olub bilərəkdən internet resursunda yerləri dolu göstərir, sonda isə rüşvət müqabilində imkanlı valideynlərə satır. Məktəblərin eynən cəmiyyətdə olduğu kimi təbəqələşməsi – “kasıblara, ortabablara, varlılara” bölünməsi mövzusunda KİV-də, eləcə də “Dəryaz.az” saytında yetərincə tənqidi məqalələr dərc olunub.

Digər tərəfdən, müəllimlərin də işə qəbulu və yerləşdirilməsi ilə bağlı problem bu sahədə kadrların çox olması məsələsini müzakirə predmetinə çevirib. Yeni dərs ilinin başlanğıcına olan məlumata görə, ölkəmizdə 4447 orta təhsil məktəbində 1,6 milyon şagird və 150 min müəllim var, hər 10 şagirdə bir müəllim düşür. Düzdür, Bakı şəhərində bu rəqəm daha aşağıdır, paytaxtın 320 orta ümumtəhsil məktəbində 440 min şagird var və onlarla 28 min müəllim işləyir. Bu o deməkdir ki, Bakıda 9 şagirdə bir müəllim düşür.

Amma bölgələrdə bəzən 11-12 şagirdə bir müəllim düşür. Bu rəqəmlər tədrisin keyfiyyətinə bilavasitə təsir göstərən amillərdən hesab edilir. Hər il Azərbaycanın ali təhsil müəssisələrini 12 minə yaxın pedaqoji kadr bitirir və onların əvvəlki illərdə də işlə təmin olunması ilə bağlı ciddi problemlər var. Problemlər dövlət orta ümumtəhsil məktəblərində vakant yerlərin azlığı ilə bağlıdır.

Yenə rəqəmlərə baxanda ancaq deyə bilərik ki, hər il Azərbaycanın orta ümumtəhsil məktəblərinə yaşı 65-dən yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra onların yeri vakant çıxarılır. Yaxud da bu və ya digər səbəbdən təhsil müəssisəsindən kənarlaşanların yeri vakant çıxarılır. Bir çox hallarda hətta müəllim işdən azad olunsa belə, yaşa görə çıxsa belə o yer vakant çıxarılmır. Çünki həmin məktəbdə yetəri qədər müəllim var.

Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə üzərindən bildirib ki, göstəricilərə uyğun olaraq, orta hesabla illik 5 min vakant yer ayrılması mümkündür. 150 min müəllim sayı olan sistemin ildə 15 min vakant yer ayırmaq imkanı yoxdur”. Bəs, nazirin də dediyi kimi, problemin həlli, yəni müəllim ixtisaslı kadrların çoxluğunun yaratdığı problem necə həll olunmalıdır?

Bu o deməkdirmi ki, müəllim hazırlayan ali məktəblərdə yerlər azaldılmalıdır? Hətta bugünlərdə təhsil ekspertlərindən biri sırf müəllim hazırlayan Azərbaycan Pedaqoji Universitetinin bağlanması haqda təklif də irəli sürmüşdü. Digəri isə kolleclərdə pedaqoji yönümlü ixtisasların çıxarılmasını təklif etmişdi. Bir başqaları isə işləyən müəllimlərin yaş həddini 65-dən 55-ə endirməyin, müəllimlərə standart dərs saatları əsasında vahid vəzifə maaşı müəyyənləşməyin, yerdə qalan dərs saatlarının vakant olaraq çıxarılmasının tərəfdarıdırlar.

İndi aşkar etiraf olunur ki, müəllim çoxluğu rüşvətə də rəvac verir, iş tapmaq problemi ilə üzləşən təhsil işçiləri rüşvət verməklə özlərinə iş tapmağa məcbur olurlar. Amma o da müşahidə olunur ki, belə vəziyyət bəzi təhsil məmurlarına, məsələn Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov kimilərə sərf edir. İş o yerə gəlib çıxıb ki, hətta Müəllimlərin İşə Qəbulu üzrə imtahanlarda yüksək bal toplayan pedaqoqlar da bürokratik əngəllər, süni manelər səbəbindən işə düzəlməkdə çətinlik çəkirlər.

Redaksiyanmıza daxil olan məlumatlarda bildirilir ki, Eşqi Bağırov imtahanlarda yüksək göstərici əldə etmiş müəllimləri hətta mövcud vakant yerlərə belə göndərməkdən imtina edir. Bu sətirlərin müəllifi öz qohumunun belə problemlə rastlaşdığının şahidi olub: Həmin müəllim pedaqogika üzrə magistraturanı qırmızı diplomla qurtarıb, MİQ imtahanında isə mümkün 60 baldan 56-nı toplayıb. Boş vakant yerin olduğunu öyrəndiyi məktəblərin birinə düzəlmək üçün BŞTİ-yə müraciət edib. Xətai rayonunda yerləşən məktəbin direktoru ona deyib ki, həqiqətən savadlı ingilis dili müəlliminə ehtiyac var.

Müşayiət etdiyim üçün şahid oldum ki, işaxtaranı TN-nin Binəqədidə yerləşən İnsan Resursları İdarəsində Eşqi Bağırovun yanına buraxmadılar. Ancaq aşağıdan (üzün üzdən utanmasını əngəlləyən icadla) daxili telefonla əlaqə saxladı. Dəstəyin o başından qeydiyyatçı qız cavab verdi ki, sözügedən məktəbdə vakant müəllim yeri yoxdur, həmin yerə artıq bir aydır ki adam göndərilib. Namizəd yenidən məktəb direktoru ilə əlaqə saxladı. Direktor əvvəlki sözünü təsdiqləyərək, idarənin yalanını çıxardı. Bu dəfə qeydiyyatçı qız etiraf etdi ki, rəhbərlik (bizim misalda Eşqi Bağırov) işə adam götürməməyi tapşırıb.

58 bal toplamış ikinci qohumum da vacant yerlərlə bağlı işə qəbul üçün müraciət etsə də, sənədlərini təsdiqləmirlər. 59 bal bal toplamış üçüncü qohumum isə yaşadığı yerdəki məktəblərdən birində vacant yer olsa da, 70 km məsafədə yerləşən Bakı kəndlərinin birində yerləşən təhsil müəssisəsinə göndərilib.

Ünsiyyətdə olduğumuz tanış məktəb direktorlarından biri etiraf etdi ki, Eşqi Bağırov yeni müəllim götürməməyi, dərs yükünü faktiki işləyən müəllimlərin arasında bölməyi tapşırıb. Belə çıxır ki, hansı dərəcədə üstün savada malik müəllim olursansa ol, işdən ötrü müraciət edirsənsə, Eşqi Bağırovdan (onun iqamətgahından) aldığın birinci cavab “yox” kəlməsi olacaq. Eşqi Bağırov arxayındır ki, nəyin bahasına olur-olsun işə düzəlmək istəyən kəs, özüylə təkcə savad baqajı deyil, ayrı yük də gətirəcək.

O da gəlməsə, başqası gəlib-gətirəcək, necə deyərlər, “doğanaqdan keçəcək”. Və bu cür korruptiv kadr siyasətinə görə onlara “gözün üstə qaşın var” deyən, işsiz müəllimləri dövlətdən, dövlət rəhbərliyindən narazı salmalarına görə qınayan yoxdur. Görəsən, bu hal nə vaxta qədər davam edəcək? Bəlkə işsiz müəllimləri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda açılacaq məktəblərə göndərmək planı var, biz bilmirik. Belə bir plan mövcuddursa, onun indidən açıqlanması heç də qəbahət olmaz.

Mövzunu davam etdirəcəyik.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırovla əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mənbə gundelik-baku.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10