Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Evimdən tank çıxarsaydılar, mənə belə od qoymazdı…”


Eldar Həsənov: “Bu, Kəlbəcərə yol çəkmək deyil ki, ayrılan vəsaiti öz qohumunun şirkətinə köçürəsən, yaxud üçüncü bir şəxsin vasitəsilə mənimsəyəsən”

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənovun məhkəmədə dindirilməsi davam edir. O, sentyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokurorun suallarını cavablandırarkən bildirib ki, yeyinti ittihamı ilə həbs olunmasını heç bir halda qəbul etməyəcək.

“Mən büdcəyə münasibətdə Heydər Əliyev məktəbi keçmişəm. Harda işləmişəmsə, büdcəni qorumuşam. Budur mənə “sağ ol”?! Mənə “sağ ol” lazım deyil, bu, mənim vəzifə borcumdur. Amma heç olmasa, yalan ittiham verməyəydiniz. Məni mənimsəmədə ittiham etmək, ən nümunəvi səfirliklə bağlı belə absurd iddialar irəli sürmək absurddur. Əgər məni tutmaq, asmaq lazımdırsa, özünüzü niyə yorurdunuz? Evimdən tank çıxarsaydılar, mənə belə od qoymazdı. Medianı dəvət edərdilər, çəkiliş aparardılar, 5 şahid də tapardılar, heç nə deməzdim. Məni tutmaq, öldürmək istəyirsinizsə, boş və absurd ittihamlara nə ehtiyac var? Yığın adamlarınızı, deyin ki, Eldar Həsənovu öldürmək istəyirik. Asın məni, qurtarsın getsin”, – deyə E.Həsənov söyləyib. 

Keçmiş səfirin sözlərinə görə, səfirliyin xərclər smetasında nəzərdə tutulan vəsaitlərin bir hissəsini mənimsəməsi barədə iddialar yalandır. O deyib ki, səfirlik xərclər smetasını əvvəlcədən proqnozlaşdırır, Xarici İşlər Nazirliyinə (XİN) təqdim edirdi, nazirlik də proqnozları araşdırıb, büdcəni müəyyənləşdirirdi. Xərclərə səfirlikdə çalışanların əmək haqları ilə yanaşı, işıq, qaz, su pulu, yanacaq xərcləri də daxildir. Proqnozlara XİN baxandan sonra Maliyyə Nazirliyinə göndərir, bundan sonra səfirliyə illik büdcə ayrılır. E.Həsənov qeyd etdi ki, 20 il ərzində bir dəfə də olsun, XİN və ya Maliyyə Nazirliyi büdcə proqnozları ilə bağlı ona irad tutmayıb. Əksinə, XİN 2015-2018-ci illərlə bağlı hesabatda göstərib ki, xərclər smetası obyektiv əsaslandırılıb.

Sabiq səfirə qarşı ittihamlardan biri də ştatdankənar əməkdaşların əmək haqlarının mənimsənilməsidir. E.Həsənov bu ittihamın da yalan olduğunu bildirib. Onun sözlərinə görə, təlimata əsasən, səfirliyin sürücüsü, bağbanı, xadiməsi və katibə yerli əhalidən olmalıdır. Bu ştatlar üzrə işçi götürüləndə əvvəl onun kimliyi araşdırılır. Bu araşdırmada XİN-lə yanaşı, xüsusi xidmət orqanı da iştirak edir: 

“Mən də həmin şəxsləri işə götürməzdən əvvəl sənədlərini Xarici İşlər Nazirliyinə göndərmişəm, orada onların kimliyini araşdırıblar. Təsdiqləyəndən sonra bizə göndəriblər. Sonra biz orta aylıq əməkhaqqına uyğun olaraq, onlar üçün maaş cədvəli müəyyən edib, nazirliyə göndərmişik. Müqaviləni də onlarla mən yox, nazirlik imzalayıb”.

E.Həsənov əlavə edib ki, səfir işlədiyi 20 il ərzində cəmi iki dəfə ona “yox” cavabı verilib. O, hesab edir ki, hər iki halda, obyektiv olaraq, həmin şəxslərin işə götürülməsinə etiraz olunub.

