“Məktəbli forması ilə bağlı satış getsə də, kütləvi deyil”
Bu sözləri Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov yeni dərs ilinin mərhələli şəkildə başlaması il əlaqədar satış mərkəzlərinə olunan müraciətlərdən danışarkən belə deyib.
Onun sözlərinə görə istənilən sayda məktəbli forması istehsal etmək gücündədirlər:
“Qardaş Türkiyədən lazım olan parça və digər köməkçi materiallar lazımi qədər alınıb. Özümüz tikdiyimiz üçün heç bir problemimiz yoxdur. Ehtiyac yarandığı təqdirdə biçim edib, sexdə tikirik. Satış üçün kütləvi axın yoxdur.
Bilmirəm, yəqin sonuncu günü gözləyirlər. Yaxud elələri var ki, ötən il alıblar və onları istifadə edəcəklər, çünki keçən il alınanlar dərslərin olmadığına görə, istifadəsiz qalıb axı”.
BTE-nin rəsmisi məktəbli formalarının qiymətində heç bir dəyişiklik olmadığını xatırladıb:“2017-ci ildə olan qiymətlərlə satış edirik. Formalar bütün satış mərkəzlərimizdə var.
Bundan əlavə metronun “Koroğlu”, “20 Yanvar” və “Həzi Aslanov” çıxışlarındakı “Bravo” marketlər şəbəkələrinə də məktəbli formaları vermişik. Bütün model və ölçülərdə geyimlərimiz var”.
Qeyd edk ki, 2021-2022-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Layihə hələki təsdiqlənmədiyi üçün məktəblilərin geyim formaları bu ilki tədris ilində də dəyişməyəcək.(bizim.media)