Politoloq: “Paşinyan açıq şəkildə bildirir ki, Rusiya onu devirməyə çalışır”
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana səfəri çərçivəsində Tiflisin Qəhrəmanlar meydanında 2008-ci ildə Rusiya ilə müharibədə həlak olanların şərəfinə qoyulmuş abidəni ziyarət edib. Qeyd edək ki, Paşinyanın arvadı Anna Akopyan da Rusiyanın əleyhinə kəskin açıqlamalar verib.
Ermənistan Baş nazirinin və həyat yoldaşının Rəsmi Moskvanı qıcıqlandıran bu addımları nədən qaynaqlanır? Baş verənlər Rusiya-Ermənistan münasibətlərində hər hansı gərginliyə səbəb ola bilərmi?
Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadə AYNA-ya açıqlamasında bildirib ki, Paşinyan eyni vaxtda “iki stulda oturmaq” istəyir: “Hər kəsə məlumdur ki, Paşinyan Qərbə bağlı siyasətçidir. Onu hakimiyyətə “Soros komandası” gətirib. Məxməri inqilab nəticəsində iqtidara yiyələnən Paşinyanın missiyası Ermənistanı mümkün qədər Rusiyadan uzaqlaşdırmaqdır. Həmişə bu siyasəti yürüdüb. Bu gün də həmin siyasətini davam etdirir. Lakin bir məsələ var ki, Ermənistan uzun müddət Rusiyanın forpostu olub. Onun Cənubi Qafqazda dövlət kimi mövcudluğu Moskvanın sayəsində mümkün olub. Bu gün də Rusiyanın Ermənistanda böyük təsir imkanları qalır. Bu mənada Paşinyan ikibaşlı siyasət yürüdə, siyasi manevrlər edə bilməyəcək”.
Deputatın sözlərinə görə, Paşinyan xaricdən aldığı təlimatları yerinə yetirir: “O, dünyaya mesaj verir ki, artıq Rusiya bizim dostumuz deyil. Digər yandan isə Rusiyadan dəstək istəyir. Baş verənlər Rusiya üçün də örnək olmalıdır. Nəhayət, Moskva başa düşməlidir ki, ermənilərə inanmaq, onlara etibar etmək olmaz. Bu toplum yalançıdır, etibarsızdır. Cənubi Qafqazda söz sahibi Azərbaycandır. Ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Ermənistan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən keçir. Əks halda bu dövlət heç zaman müstəqil siyasət yürüdə bilməyəcək. Gah Rusiyanın, gah da Qərbin forpostu olaraq qalacaq”.
Mirzəzadə əlavə edib ki, Rusiyanın Ermənistana cavab tədbirləri olacaq: “Bu necə və hansı formada həyata keçiriləcək, bu barədə qəti söz demək mümkün deyil. Görünən odur ki, Paşinyan və komandası bundan sonra da qərbyönümlü siyasət yürüdəcək”, – deputat vurğulayıb.
Politoloq Turab Rzayev AYNA-ya şərhində deyib ki, Paşinyanın Tiflisdə Rusiya ilə müharibədə həlak olanların xatirtəsini yad etməsi gözlənilən idi: “Paşinyanın gözlənilməz addımlar atması və ziddiyətli davranışları dəfələrlə baş verib və təəccüblü məqam yoxdur. Burada əsas məqam Paşinyanın Rusiya ilə bağlı gözləntilərinin puça çıxması ilə bağlıdır. O düşünür ki, Rusiya ona zəruri dəstəyi verməyib. Eyni zamanda Azərbaycana lazımi təzyiqləri göstərməyib. Bunun nəticəsində böyük uğursuzluğa, məğlubiyyətə düçar olub. Bundan başqa Moskva Ermənistanda keçirilən son seçkilərdə Paşinyana rəqib olan qüvvələrə dəstək verdi. Faktiki olaraq Paşinyan idarəçilikdə böyük çətinliklərə uğrayır və rotasiyalar etməyə məcbur olur. Vəzifədən azad edilən məmurlar da ona qarşı çıxırlar. Digər yandan hər kəsə məlumdur ki, Paşinyan Fransaya və “Soros xətti”nə yaxındır”.
Politoloqun bildirdiyinə görə, Paşinyan son addımları ilə Qərbdən açıq dəstək umur: “Açıq şəkildə bildirir ki, Rusiya onu devirməyə çalışır. Çıxış yolu olaraq Qərbə mesajlar ötürür. Qərbdən onun lehinə açıqlamalar verməsini, siyasi dəstək göstərilməsini, hökumətə maddi yardımlar ayrılmasını tələb edir. Həyat yoldaşının açıqlaması da bu məqsədə xidmət edir. Eyni zamanda Paşinyanın ailəsi Ermənistanda biznes sahələrini nəzarətə almağa çalışır. Rusmeylli qüvvələr bu məsələdə də ona mane olurlar. Ortada şəxsi iqtisadi maraqlar da var. Düşünmürəm ki, Paşinyanın Tiflisdə Rusiya ilə müharibədə həlak olmuş şəxslərin xatirəsini yad etməsi və həyat yoldaşının Moskva əleyhinə bəyanatları ciddi gərginliyə yol açsın. Onsuz da Rusiya mümkün qədər Paşinyanı sıxışdırır və bu siyasət bundan sonra da davam edəcək”.
Rzayev qeyd edib ki, Rusiya Ermənistanın sərhədlərini qoruyur: “Həm Azərbaycan, İran, həm də Türkiyə ilə sərhələri ruslar tərəfindən qorunur. Bu gün Ermənistanda Rusiyanın iki hərbi kontingenti var. Paşinyan hər nə qədər Qərbə meyllənsə də, Rusiya əleyhinə hansı addımları atsa da, ölkəsini Moskva ilə əməkdaşlıqdan yayındıra bilməyəcək. Yəqin ki, qısa müddət sonra geri addım atacaq və yumşaldıcı bəyanatlar verəcək. Eyni zamanda Rusiyanın strateji maraqlarına toxuna bilməyəcək. Gürcüstanda olduğu kimi, üzdə demokratik idarəçiliyi təmin etdiyi görüntüsünü yaratsa da, reallıqda Kremlin strateji maraqlarını icra etməklə məşğul olacaq”, – ekspert fikrini yekunlaşdırıb.
Müəllif: Azər Niftiyev