Ekspert: “Əhalinin gəlirlərinin bahalaşma səviyyəsinə uyğun artacağını gözləmək çətindir”
Nazirlər Kabineti 2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən “Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” ilə “Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib. Qeyd olunan layihələr “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə prezidentə təqdim ediləcək.
2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirinin isə 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmaların təşkil edəcəyi planlaşdırılıb.
Beləliklə, gələn il dövlət büdcəsinin 3,9% və ya 980 milyon manat artırılması nəzərdə tutulur.
Cari ildə kəskin qiymət artımı ilə üzləşən əhalini maraqlandıran əsas məsələlərdən biri gələn il maaş, pensiya və müavinətlərin artırılıb-artırılmayacağıdır. Maliyyə Nazirliyi ümumi şəkildə bildirib ki, əhalinin gəlirləri inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İqtisadiyyat Nazirliyi isə ölkədə 2025-ci ilədək orta illik inflyasiyanın 2,7% səviyyəsinə düşəcəyini proqnozlaşdırıb. Nazirliyin proqnozuna görə, 2021-ci ildə inflyasiya 3%, 2022-ci ildə 2,8%, 2023-cü ildə 2,8%, 2024-cü ildə 2,7% təşkil edəcək.
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən bu il Azərbaycanda illik inflyasiyanın səviyyəsi 3,5% artacaq. Qeyd olunur ki, 2022-ci ildə inflyasiya yavaşlayaraq 3,2% təşkil edəcək.
Məlumdur ki, ölkədə real inflyasiya səviyyəsi dövlət təşkilatlarının və beynəlxalq maliyyə qurumlarının proqnozlarından bir neçə dəfə yüksək olur. 2021-ci il ərzində qiymətləri dövlət tərəfindən tənzimlənən yanacaq və su tarifləri artırılıb, eləcə də güzəşt limitləri azaldılaraq qazın qiyməti də, faktiki olaraq, kəskin yüksəldilib. Bu da ərzaq və gündəlik tələbat mallarının qiymətinə təsirsiz ötüşməyib. Əlbəttə, qiymətləri artıran başqa faktorlar (inhisarçılıq, dünya bazarında ərzağın bahalaşması və s.) da var.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən ötən ilin birinci yarısı ilə müqayisədə əhalinin nominal gəlirləri 0,8 faiz azalıb. DSK bildirir ki, həmin dövr ərzində əhalinin nominal gəlirləri 22 milyard 90 milyon manat təşkil edib. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 1,3 faiz azalaraq 2 min 207 manata düşüb.
İlin sonuna qədər qiymətlərin daha da artacağı, inflyasiyanın yüksələcəyi istisna deyil. Bəs, hökumət vəziyyəti sabitləşdirmək üçün real inflyasiya səviyyəsinə uyğun maaş, pensiya artımlarına gedəcəkmi? Gələn ilin büdcəsi buna imkan verirmi?
İqtisadçı Toğrul Maşallı “Press Klub”a şərhində bildirdi ki, gələn ilin büdcə parametrləri sentyabrın sonu, oktyabrın əvvəllərində açıqlanacaq. Onun sözlərinə görə, hazırda məlum olan proqnozlar göstərir ki, artım rəqəmləri rəsmi infilyasıya səviyyəsinə uyğundur:
“Problem ondadır ki, rəsmi inflyasiya səviyyəsi real inflyasiyadan ciddi şəkildə fərqlənir. Doğrudur, hökumət onu bəlli səviyyədə saxlamağa çalışır, amma bu çabaların baş tutması mümkün olmayacaq”.
T. Maşallı qeyd etdi ki, ərzaq və digər tələbat mallarının qiymətində artım kifayət qədər yüksəkdir:
“Gələn il maaş, pensiya və müavinətlər nə qədər indeksasiya olunsa belə, onun real inflyasiya səviyyəsinə uyğunlaşacağı inandırıcı deyil. Ona görə də əhalinin gəlirlərinin bahalaşma rəqəmlərinə uyğun artacağını gözləmək çətindir. Biz görürük ki, son illərdə əhalinin gəlirləri davamlı şəkildə azalır. Gələn il də biz bu tendensiyanı müşahidə edəcəyik. Əgər radikal addımlar atılmasa, vətəndaşların gəlirləri daha da azalacaq. Hökumətin hansı tədbirlər görmək istədiyi barədə təəssüf ki, heç bir məlumat yoxdur”.
Turqut