Zəlzələ bəşəriyyət tarixinin ən qorxulu təbii fəlakətlərindən biridir. Tarix boyu dəhşətli zəlzələlər nəticəsində xeyli sayda insan itkisi baş verib, hətta bütöv şəhərlər yerlə yeksan olaraq, yer üzündən silinib. Azərbaycanda da zaman-zaman güclü və zəif ballı zəlzələlər hər zaman olub. Bir neçə gün əvvəl İranda baş verən və insan tələfatına səbəb olan güclü zəlzələdən sonra ölkəmizin bəzi rayonlarında da zəlzələ baş verməsi əhali arasında əməlli başlı təşvişə səbəb olub. Bəs bu təbii fəlakət anında necə davranmaq lazımdır ? Nələrə əməl etmək lazımdır ki, maksimum dərəcədə özümüzü fəlakətdən qoruya bilək? Ailem.az bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məsləhətlərini diqqətinizə çatdırır.
Zəlzələ vaxtı davranış qaydaları
Zəlzələ zamanı titrəyişlər insanda qorxu, əsəb və stress yaradır. Odur ki, zəlzələ baş verən zaman ilk olaraq insanlar sakit və təmkinli olmağa çalışmalıdır.
Zəlzələ zamanı özünüzü qorumaq üçün aşağıdakı qaydalara əməl etməlisiniz.
1. Əgər siz bina və ya torpağın silkələndiyini hiss edirsinizsə, buna əsəbi reaksiya verməyin (qorxudan qışqırmaq, başqa insanların psixologiyasına təsir edə biləcək hərəkətlər etmək və s.)
2. Əgər qapalı yerdəsinizsə, təcili stolun və ya çarpayının altına girin. Qapılar açıqdırsa, qapıların üst tirinin altında və ya otaqların daxili küncündə durun. Unutmayın ki, titrəyişlər zamanı birinci olaraq binanın xaric divarları çat verə və ya uça bilər. Odur ki, pəncərəyə tərəf qaçmaq, pəncərənin altında dayanmaq olmaz.
3. Zəlzələ zamanı ağır əşyaların (soyuducu, ağır mebellər və s.) yanında durmaq olmaz. Bu əşyalar sürüşüb üstünüzə aşa bilər.
4. Zəlzələ zamanı binadan qaçmaq, pilləkanlarda hərəkət etmək olmaz. Bu, olduqca təhlükəlidir. Pilləkanlar uçub tökülə bilər.
5. Əgər siz çoxmərtəbəli binada yaşayırsınızsa, zəlzələ zamanı lift və pilləkanlara tərəf qaçmayın. Qapı tiri altında və ya otağın daxili künclərində duraraq təkanların dayanmasını gözləyin.
6. Zəlzələ zamanı pəncərədən atılmayın. Bu, sizin zədələnməyiniz və ya ağır xəsarət almağınızla nəticələnə bilər.
7. Zəlzələ zamanı ictimai yerdəsinizsə, insanların daha sıx olduğu yerə tərəf qaçmayın. Özünüz üçün daha təhlükəsiz yer seçin. İmkanınız varsa, azyaşlı uşaqları da təhlükəsiz yerə çəkin.
8. Zəlzələ zamanı hündür mərtəbəli binanın qarşısındasınızsa, binanın qabağına qaçmayın.
9. Zəlzələ zamanı avtomobildəsinizsə, avtomobilinizi mümkün qədər körpülərin, hündür mərtəbəli binaların qarşısında saxlamayın.
10. Zəlzələ zamanı ikimərtəbəli kərpic binada və ya bünövrəsi möhkəm olmayan tikilidəsinizsə, oranı təcili tərk etməyə çalışın.
11. Unutmayın ki, zəlzələ zamanı bir necə dəfə təkanları hiss edə bilərsiniz. Odur ki, axıra qədər öz təmkininizi qorumağa çalışın.
12. Zəlzələ saniyələrlə davam edir. Titrəyişlər dayandıqdan sonra özünüzün və yaxınlığınızdakı insanların xəsarət alıb-almaması, uçqun təhlükəsinin olub-olmamasına diqqət yetirin. Yaralılar varsa, ona ilk tibbi yardım göstərin.
13. Zəlzələnin hər an baş vermə ehtimalı olduğuna görə əvvəlcədən yaşadığınız binadan və ya evdən zəlzələ zamanı ən təhlükəsiz yerlərə çıxmaq yolunu müəyyənləşdirin.
14. Mənzilinizdə ən təhlükəsiz yerləri (künclər, qapılar və s) əvvəlcədən müəyyən edin və mebelləri düzərkən bunu nəzərə alın.
15. Mənzildə ehtiyac olmadığı təqdirdə qaz, işıq və su xətlərini bağlayın.
16. İmkan daxilində ağır əşyaları rəflərdə saxlamayın və kitab rəflərini divara bərkidin.
17. İlkin tibbi yardım üçün lazım olan dərman vasitələri yığılmış çantanı hazırlıqlı saxlayın.
18. Çarpayınızı ağır mebellərdən və iri pəncərələrdən kənarda yerləşdirin.
19. Fövqəladə vəziyyətlərdə kömək çağırmaq üçün lazımı dövlət qurumlarının telefonlarını kitabçanıza əvvəlcədən yazın.
Bu telefonlar aşağıdakı kimidir:
1. Fövqəladə Hallar Nazirliyinin Xilasetmə xidməti -112
2. Daxili İşlər Nazirliyi -102
3. Təcili Tibbi Yardım -103
Zəlzələ zamanı təhlükəsizlik tədbirləri görməklə özünüzü təhlükədən qoruya bilərsiniz.