Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mübariz Mənsimovun ətrafında nələr olur?


Əkrəm Həsənov: “Ola bilər ki, bu yolla əmlakları adından çıxarıb yaxınlarının adına dövr etdirməyə çalışır”


Türkiyədə 5 il azadlıqdan məhrum edilən, cəzası yüngülləşdirilərək şərti azad olunan azərbaycanlı biznesmen, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovu qardaşı Marif Mənsimov məhkəməyə verib. Qardaşı Mübariz Mənsimovu dələduzluqda ittiham edir.
Şikayət ərizəsində “Palmali” şirkətinin rəhbərliyində yer alan Nuray N.P.-nin də adı keçir. Şikayət ərizəsinə əsasən Mübariz Mənsimov və Nuray N.P. etibardan sui-istifadə etməkdə, dələduzluqda günahlandırılır. Qardaşı ərizəsində yazır ki, Mübariz Mənsimov “ictimaiyyətə də bəlli olan çirkli əlaqələrin içərisinə girib, ehtiyac olmadığı halda dövlət adamları ilə yaxın münasibətləri olduğunu deyərək iş dünyasının təmsilçilərini və bankirləri aldatmağa çalışıb”. Bu haqda “Doğan” xəbər agentliyinin (DHA) məlumatında deyilir. Marif Mənsimov ərizəsində göstərir ki, 2018-ci ilə qədər “Palmali” qrupunun rəhbərliyində təmsil olunub, şirkətdə gəmiçilik və daşımaçılıq fəaliyyətlərini idarə edib. Və qardaşının çirkli əlaqələrinə, birlikdə iş qurduğu adamları aldatmasına etiraz edərək şirkətdəki bütün vəzifələrindən istefa verib. Marif Mənsimov göstərir ki, Mübariz Mənsimov dələduzluq yolu ilə bir gəmini üç ayrı adama satıb, sələmçilərlə və mafiya ilə yaxın əlaqələr qurub.
Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi, dələduzluqda ittiham edir
Habelə erməni əsilli mafiya lideri Levon Termencyan və çirkli pulların yuyulmasına görə ABŞ tərəfindən axtarılan, Avstriyada bu yaxınlarda həbs olunan Sezgin Baran Korkmaz kimi şəxslərlə yaxın işbirliyi içərisində olub. Mübariz Mənsimov (Qurbanoğlu) habelə Rusiyanın “Sberbank” bankı, “Lukoil” şirkəti kimi xarici şirkətləri, o cümlədən yerli şirkətlərin zərərlə üzləşməsinə səbəb olan saxtakarlıqlar edib. “Etdiyi qanunsuzluqlar və ilk növbədə dövlətə, cəmiyyətə zərər verən bu insanların layiqli cəzalarını alması üçün bu şikayət ərizəsini verməyə məcburam”, - Marif Mənsimov yazır.

Mənsimovun qardaşı habelə bildirir ki, Mübariz və Nuray əlbir olaraq bir çox saxtakarlıqlar ediblər, çoxsaylı adamlara zərər vurublar. Onları saxta vədlərlə aldadıblar. Marif Mənsimov qardaşından 17 il əvvəl satın aldığı Beşiktaş Ulusdakı villasının da sənədlərini indiyədək ondan ala bilmədiyini yazır. Ərizədə göstərir ki, Mənsimov bu villanı borclarının əvəzində banka girov qoyub.

Baş verənlər nəyin anonsudur? Mübariz Mənsimovun ətrafında nələr olur? Bu iddialara əsasən onu yenidən həbs edə bilərlər?
Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”
Əkrəm Həsənov
Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, kimisə cinayətdə ittiham edən şəxs məhkəməyə deyil, hüquq-mühafizə orqanlarına müraciət etməlidir: “İş araşdırılmalı və cinayət əməli varsa, cinayət işi başlayıb istintaq aparmalı və baxılması üçün məhkəməyə göndərməlidirlər. Əgər vətəndaşın müraciətinə hüquq mühafizə orqanlarında baxılmasa, bu halda həmin orqanın hərəkətsizliyindən məhkəməyə müraciət etmək olar. Məhkəməyə müraciət edib cinayət əməlinin araşdırılmasını istəmək hüquqi cəhətdən doğru deyil. Qanunda belə bir şey yoxdur”.

Əkrəm Həsənov deyir ki, belə iddialarla çıxış edən birinin hüquqi savadı yoxdursa, özünə vəkil tutmalıdır: “Doğma qardaşından şikayət edən, məhkəməyə verən birinin bunca uyğunuzü müraciəti gözlənilməzdir. Mübariz Mənsimov tanınan biznesmendir. Onun qardaşının belə iddialarla çıxış etməsi də suallar doğurur. Bu iddiaya qədər Marif Mənsimov haqda eşitməmişdim. Onun hardan pul qazanması, villa almaq üçün haradan pul əldə etməsi də maraqlıdır. Belə anlaşılır ki, Mübariz Mənsimov digər qardaşlarına baxanda Marif Mənsimova onun istədiyi qədər pul verməyib və bunun müqabilində ona qarşı belə iddialarla çıxış edir. Çox təəssüf ki, böyük pulların dövr etdiyi holdinqlərdə belə hallar az deyil. Getdikcə daha çox bonus, böyük pullar tələb edirlər, ala bilməyəndə isə bu cür iddialar ortaya çıxır”.

Hüquqşünas ehtimal edir ki, baş verənlər Mənsimovların razılaşdırılmış oyunu da ola bilər: “Mübariz Mənsimovun böyük borcları var. Ola bilər ki, bu yolla əmlakları adından çıxarıb yaxınlarının adına dövr etdirməyə çalışır. Bu məsələlər araşdırmalıdır. Qardaşın qardaş haqda bu cür fikirlər səsləndirib iddialar irəli sürməsi mənəvi cəhətdən doğru deyil, buna görə də şübhələr ortaya çıxır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10