Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

XİN-də 2.5 milyon manatlıq yeyinti: hər dəfə pul çıxaranda 5 manat alan danışdı


Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində Çingiz Abışov dindirilib. İfadəsində "Əmrahbank"da çalışan Rövşən Məmmədovu tanıdığını, onun təklifi ilə adına şirkətlər açıldığını deyib: “Buna görə ayda 300 manat pul alırdım. Belə ki, hər pul əməliyyatı zamanı banka gedir, sənədlərə qol çəkirdim və Asif adlı şəxsə verirdim. İki ilə yaxın əməkdaşlıq etmişəm. Asifin harada işlədiyini bilmirdim”.

Şahidin məhkəməyə verdiyi ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyətlər olduğundan onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunub. Şahid istintaqa verdiyi ifadəsində Asif adlı şəxsin Xarici İşlər Nazirliyinin əməkdaşı olduğunu, bank əməliyyatı zamanı pulları çıxarıb ona verdiyini deyib: “Pulları Asifə vermişəm. O da deyirdi ki, pullar Səlim Əlizadəyə çatırdı. Hər pul əməliyyatından mənə 2 faiz qalırdı".

Şahid istintaqa verdiyi ifadəsini təsdiqləsə də təqsirləndirilən S.Əlizadəni tanımadığını bildirib.

Şahid qismində dindirilən Tural Niftəliyev ifadəsində Çingiz Abışovun tanışı olduğunu, sonuncunun onu R.Məmmədovla tanış etdiyini, ümumilikdə adına 19 min manat pul gəldiyini deyib: “Bəzi vaxtlar pul çıxartmaq üçün banka gəlmişəm və pulu çıxarıb Rövşən müəllimə vermişəm. Əvəzində mənə 5 manat pul verib”.

Digər şahid Günel İsayevə ifadəsində deyib ki, bankda işləyən R. Məmmədov onu Səlim Əlizadə ilə tanış edib: "Mühasibəm, bankda əməliyyatlar edirdim. Rövşən müəllimlə münasibətimiz yaranmışdı. Mənə Səlim Əlizadə ilə işləməyi təklif etdi. Səlim Əlizadə adıma şirkət yaratmağımı dedi. Həmin vaxt da əlimdə hazır şirkət var idi. Şirkətə mallar gəlirdi. Mən də bir neçə dəfə bankın qarşısında malları görmüşəm. Ümumilikdə şirkətin adına 135 min manat pul gəlib. O pulları çıxarıb Səlim Əlizadəyə vermişəm. Qarşılığında hər pul çıxaranda 150-200 manat mənə pul verilib. Vergilər də onlar tərəfdən ödənilib".

Şahid Svetlana Gülməmmədova da mühasib olduğunu və Səlim Əlizadənin təklifi ilə adına şirkət açıldığını qeyd edib: “Səlim Əlizadəni tanıyırdım. O bildirdi ki, adıma şirkət açılsın və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edim, razılaşdım. Dəftərxana malları alınırdı. Bir neçə dəfə bankdan pul çıxarıb Sədərək ticarət mərkəzindən mallar almışıq. Ümumilikdə adıma 75 min manat pul gəlib. Həmin puldan 1 faizi mənə verilib. Vergilər də ödənilib".

Şahid Məhyəddin Hüseynov məhkəməyə verdiyi ifadəsində usta işlədiyini deyib: “Bilal Qasımovun evində işləyirdim. Təklif etdi ki, adıma şirkət yaradılsın, tikinti materialları ilə bağlı işlər görülsün, razılaşdım. Amma sonra işin alınmadığını dedi”.

İttihamda məlum olub ki, həmin şəxsin adına yaradılan şirkətə etibarnamə alınaraq pullar köçürülüb. Şahid bunlardan xəbərsiz olduğunu bildirib.

Məhkəmə prosesi oktyabrın 5-də davam edəcək.

İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra isə məhkəmə onları ev dustaqlığına buraxıb.

İnarə Rafiqqızı 

virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10