Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Məndən hədə-qorxu ilə 315 min dollar alıblar”


Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov sabiq MTN generalı Nizami Şirinov və digərlərinin məhkəməsində həmin məbləği və ona dəymiş mənəvi zərərə görə də əlavə 300 min manat tələb edib

Bu ilin aprelində həbs olunan iki MTN generalından biri – uzun illər Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş Nizami Şirinov sentyabrın 23-də məhkəmə qarşısına çıxarılıb. Hədə-qorxu ilə müxtəlif vəzifə sahiblərinin, sahibkarların pullarını, əmlakını ələ keçirməkdə, külli miqdarda rüşvət almaqda ittiham olunan general vaxtilə tabeliyində işləmiş idarə rəisləri Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirov ilə birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsində Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Generaldan fərqli olaraq, digər üç təqsirləndirilən həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Məhkəmədə anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Elman Tahirov hətta “Azərsu”da məxfi şöbəyə rəhbərlik edir.

Məhkəmədə generalın vəkili vəsatət qaldırıb ki, o da hökm çıxarılana qədər ev dustaqlığına buraxılsın. Vəkilin sözlərinə görə, Nizami Şirinovun səhhətində ciddi problemlər var: 

“Nizami Şirinov 5 il əvvəl işdən çıxandan sonra təqaüddə olub. İstintaqa çağırılanda Türkiyədə ürək əməliyyatı keçirib. Buna baxmayaraq, orada müalicəsini yarımçıq qoyaraq, geri qayıdıb. Burada daimi yaşayış yeri məlumdur. Məhkəmədən yayınmaq niyyətində deyil…”

Lakin hakimlər həbs qətimkan tədbirinin əvəzlənməsinə razılıq verməyib.

Zərərçəkmiş qismində tanınan şəxslərdən biri də Heydər Əliyev adına Ali Hərbi Məktəbin sabiq rəisi Mirzəli Yusifovdur. O, sabiq MTN-çilərə qarşı 315 min dollar və 300 min manatlıq mülki iddia qaldırıb. Zərərçəkmiş iddia edir ki, MTN-də ondan hədə-qorxu ilə 315 min dollar alınıb. İndi həmin vəsaiti, üstəlik, ona dəymiş mənəvi zərərə görə də 300 min manat tələb edir.

Mirzəli Yusifovun mülki iddiası icraata götürülsə də, onun təmin edilib-edilmədiyi məhkəmə hökm çıxaranda məlum olacaq. M.Yusifov Ali Hərbi Məktəbin rəisi vəzifəsindən azad ediləndən sonra rüşvət alma ittihamıyla məhkum edilib.

Daha bir zərərçəkmiş – Rahib Ağayev isə Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun sürücüsü olub.

Məhkəmə iclasında digər vəkil iş üzrə icraata xitam verilməsini istəyib. Müdafiəçi deyib ki, MTN olayları ilə bağlı istintaqda qanunvericiliyin tələbləri pozulub. Onun sözlərinə görə, xüsusi hallarda belə, istintaq 18 aydan çox çəkə bilməz. MTN-lə bağlı istintaq 2015-ci ilin oktyabrında başlayıb və 1 il 6 aylıq müddət 2017-ci ildə başa çatıb. Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi sabiq MTN-çi 2016-cı ildə də prokurorluğa çağırılıb dindirilmişdi: “Lakin o zaman ona nə ittiham verilib, nə barəsində cinayət təqibi başlayıb. Dəyişən heç nə yoxdur. Həmin dövrün sübutlarıdır”.

Bu vəsatət də təmin olunmayıb.

General və işçilərinin haqqında məhkəmə baxışı oktyabrın 7-nə təyin edilib. Həmin gün ittiham aktı elan olunacaq, ardınca dindirmələr başlayacaq.

Nizami Şirinovla birlikdə həbs olunan digər MTN generalı – nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev də oktyabrın 10-da məhkəmə önünə çıxarılacaq. Bu qurumun tərkibindəki şöbənin rəisi olmuş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov da onunla birlikdə mühakimə olunacaq.

Keçmiş MTN-çilər iş adamlarını, müxtəlif vəzifə sahiblərini ya özlərini, ya da yaxınlarını həbs etməklə hədələyib onların pullarını, əmlaklarını ələ keçirməkdə, milyonlarla manat rüşvət almaqda ittiham olunur. Mövlam Şixəliyev tabeliyindəki təqsirləndirilən şəxslərlə birləşib, ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə günahlandırılır.

Keçmiş MTN-çilərin həbsi 2015-ci ildə bu nazirlikdə keçirilən əməliyyatdan sonra başlayıb. Həmin əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifədən uzaqlaşdırılıb, 5 general da daxil olmaqla, ümumilikdə 20-dən çox vəzifəli şəxs həbs edilib. Onların əksəriyyəti azadlığa buraxılıb. Sonradan Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi olmuş Vüqar Mahmudov da həbs edilib. Lakin o, Bakı Hərbi Məhkəməsinin hökmüylə azadlığa buraxılıb.

Gülər





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10