Rayon sakinlərinə tezliklə optik kabel uzərindən MultiMedia xidməti gostəriləcək. Belə ki, 100-ə yaxın TV kanal olan 2TV paket, IP telefonu ilə yüksək surətli internet xidmətləri göstəriləcək. Mənzillə qutu arasında məsafə əvvəlki kimi 250-300 yox, maksimum 100 metri əhatə edəcək.
Masallı şəhərinin mərkəzində son günlər çoxlu yeni formalı telefon dirəklər gözə dəyir. Bunlar nədir, şəhərin telefon təsərrüfatında nələr baş verir?
Öncə xatırladaq ki, 2 il öncə 4 -Abşeron, Sumqayıt, Gəncə və Masallı rayonu olmaqla ərazilərin optik kabelləşməsi ilə bağlı pilot layihəyə start verilmişdi. Bu sahədə bir sıra işlərdə görülmüş, bəzi qəsəbə və kəndlərə yeni kabelləşməyə uyğun xüsusi Qutular qoyulmuşdu. Masallı şəhərində Z. Əliyeva adına küçənin, eləcə də Digah ərazinin və digər yerlərin optik kabelləşməsi nəzərdə tutulmuşdu.
Lakin 1-ci layihə yekunlaşmamış, yeni, daha səmərəli layihəyə start verilmişdir.
Belə ki, yeni layihəyə əsasən rayona veriləcək internet daha keyfiyyətli, daha sürətli, daha güclü və daha etibarlı olacaq. Yəni, əvvəlki qayda ilə çəkilən xətlər müvafiq qutuya qədər təzə kabel olacaqdısa, qutudan mənzilə qədər olan 200-300 məsafədə dirəklər və kabellər köhnə qayda da saxlanılacaqdı. İndi isə qutudan evə qədər məsafə maksimum 100 metr olacaq, yeni kabel isə evə qədər, son nöqtəyə qədər çəkiləcək.
Bu vətəndaşa nə verəcək?
Əvvəllər maksimum 5 Mbit/s surətli internet əldə edən abonent, indi ən minimum halda 10-15 Mbit/s sürətli internet alacaq. Əvvəllər əgər internetin qəbulu 4 MQ olurdusa, çıxış onun yarısı qədər- 2 olurdu. İndi isə, nə qədər internet daxil olacaqsa, çıxış da o qədər olacaq. Verilən məlumata görə, saxta sürət də aradan qalxacaq. Yəni sürəti 5 göstərib 2 verməyəcəklər. Necə MQ verilirsə, realda da onu alacaqsan.
Bu işlər yekunlaşandan sonra Masallı abonentlərinin hər birində 100-ə yaxın kanalı olan 2 TV paket almaq imkanı olacaq.
Yuxarıda qeyd etdiyimiz kimi yeni optik kabelləşməyə ölkənin 20 rayonunda start verilib. Bölgəmizdə ən sürətli iş Masallı rayonunda, qismən də Cəlilabadda gedir. Yaxın vaxtlarda isə Lənkəran rayonunda da bu istiqamətdə işlərə start veriləcək.
Bir daha bildiririk ki, əvvəlki qutular və köhnə kabellər ləğv ediləcək, bu sahədə rayonun bütün telefon təsərrüfatı tam yenilənəcək, bütün rayon yeni avadanlıqlarla təmin ediləcək.
Artıq Masallı şəhərində 600-ə yaxın yeni dirəklər basdırılıb. Hər gün 40-50 dirək basdırılır. Ümumilikdə şəhər mərkəzində 1000-ə yaxın yeni telefon dirəyi basdırılıb, ona uyğun da yeni, tam təzə və keyfiyyətli kabellər çəkiləcək. Yeni qoyulan qutu ilə evin məsafəsi maksimum 100 metr olacaq. Hər qutuya da da maksimum 8 abonent qoşulacaq. Hər 2-3 dirəkdən bir qutu qoşulacaq.
Verilən məlumata görə yeni sistemə mövcud abonentlər pulsuz, yeni qoşulanlar üçün ödənişli olacaq. İndiki tariflərdən fərqli olaraq (10-12-15-20 paketlər) 4 MQ sürət üçün aylıq ödəniş 13 manat olacaq.
Hazırda Masallı şəhərində işlər gedir.Yaxin vaxtlarda bu işlər kəndlərdə də aparılacaq. Butun rayon rabitə təsərrüfatı optikləşəcəkdir. 2021-ci ilin sonuna kimi rayon mərkəzinin, 2022-ci ilin sonuna kimi rayonun butun kəndlərin tamamı ilə optikləşməsi planlaşdırılır. Köhnə telefon dirəklərinə və kabellərinə əlvida.
Verilən məlumatlara inansaq, yaxın 1 il ərzində telefonla, internetlə bağlı problemlər, çətinliklər, həyəcanlar bir xatirəyə çevriləcək.
Hazırladı: Zahir Əmənov. Cenub.az
Qeyd: Bu prosesi diqqət saxlayacaq, yeniliklərlə, işin gedişi ilə sizi vaxtaşırı məlumatlandıracağıq. Kaş ki, vəd edilənlərin, arzu olunanların hamısı gerçək ola.