Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

38 yaşında marşal olmasına 5 gün qalırdı – Ordu generalı Çernyaxovskinin maşını mərmi ilə vurulub


O, sovet ordusunda ən gənc ordu generalı olub. 1942-ci ildə, 35 yaşında general-mayor rütbəsi alan İvan Çernyaxovski iki ildən sonra, 1944-cü ildə, 37 yaşında ordu generalı rütbəsini daşıyıb. 1945-ci ilin fevralın 23-də isə Kremldə şəxsən İosif Stalinin generala marşal rütbəsi təqdim etməyi planlaşdırılıb. Amma planlaşdırılan bu mərasimdən 5 gün əvvəl, fevralın 18-də Çernyaxovskinin müəmmalı şəkildə həlak olması onun həyatına və hərbi karyerasına son qoyub.

İvan Çernyaxovski 1907-ci ildə Kiyev yaxınlığındakı Uman şəhərində anadan olub. 12 yaşında hər iki valideynini itirən Çernyaxovski yeniyetməlik yaşlarından əmək fəaliyyətinə başlayıb, təssərrüfatlarda çobanlıq edib, zavodda fəhlə işləyib, usta köməkçisi işləyib.

İvan Çernyaxovski uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb. Bütün çətinliklərə baxmayaraq, o, hərbi məktəbə qəbul olunmaq üçün imtahanlara hazırlaşmağa da vaxt tapıb və Kiyevdə artilleriya məktəbinə qəbul olunub. Məktəbi fərqlənmə diplomu ilə bitirən Çernyaxovski xidmətinə bölük komandiri kimi Ukraynanın Vinnitsa şəhərində başlayıb.
1363406862_tmp389b-57.jpg (120 KB)
Təhsilini Moskvada hərbi akademiyada davam etdirən Çernyaxovski 1936-cı ildə Ukrayna hərbi dairəsində tank batalyonu qərargahının rəisi təyin olunub. Daha sonra isə Baltikyanı və Belarusiya hərbi dairələrində tank diviziyası komandiri vəzifələrində xidmət edib.

İvan Çernyaxovski sovet-alman müharibəsi illərində ən ağır cəbhələrdən keçib. O, Kursk döyüşlərində, Ukraynanın, Belarusiyanın, Baltikyanı respublikaların işğaldan azad olunmasında uğurlu hərbi əməliyyatlara imza atıb.

Generalın başçılıq etdiyi hərbi əməliyyatlar Dövlət Müdafiə Komitəsində müzakirəyə çıxarılıb və yüksək qiymətləndirilib. Müharibənin 4 ilində, 1941-1944-cü illərdə 60-cı ordunun və Belarusiya cəbhəsinin komandanı olduğu dövrdə İvan Çernyaxovski 2 dədə Sovet İttifaqı Qəhrəmanı, bir dəfə “Lenin”, 4 dəfə “Qırmızı Bayraq”, 2 dəfə “Suvorov”, 1 dəfə “Kutuzov” ordeni ilə təltif olunub.
1401307171_m.i.kalinin-vruchaet-nagradu-i.d.chernyahovskomu.jpg (105 KB)
İvan Çernyaxovski hərbçilərlə yanaşı Kreml məmurları arasında da böyük nüfuza sahib olub. Xalqın sevgisini qazanan general peşəkarlığı və bacarığı ilə yanaşı, həm də xeyirxah, səmimi, sadə bir insan kimi tanınıb.

18 fevral 1945-ci ildə Polşanın Melzak şəhəri yaxınlığında arxa cəbhədə olan hərbi hissələrdə döyüş hazırlığı keçən şəxsi heyətlə görüşə gedəndə İvan Çernyaxovski xidməti avtomobilinə atılan artilleriya mərmisindən həlak olub. Mərmi avtomobilə arxa cəbhədən, alman qoşunlarından təmizlənmiş ərazidən atılıb. Bu müəmmalı ölüm əsaslı və əsassız versiyaların ortaya çıxmasına səbəb olub.

Birinci versiyaya görə, Çernyxovski polyaklar tərəfindən, qisas məqsədilə öldürülüb.

İkinci versiyada generalın Stalin tərəfindən öldürülməsi fikirləri səsləndirilib. Belə ki, guya Stalin Çernyaxovskinin böyük nüfuz sahibi olamsını həzm edə bilməyib.
Ümumiyyətlə isə, Stalinin öz sərkərdələrinə qarşı amansız olmağı da bir faktdır.
Velikaya-Otechestvennaya-vojna.jpeg (74 KB)
Digər versiyaya görə, Çernyaxovski tabeliyində olan almanlara satılmış zabitlərin qurbanı olub.
İvan Çernyaxovski onun alman işğalından azad etdiyi Vilnüs şəhərində dəfn edilib. Dəfn mərasimi böyük izdihamla keçib. Stalinin göstərişi ilə generalın dəfn günü Moskvada, Qırmızı meydanda Çernyaxovskinin şərəfinə 124 artilleriya qurğusundan havaya atəş açılıb.
Stalinin imzaladığı nekroloqda aşağıdakı çümlə də əks olunub:

“Dövlətimiz İvan Çernyaxovskinin simasında ən böyük sərkərdələrindən birini itirdi...”
Smert-CHernyahovskogo.jpeg (94 KB)
Bu ifadə Stalin tərəfindən yalnız iki dəfə işlədilib, general Vatutin və general Çernyaxovski haqqında.
Çernyaxovskinin həlak olması ilə bağlı Stalin saysız-hesabsız məktublar alıb. Uinston Çörçill həmkarına göndərdiyi məktubda Çernyaxovskinin xidmətlərini yüksək qiymətləndirib:

“Son dərəcə peşəkar hərbçi olan İvan Çernyxovskinin faciəli şəkildə həlak olması bizi çox sarsıtdı, Böyük Britaniya hökuməti və ordusu İvan Çernyxovskinin II dünya müharibəsindəki xidmətlərini heç vaxt unutmayacaq...”
Pohorony-CHernyahovskogo.jpeg (105 KB)
SSRİ süquta uğradıqdan sonra, 1992-ci ildə Litva hökuməti İvan Çernyaxovskinin nəşinin bu ölkədən çıxarılması məsələsini qaldırıb. Generalın Litvanın alman işqalçılarından azad etməsini nəzərə almayan Litva rəsmiləri onun qəbrini “kommunist qalığı” kimi qiymətləndirərək Rusiya qarşısında məsələni rəsmi şəkildə qaldırıblar. Beləliklə, 1992-ci ildə Rusiya hökuməti və generalın qohumları İvan Çernyaxovskinin nəşini Vilnüsdən Moskvaya gətiriblər, Novodeviçye qəbirstanlığında dəfn ediblər.

Qeyd edək ki, 7 iyul 1944-cü ildə “Baqration” əməliyyatı zamanı xüsusi igidlik göstərən Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adının verilmsi üçün Kremlə təqdimatı həmin vaxt Belarusiya cəbhəsinin komandanı olan İvan Çernyaxovski göndərib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10