Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Votsapüstü” söhbət


İlk söhbətimiz əsasən “quş buraxan” rəhbərlərdən olacaq

Salam, “Çəpərüstü söhbət” heyranları, arzularınızı, necə deyərlər, texniki yenilikləri nəzərə alıb həmin rubrikanı “Votsapüstü söhbət” adı ilə görüşünüzə gətirməyə qərar verdik.

- Düzünə qalsa, heç gəlmək istəmirdik. Camaatın dərdi-səri bizə qalmayıb ki? Son 15 ildə 300 dəfədən artıq “çəpərüstündə” söhbət elədik, (İnanmayanlar cenub.az-ın sonunda eyni adlı rubrikada arxivə baxa bilərlər) nəinki oyanan olmadı, digərlərinin də çoxu “yatdı”.

- Bacı qurban, həm də zaman həmin zaman deyil e. İndi oğurluqlar daha peşəkar, daha “intellektual” forma alıb. Heyf deyildi, o vaxtlar, hara vururdun, “qan” çıxırdı. Məsələn, ünvanlı yardımın 6 ayın götürürdülər, abunə adı altında əmək haqlarının 7-8 faizin çırpışdırıb yüz min manatlarla pul qatlayırdılar, rüşvət-filan mərkəzləşməmişdi...

- Qıza, ürəyini sıxma, hər dövrün özünə görə dərdi-səri var. İzləyicilərimizi də çox intizarda qoymayaq. O adamlar var e... adlarının heç harada çəkilməsini istəmir ha, 1 manatı çıxanda canı çıxır, FB-də adicə “bəyənmə” düyməsini basmağa qorxurlar... bax, onlar indi bizdən ümid gözləyir.

- Bacı qurban, birinci söhbət üçün əslində başqa “tema”lar planlaşdırmışdıq. Məsələn, icra başçılarına məsləhətlər, bəzi müdirlərin “ləyaqət” adı ilə pərdələnən rüşvətlər, bəzi böyüklərın adı ilə çoxlarından pul qopartmaq və s.. Amma ortaya bir xoruzquyruğu xəbər çıxdığından həmin söhbəti sonraya saxladıq.

- Bilməyənlər bilsin ki, biz də bir çox diribaşlar kimi indi ölkədən xaricdə yaşayırıq. Mən Şanapipik adalarında, sənsə Şəngülüm diyarında. Elə dediyim gülməşəkər hadisə də bu bizim Şanapipik adalarında baş verib. Deməli, buranın danışığını bilməyən bir rəhbəri var, demək olar ki, 3-4 kəlmədən artıq söz bilmir. Danışanda da gərək ağzına-ağzına vurasan. 10 dəqiqəlik söhbətdə gah 15 qarğış edir, gah hədələyir, gah küsür... Bu günlərdə isə lap quşu gözündən vurub. Deməli, burada hər 1-ci gün keçirilən “Səhər görüşləri”adlı, hətta 5-10 qadının da iştirak etdiyi tədbirdə bizim Şanapipik adasının rəhbəri nə desə yaxşıdır?

- Qıza, de də, səbrim tükəndi axı?

- Vallah, mən qadınlığımla həmin sözü deməyə utanıram. Amma bu rəhbər belə şeyləri dilə gətirir. Daha məcbur edirsən deyim dədə... İclasın şirin yerində bu rəhbər qızışaraq deyib ki, bilmirəm hansı “ANASININ Ə......N KƏSƏN” deyir ki, guya mən filan-filan işlərdən də pul qazanıram.

- Lap eləəə? Bəzəyib eləmirsən ki?

- Getdiyin o Yaşıl Burun Adalarına and olsun ki, elə-belə deyib. Əvvəllər 5-10 dəqiqəlik söhbətdə xeyli qarğış-filan eləyirdi. Hansı ki, indi rəhbərin həmin qarğışların 3 dildə 2 cildliyi hazırlanır. Amma bu tədbirdəki kimi belə qatıqlayıb, belə quşlamamışdı.

- Belə vaxtda deyərlər e... bizimkilərin qeyrətinə qurban olum. Belə söhbətləri bizim rəhbərlər etsə idi, bu gün Hüseyn aşiqi olan hacılarımız, “qeyrətimiz, namusumuz var” deyən kərbəlayilərimiz, “qanun mənəm, şah mənəm” deyən sahibkarlarımız və digər bərkgedənlərimiz bilirsən, nə oyun çıxardırdı? Yaxşı ki, bizim rəhbərlər çox mədəni, çox etikalıdır.

- Biz başqayıq e... Amma buradakılar, həmin iclasda təzə gəlin kimi boynun büküb əyləşən kişilər, o ifadəni eşidəndə elə lal oldular ki, hələ də cınqırları çıxmır. Yəqin çox mədənidirlər. Biz də qadın xeylağıyıq da, qıza, indi gedib Şanapipiy adasının rəhbərinin sözünə lal olanlara deyən deyilik ki, yekə kişilərsiz, bu boyda qeyrətsizlik olar, belə təhqirə də dözmək olar, haçan dillənəcəksiniz? Kişi olun, ə.

- Cəhənnəm olsunlar, bizim tərəflərdə ki, hər şey yolundadır - başçılar, deputatlar danışığın bilir, hamısı mədəni, trol-filan saxlamır, onları söyənlərin arxasında gizlənmir, cındır adamlara meydan vermir... Kişiyik biz!

- Qıza, bayaqdan Votssap mesajlardan partladı. Gedək, mesajlara nəzər salıb növbəti görüşə hazırlaşaq.

Söhbətə lent yazısına qulaq asdı: Zahir                              
Qeyd: Bu rubrika üçün şəkil müvəqqətidir. Kim daha yaxşı şəkil təklif edə bilərsə, indidən təşəkkür.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10