Yaradıcı insanlar arasında spirtli içkilərə meyil həmişə güclü olub. Hətta dünya ədəbiyyatının bir çox tanınmış nümayəndələri spirtli içkilər səbəbindən həyatla vidalaşıblar.
Bu mənfi tendensiya Azərbaycanda da müşahidə olunur. Müasir yazarlarımız da spirtli içkilərə meyillidirlər. Bunu onların sosial şəbəkə paylaşımlarından da görmək mümkündür.
Maraqlıdır, insanlar içməyəndə yaza bilmirlər?
Bu vərdişdir, yoxsa içki insanın yaradıcı imkanlarını genişləndirir?
Tanınmış yazıçı Şərif Ağayar Yenisabah.az-a açıqlamasında yaradıcı adamın təsəlli üçün axtardığı ən əlçatan vərdişin içki olduğunu söyləyib:
“Yaradıcı insanlarda meqapixel güclü olur. Adi insanlar predmet və hadisələri 2 meqapixeldə görürsə, yaradıcı insan 3, 4, 5 və daha artıq görür. Ona görə, təsirlənir. Bunu üstünlük kimi qeyd etmirəm, sadəcə, yaradıcılığın təbiətini izah etməyə çalışıram. Predmet və hadisələrdən adi insana nisbətən qat-qat artıq təsirlənən yaradıcı şəxs üçün iki çıxış yolu qalır. Bu ağrıları yaradıcılıqla ifadə etmək və təsəlli tapmağı bacarmaq, ya da təsəllini başqa vərdişlərdə axtarmaq. O vərdişlərdən biri və ən əlçatanı içkidir. Böyük ağrıların və zəhmətlərin məhsulu olan ciddi yaradıcılıq insandan güclü iradə tələb edir”.
Yazarın sözlərinə görə, güclü istedad iradə və xarakterlə üst-üstə düşməyəndə insan bədbəxt olur:
“Təskinliyi, hətta xoşbəxtliyi yazıb-yaratmaqda tapacaq qədər güclü və hazırlıqlı olmaq lazımdır. Bu mərhələyə çatan adam mütləq şəkildə uğur qazanır. Söylədiyim xüsusiyyətlər bütün dünyada keçərlidir. Azərbaycanda isə vəziyyət ikiqat, üçqat ağırdır. Hər addımbaşı nadanlıq və heyvərəliklə üzləşirsən”.
Şərif Ağayarın fikrincə, yazıçının Azərbaycanda yaşaması məşəqqətdir:
“Yaradıcılıq üçün normal mühit yoxdur. Ciddi bir yazıçının Azərbaycanda yaşaması məşəqqətdir. Nə edəsən? Demək, biz daha güclü və iradəli olmalıyıq. Başqa şansımız yoxdur.
İçki içmək olar, təhlükə içkiyə çıxış yolu kimi baxmaqdır. Yaradıcı insan sağlamlığını və ləyaqətini mütləq qorumalıdır. Əslində, bunların hər ikisi sağlamlıqdır. Biri mənəvi, o biri fizioloji. Sağlam olmayan adam uğur qazana bilməz. İstisnalar bizi aldatmasın”.
Nəzrin Vahid