E.Həsənov diqqətə çatdırıb ki, bir neçə il əvvəl XİN səfirliklərdə ixtisar aparılmasını, büdcəyə qənaət olunmasını təklif edib. O da səfir olduğu 3 ölkədən (Monteneqro, Bosniya-Herseqovina və Serbiya) ikisində sürücü və bağbanı ixtisar edib: 

“Biz bunu edən yeganə səfirlik olduq. Mən icarə haqqı 8200 avro olan villadan imtina edib, yarı qiymətə binanın ikinci mərtəbəsində, mənzildə qalmışam. Bunu özünə rəva görən yeganə səfir olmuşam. Mənim fəaliyyətim dövründə büdcədən əlavə bir manat istənilməyib. İş materiallarından da görünür ki, əksinə, mən səfirlikdə işlədiyim dövrdə büdcəyə 198 min 153 avro vəsait qaytarmışam”.

Sabiq səfirin dediyinə görə, qənaət nəticəsində 2015-ci ildə 40 min 719 avro, 2016-cı ildə 12 min 145 avro, 2017-ci ildə 32 min 944 avro, 2018-ci ildə 13 min 340 avro, 2019-cu ildə isə 4957 avro büdcəyə qaytarılıb: 

“Başqa ölkələri deyə bilmərəm, amma Avropanın ən kasıb ölkəsində olan Azərbaycan səfirliyinin elədiyi bu qənaəti başqa dövlətdə göstərin. Əgər Avropanın hansısa ölkəsində Azərbaycan səfirliyi mənim qaytardığım vəsaitin yarısını büdcəyə qaytarıbsa, gətirin, bu faktı göstərin, mən ad-soyadımı dəyişərəm. Bu, Kəlbəcərə yol çəkmək deyil ki, ayrılan vəsaiti öz qohumunun şirkətinə köçürəsən, yaxud da üçüncü bir şəxsin vasitəsilə mənimsəyəsən. Səfirliklərin fəaliyyəti fərqlidir. Səfirlərlə bağlı istintaq aparılarkən bunları nəzərə almaq lazımdır”.

E.Həsənov vurğuladı ki, səfir işlədiyi ölkələrdə, o cümlədən Rumıniya və Monteneqroda 3 park saldırıb. Amma o üç parka sərf olunan ümumi vəsait Bakıda Heydər Əliyev Sarayı və Mərkəzi Bank arasındakı parkın salınmasına xərclənən büdcə vəsaitindən 5 dəfə az olub: “O parkların hər biri Bakıdakı parkdan üç dəfə böyükdür”.

Keçmiş səfir vurğuladı ki, qulluq mövqeyindən sui-istifadə etməkdə ittiham olunması da absurddur. Onun sözlərinə görə, əksinə, dövlət mənafeyini qoruyub, heç bir epizod üzrə mənimsəmə halı təsdiqini tapmayıb: 

“Beş ölkədən onlarla şahid dindirilib, bir nəfər deməyib ki, mən Eldar Həsənovla hansısa işbirliyi qurmuşam. Bir nəfər ifadə verməyib ki, Eldar Həsənov mənə bunu eləməyi dedi. Yoxdur axı… Birinci gündən telefonlarımı Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etmişəm ki, yoxlasınlar. 19 yaşlı nəvəm, qardaşlarımın övladları da daxil, bütün şəcərəmi araşdırıblar. Mənim bank hesablarımı da araşdırıblar, rəsmi maaşım və yazdığım kitabların pulundan başqa 1 manat əlavə vəsait aşkarlanmayıb. 20 illik arxiv sənədlərini araşdırıblar, bir dənə fakt tapmayıblar”.

E.Həsənov Serbiyada səfirlik üçün bina alınmasına 3 milyon 205 min, Bosniya və Herseqovinada isə 4 milyon 200 min avro vəsait ayrılması, amma binaların əslində bundan xeyli ucuz alınması barədə prokurorun suallarını cavablandırarkən bildirib ki, Serbiyadakı bina həqiqətən də 3 milyon 205 minə alınıb. Bunu təsdiqləyən müqavilə var və XİN-ə göndərilib.

“Bosniya və Herseqovinadakı binanın alqı-satqısına gəlincə, bu, 2012-ci ilin noyabrında olub. Onda mən orada olmamışam, məsləhətləşmələrə görə gəlmişdim. Yanvarda Bosniya və Herseqovina rəhbərliyi ilə görüşlərim oldu. Fevralda Xocalı faciəsini rəsmən tanıdılar. Başqa heç nə demirəm…”, – deyə E.Həsənov vurğulayıb.

Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.

Xatırladaq ki, 1995-2000-ci illərdə baş prokuror, 2001-2020-ci illərdə isə Rumıniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir işləmiş E.Həsənov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda prezident sərəncamı imzalanıb.

Gülər





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10