Yunanıstan Səudiyyə Ərəbistanına krallığın hava hücumlarından qorunmasını və raket əleyhinə müdafiəsini gücləndirmək məqsədilə Patriot zenit-raket kompleksləri (ZRK) yollayıb. Xəbər verilir ki, yunan hərbçiləri krallıqda iki zenit-raket kompleksi və 120 nəfərlik şəxsi heyət yerləşdirəcək.
Nə vaxtsa Makedoniyalı İsgəndər Ərəbistana çatmış, ancaq ərazinin dərinliklərinə girməmişdi - köçəri bədəvilərdən heç bir fayda yoxdu, onlar yalnız başağrısı idi, neft isə o vaxtlar heç kimə lazım deyildi. Ancaq dövr dəyişib və hazırda Yunanıstan Ər-Riyada doğru sadəcə can atır, səudiyyəlilərə dostluq, müdafiədə əməkdaşlıq və zenit-raket kompleksləri təklif edir.
Makedoniyalı İsgəndər Ərəbistanın dərinliyinə getmədi, Yunanıstan isə Ər-Riyada can atır
Patriot ZRK - amerikalıların istehsalıdır, ancaq məsələ də ondadır ki, ABŞ 11 sentyabrda analoji kompleksləri Səudiyyə Ərəbistanından birdəfəlik çıxardı, bununla da krallığın hava və raket hücumlarından müdafiə sistemini ciddi zəiflətdi. Üstəlik, Səudiyyə Ərəbistanında əlavə olaraq ən azından dörd “Patriot” batareyasının yerləşdirilməsi ilə bağlı Trampın dövründə əldə olunmuş razılığı ləğv etdi.
Bayden özünün seçkiqabağı kampaniyasının gedişində Səudiyyə Ərəbistanını məzlum hala salmağı vəd etmişdi - indi elə bununla da məşğuldur. Açıq-aşkar yox, ancaq addım-addım vədini yerinə yetirir. Amerika demokratlarının tipik taktikasıdır - münasibətləri üzmürlər, ancaq narazı qaldıqları müttəfiqə qarşı hər addım başı çoxlu xəbislik edirlər.
Səudiyyəlilər Vaşinqtonun başa düşdüyü dollar dilində anlaşmağı qərara alaraq krallığın silahlı qüvvələrinin istifadəsində olan amerikan istehsallı helikopterlərə texniki xidmətin davam etdirilməsi və yenilərinin alınmasına dair müqavilənin yenidən bağlanması üçün 500 milyon dollar ödəməyə hazır olduqlarını bildirdilər.
ABŞ Dövlət departamenti bu faktdan dərin məmnunluğunu ifadə edərək bəyan etdi ki, “nəzərdə tutulan satış [helikopterlərin] ABŞ-ın xarici siyasətinin maraqlarına xidmət edir, Yaxın Şərqdə siyasi sabitlik və iqtisadi inkişafın vacib qüvvəsi olmaqda davam edən dost ölkənin təhlükəsizliyini artırmağa köməklik göstərir».
Ancaq Ağ ev "Patriot"-lara münasibətdə öz mövqeyini dəyişmədi, onları yenidən “dost ölkə”yə geri qaytarmadı, əvəzindəsə NATO-dakı müttəfiqlərinə səudiyyəlilərlə öz imkanlarını bölüşmək təklifi ilə müraciət etdi. Və bu vaxt Afinada qərara gəldilər ki, onların ulduz saatı çatıb.
Ağ ev "Patriot"-ları “dost ölkə”yə yenidən geri qaytarmadı
Bütün məsələ ondadır ki, Türkiyənin BƏƏ ilə münasibətlərinin istiləşməyə başlamasından və Ankara ilə Qahirə arasında dialoq gözləntilərindən sonra əsas məqsədi türkləri Şərqi Aralıq dənizinin enerji resurslarına yaxın buraxmamaq olan anti-türk “yunan alyansı”nın sonu çatır. Yunanıstanla Kipr məğrur tənhalıqda qalır. Və türklərin fəallığına qarşı dayanmağın yeganə vasitəsi ah-zar və isterika olur.
Bu cür davranışa iri beynəlxalq oyunçular ara-sıra mərhəmətlə baş sallayacaq, narahatlıq ifadə edəcək, ancaq Afina ilə Nikosiyanın müdafiəsi üçün əllərini ağdan qaraya vurmayacaqlar, belə ki, beynəlxalq münasibətlərdə zövqlər cəngəllik zövqləridir, vay zəifin halına. Ancaq “yunan alyansı”na Səudiyyə Ərəbistanı maraq göstərsə - onda vəziyyət dəyişə bilər.
Əlbəttə, o mənada yox ki, Afina və Nikosiya istəklərinə nail olaraq Ankaranı Şərqi Aralıq dənizindən sıxışdırıb çıxaracaqlar - bu, praktik olaraq qeyri-mümkündür. Ancaq Ankaranın qanını bir qədər qaralda bilərlər. Sonra isə alverə də getmək olar. Ona görə də yunan diplomatiyasının başçısı Nikos Dendiasın Patriot ZRK ilə bağlı sevinci başa düşüləndir: «Bu, bizim ölkəmiz üçün Fars körfəzi ölkələri ilə əməkdaşlıq sahəsində irəliyə doğru böyük addımdır».
Makedoniyalı İsgəndərin sadəlövh varisləri tam ciddiyyətilə hesab edirlər ki, Ər-Riyadı öz intriqalarına çəkməyi və cızdıqları ssenariyə uyğun oynamağa məcbur etməyi bacaracaqlar. Ancaq dərindən səhv edirlər. Səudiyyə Ərəbistanı ən yaxşı halda minnətdarlığını bildirəcək. Acaq daha böyük ehtimalla onları öz intriqasına çəkərək, sezdirmədən Afinanı özünə yox, Ər-Riyada lazım olanı yerinə yetirməyə məcbur edəcək. Şərqi tanımırsansa, oraya soxulmağa dəyməz. Hətta ürəyində Makedoniyalı İsgəndərin xatirəsi döyünürsə belə.