Deyirlər, həmin uşaq bağçasının binası söküləcək, küçə genişlənəcək, sərt döngə ləğv olunacaq, həmin ərazinin qalan hissəsində isə sakinlər üçün kiçik istirahət mərkəzi yaradılacaq.
Gördüyünüz bu binanın maraqlı tarixçəsi var. Bu bina sovetlər dövründə Masallı Prokurorluğunun binası olub. Prokurorluq başqa binaya köçəndən sonra həmin binaya Masallı Rayon Komsomol Komitəsi (Təxminən indiki gənclər və idman idarəsi) köçdü. 2-3 ildən sonra onlar da həmin binanın tərk edib, indi maliyyə şöbəsinin qərb tərəfində yerləşən bir mərtəbəli binaya köçdü. Sonra bu binaya çox bərbad vəziyyətdə olan Masallı şəhər 1 saylı uşaq bağçasını yerləşdirdilər.
Nəhayət, bu ilin əvvəlində həmin uşaq bağçası Uşaq Aləmi adlanan binanın arxasındakı yeni binaya köçdü və həmin bina 7-8 aydır ki, boşdur.
Xatırladım ki, həmin bina S. Vurğun küçəsi ilə şəhid İntiqam Əsgərlinin küçəsinin kəsişdiyi məkanda, təxminən Masallı Cümə Məscidinin arxasında yerləşir. Bu ərazi kəskin döngəsi ilə maşınların hərəkətinə ciddi maneə yaradır.
Masallı İHb-nin şəhər üzrə nümayəndəsi Əbülfəz Nuriyevin hələ bir neçə ay öncə bizə bildirdiyinə görə həmin uşaq bağçasının binası söküləcək, küçə genişlənəcək, sərt döngə ləğv olunacaq, həmin ərazinin qalan hissəsində isə sakinlər üçün kiçik istirahət mərkəzi yaradılacaq.
Bu günlərdə Ə. Nuriyevlə yenə də əlaqə saxladıq. Bildirdi ki, söküntü üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. Həmin sənəd hələ ki, yubanır.
Hazırda isə həmin ərazinin hasarındakı dəmir çərçivələr sökülüb, həyətdəki ağaclar kəsilir.
Lakin hələ də Nazirlər Kabinetindən soraq yoxdur.
Görəsən, bu sərəncam nə qədər vaxt aparır ki, 5-6 aydır yazıb hazırlaya bilmirlər?
Cenub.az .Faiq