Lerik rayonunun iki kəndi – Şivlə və Biləvər kəndləri yenidən ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Milli Məclisə müraciət ediblər.
Onlar rayon rəhbərliyindən şikayət ediblər və məmurların biganəliyinə etiraz olaraq, Lerik rayonundan ayırılıb Yardımlı rayonuna birləşməyi xahiş ediblər.
Müstəqil.Az sakinlərin Anaxeber.az-a göndərdiyi məktubu təqdim edir:
“Möhtərəm Prezident!
Lerik rayon rəhbərliyinin bizə qarşı olan davamlı biganəliyi yenidən bu şikayət məktubunu Sizə ünvanlamağa məcbur etdi. Biz Sizə rəsmi olaraq bir neçə məktub da ünvanlamışıq. Yəni bu Sizə ünvanladığımız ilk məktub deyil. Ümid edirik ki, tələblərimizə müsbət cavab veriləcək.
Möhtərəm Prezident!
Lerik rayonu 4 zonaya – Piran, Zuvand, Orand və Deriq zonalarına bölünür. Rayonumuzun əhalisinin təxminən 60 faizi bizim də yaşadığımız Deriq adlanan əraziyə düşür. Lakin bu zonaya rayon rəhbərliyinin ögey münasibəti rayonun 60 faizini ölkə rəhbərliyindən narazı salmaqdadır. Bizim narazılığımıza səbəb isə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun birinci müavini Cəlil Baxşıyevin Zuvand zonasından olmasıdır.
Qeyd edək ki, Cəlil Baxşıyev həm də Milli Məclisin deputatı İqbal Məmmədovun yaxın qohumu və rayondakı bəzi biznes obyektlərinin qeyri-rəsmi şərikidir. Həm deputatın, həm də başçının birinci müavinini Zuvand zonasından olması rayonun az qala adının dəyişib Zuvand rayonu qoyulması ilə nəticələnməsinə gətirib çıxaracaq.
Dövlət tərəfindən Lerik rayonunun quruculuğuna, abadlaşdırılmasına və infrastrukturunun yenilənməsinə ayrılan vəsaitlər demək olar ki, bütövlükdə Zuvanda yönəldilir. Bu zonada 24 saat elektrik enerjisi, çox rahat asphalt yol, qaz, istirahət mərkəzləri, su xəttləri, meyvə bağları, biz sözlə yaşamaq üçün hər şey var. Ancaq bizim kəndlərimizin yolu hələ də orta əsrlərdəki kimi adi torpaqdandır. Bir az yağış yağan kimi rayonla bütün əlaqələrimiz kəsilir. Durumun nə qədər ağır olduğunu göstərmək üçün sizə video-faktlar da təqdim edəcəyik.
Möhtərəm cənab Prezident!
Onu da deyək ki, rayonun xidmət təşkilatlarının işçilərini də hər gün maşınların dövlət nömrə nişanlarını adi vətəndaşlar tanımasınlar deyə çıxararaq Zuvanda göndərirlər. Fəhlələr orada rayon başçısı və müavini üçün əkilmiş kartof sahələrində, meyvə bağlarında və buğda sahələrində işləyirlər. Ancaq bizim zonada heç nə yoxdu. Yalnız zəhərli tütün əkirlər. Onları da məktəb uşaqlarına yığdırırlar.
Dövlətin Deriqə ayırdığı vəsaitlərin böyük əksəriyyətini isə Cəlil Baxşıyev və qardaşı mənimsəyir. Biz yolumuzun bərbad olması barədə dəfələrlə şikayət etsək də, bizə əhəmiyyət verən olmayıb. Onların dövlətin yolumuz üçün ayırdığı külli miqdarda pulu mənimsədikləri üçün çəkilən yol istismara verilməmiş dağıldı. Söhbət Noda-Şingədulan-Xanagah yolundan gedir. Yolun bir hissəsi dağılmışdı. Sentyabr ayında çəkilən hissəsi də iki ay olmasına baxmayaraq, dağlır. Çünki yeni körpülər salınmayıb, məsələn yol Ağçay kəndində sovet dövründə qoyulan köhnə körpünün üstündən keçib. Yolun təmiri üçünsə 17 milyon manat pul ayırmısınız. Araşdırın, görün necə sovrulub bu 17 milyon manat vəsait?
Möhtərəm cənab Prezident!
Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, yolun budəfəki hissəsini “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Masallı rayon Yol İdarəsinə tapşırıb. Yolun tikintisini isə “Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirib. Şirkətin rəhbəri Fuad Muxtarzadədir, ancaq tikintiyə o və atası İbrahim Kazımov rəhbərlik ediblər. İbrahim Kazımov isə Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımovun qardaşıdır. Sözügedən şirkətin baş mühəndisi isə Lerik rayon İcra Hakimiyyətinin müavini Cəlil Baxşıyevin qardaşdır. Həmin şəxslərin isə eyni kənddən, yəni Lerikin Qışlaq kəndindən olması sirr deyil. İndi gördünüz, ayırdığını pulları kimlər və necə xərcləyirlər? Əgər tapşırıq versəniz, ortada böyük bir korrupsiya şəbəkəsinin olduğu ortaya çıxacaq…
Möhtərəm cənab Prezident!
Xahiş edirik ki, Lerik rayonunun ancaq Zuvanddan ibarət olduğunu hər əməlində təsdiqləyən Lerik rayon İcra Hakimiyyətinin zülmündən bizi qurtarın. Nə qədər ki, Lerik rayon rəhbərliyində şəxsi mənafelərini dövlətin apardığı siyasətdən üstün tutan məmurlar var, bizə xoş gün yoxdur.
Ona görə də xahiş edirik, bizim ərazimizin qonşu Yardımlı rayonuna birləşdirilməsi üçün sərəncam verəsiniz.
Hörmət və ehtiramla Lerik rayonun Şivlə və Biləvər kənd sakinləri”
Müstəqil.Az